Fuad Poladovun qılıncladığı gənc aktyor, Rasim Balayevin Şəfiqə Məmmədovanı yaralaması, debüt filmində həlak olan rejissor — ARAŞDIRMA
    • 27-08-2018, 13:58
    • 2 623

Fuad Poladovun qılıncladığı gənc aktyor, Rasim Balayevin Şəfiqə Məmmədovanı yaralaması, debüt filmində həlak olan rejissor — ARAŞDIRMA

Bəzi aktyorlar deyirlər ki, filmlərin kadrarxası filmin özündən daha maraqlı olur. Əslində, bu fikirdə yetərincə böyük həqiqət var.
“Ölkə.Az” bu gün oxuculara Azərbaycan filmlərinin kadrarxasında baş verən gizli məqamları çatdıracaq.
Məsələn, təsəvvür edin ki, Babək filmin fasiləsində limonad içir, çəkilişdə yaranmış fasilədən istifadə edən Nəsibə Zeynalova Afəti oynayan aktrisayla şirin-şirin söhbətləşir, hələ bir imkan edib uşaqları soruşur. Qəribə görünür, deyilmi? 
Ancaq filmlərin kadrarxası təkcə şirin-şirin danışmaqdan, dərdləşməkdən ibarət deyil. Ağır zədələr, qorxulu tryuklar, hətta həyatını itirmək bahasına başa gələn kadrlar da filmlərin bir hissəsidir. Əslində, miqyas fərqi olsa da, oxşar hadisələr tamaşalar zamanı da baş verir. 
Fuad Poladov aktyoru şikəst edə bilərmiş

Fuad Poladov
Məsələn, 2002-ci ildə "Hamlet" tamaşasının premyerası zamanı baş verən hadisə əməkdar artist Elşən Rüstəmovu ömürlük səhnədən uzaq sala bilərmiş.  Belə ki, Laerti oynayan gənc aktyor xalq artisti Fuad Poladovla (Hamlet) döyüş zamanı sənətkarın qılıncına tuş gəlir. Elşən Rüstəmov həmin anı belə xatırlayır:
"2002-ci ildə "Hamlet" tamaşasında Fuad Poladovla döyüş səhnəmiz var idi. Mən Laerti, o isə Hamleti oynayırdı. Məşqi  rapiralarla etdik, amma gördük ki, qılınclar əyilir. Tamaşanın premyerasına bir gün qalmış məcbur olub, həmin səhnəni kinostudiyadan gətirilmiş, təxminən on kiloqram çəkisi olan qılınclarla məşq etdik. Axşam elədiyimiz məşqdə qurduğumuz döyüşü bir az dəyişdik. Ağır olduğundan belə qərara gəldik ki, qılıncı iki əllə tutaq. Tamaşa zamanı elə alındı ki, Fuad müəllim zərbə endirdi, mən müdafiə oluna bilmədim və ayağım zədələndi. Təxminən iyirmi gün axsadım. Təzimə çıxanda hiss elədim ki, ayağımda bərk ağrılar var".

Elşən Rüstəmov
Əməkdar artist bildirir ki, tamaşa zamanı hətta Fuad Poladovun baxışları onu qorxudub:
"Sonra həmin tamaşanı yenidən oynadıq. Orada Laertin zəhərli qılıncının ucu arxadan Hamletin qolunu sıyırır və Hamlet bundan qəzəblənir. Həmin səhnədə Fuad müəllim necə baxırdısa, doğrudan da qorxurdum". 

