Bakıda restoranda kriminal aləm üzvləri arasındakı atışma ilə bağlı YENİ XƏBƏR
    • 2-11-2019, 10:53
    • 1 347

Bakıda restoranda kriminal aləm üzvləri arasındakı atışma ilə bağlı YENİ XƏBƏR

3 il əvvəl Bakı şəhər Səbail rayonu ərazisindəki restoranlardan birində baş verən atışma ilə bağlı tutulanlardan biri Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29. 120.1-ci, yəni qəsdən adam öldürməyə cəhd göstərmə maddəsi ilə ittiham edilərək Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən məhkum edilən Qaranizadə Tofiq Vəzir oğlu Ali Məhkəmədən barəsindəki işə yenidən baxlmasını və barəsindəki hökmün dəyişdirilməsini xahiş edib.

Müraciətə hakim Fərhad Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Samir Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev və digər şəxslər tutulublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov 10 il, Fuad Əsgərov 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 4 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının apellyasiya protesti təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilərək təqsirləndirilən Samir Allahyarovun cəzası 10 ildən 15 ilə, Fuad Əsgərovun cəzası 8 ildən 10 ilə və Süleyman Abdullayevin cəzası 4 ildən 7 ilədək artırılıb.