Tariyel Qasımov bir neçə insanın qatili ola bilərmiş

Tariyel Qasımov
 Xalq artisti Tariyel Qasımov isə "Tacikfilm" kinostudiyasında məşhur rejissor Boris Kimyagərovun Firdovsinin "Şahnamə"si əsasında lentə aldığı "Rüstəm və Söhrab” üçseriyalı bədii filminin çəkilişləri zamanı cəmi otuz yaşında həyatını itirə bilərmiş. Özü də məhz öz səhvinin ucbatından. 1969-cu ildə çəkilən filmdə sərkərdələrdən birini oynayan gənc aktyor görür ki, onun paltarını başqa bir adam geyinib. İkinci rejissordan bunun səbəbini soruşanda məlum olur ki, həmin şəxs T.Qasımovun atlə çəkiləcəyi səhnələr üçün Kimyagərov tərəfindən dəvət edilmiş dublyor-kaskadyordu. T.Qasımov bildirir ki, özü at sürə bilər:
"İkinci rejissor dedi ki, get, özün bu barədə Kimyagərova de. Rejissora yaxınlaşıb dedim ki, atam kolxoz sədri olub, at da görmüşəm, kənd həyatı da, özüm də yaxşı at sürə bilirəm. Dedi ki, Tariyel, sən atdan yıxılsan, çəkilişlər dayana bilər. Dedim ki, sonra mən özümü ekranda görəndə utanacağam. Uzun söhbətdən sonra razılaşdı ki, əvvəlcə döyüş geyimi olmadan atı sür, baxım. Hər sərkərdə üçün Rostovdan xüsusi atlar gətirilmişdi. Atı xeyli çapandan sonra dedi ki, indi sərkərdə paltarını geyin, geyindim. Atı çapıram, operator da maşının içində mənimlə paralel gedir. Birinci dubl yaxşı alındı, rejissor dedi ki, ehtiyat üçün birini də çəkək. İkinci dəfə də uğurla alındı. Nədənsə birdən qayıtdı ki, üçüncünü də çəkək, bəsdir. Rejissorun göstərişinə əsasən işarə qoyulmuş yerdə atın üzəngisini dartıram, at şaxə qalxır və məni yerə atır. İki dəfə yaxşı alınıb. Üçüncü dəfə mən yıxılanda ayağım üzəngiyə ilişdi, qolumun üstünə yıxıldım, özümdən getdim, sonradan bildim ki, qolum çıxıb. Əgər başım bir az da yerə bərk dəysəydi, həyatımı itirə bilərdim. İndi də bir az soyuq olanda sağ qolum ağrıyır".
Tariyel Qasımov "Köşk" filminin çəkilişləri zamanı isə təkcə özünün deyil, daha bir neçə nəfərin ölümünə səbəb ola bilərmiş. Sənətkarın dediyinə görə, çəkiliş zamanı sürdüyü traktoru son anda dayandırmasaydı, ən azı bir neçə nəfər insan həyatını itirəcəkmiş:
"İki il öncə Göygöldə "Azərbaycanfilm" kinostudiyasının "Köşk" adlı filminə çəkilirdik. Qarabağda gedən döyüşlərlə bağlı epizodların birində traktor sürürəm. Orada dostumu ermənilər öldürür və traktorla onun oğlunun köşkünü Qarabağdan Bakıya gətirirəm. Traktoru sürəndə ermənilər mərmilər yağdırırlar, biri sağa, biri sola düşür. Traktoru da bərk sürməliyəm. Kadr çəkildi və traktoru dayandırmaq istəyəndə gördüm ki, dayandıra bilmirəm. Ön tərəfdən yol polisləri yolu bağlayıblar ki, maşınlar çəkilişə mane olmasın, yan tərəfdən operator çəkir, digər tərəfdə çəkiliş heyəti var. İndi istəyirəm ki, traktoru sağ tərəfdəki təpəyə sürüm, ora dirənib dayansın. Ətrafda da kinostudiyanın işçiləridir. Məndən sol tərəfdə isə böyük arx var, sola döndərsəm arxa düşəcəyəm. Ətrafdakılar nə baş verdiyini anlamırlar, amma traktorçu rejissora sonradan deyib ki, əyləc yaxşı işləmir. Birdən sağ tərəfimdəki uzun dəmiri özümə tərəf çəkdim, traktor dayandı. İndi də yadıma düşəndə məni tər basır. Çünki orada çox adam həyatını itirə bilərdi".

Debüt filmində həlak olan rejissor

Ramiz Əsgərov
Təsəvvür edirsinizmi, rejissor Ramiz Əsgərov demək olar ki, debüt filmində partlayış nəticəsində həyatını itirib. Bu hadisə 1967-ci ildə "Mən ki gözəl deyildim" filminin çəkilişi zamana nəzərdə tutulmuş partlayış epizodunda baş verib.  Partlayış zamanı otuz yaşlı rejissorla yanaşı, iki operator və bir nəfər texniki işçi həlak olub. Sonradan filmi Tofiq Tağızadə və Ağarza Quliyev tamamlayıblar. Deyilənlərə görə, partlayışın baş verəcəyi yerdən çəkiliş heyətinin dayandığı məsafə düzgün hesablanmadığına görə bu hadisə baş verib. 

Rasim Balayev Şəfiqə Məmmədovanı ağır yaralayıbmış


Xalq artisti Rasim Balayev də film çəkilişləri zamanı dəfələrlə xəsarət alıbmış: 
""Babək", "Dədə Qorqud" filminin məşqləri zamanı dəfələrlə atdan yıxılmışam. Cavan idim deyə, bir az ağrıyırdım, yenidən qalxıb məşq edirdim. İndi həmin çəkilişlərin altını çəkirəm, belimdə yırtıq var. Həkim bir dəfə məndən soruşdu ki, avtoqəzaya düşməmisən ki? Dedim, avtoqəzaya düşməmişəm, amma dəfələrlə atdan yıxılmışam.Bildirdi ki, elə ona görə belində yırtıq əmələ gəlib".
Rasim Balayev özüylə bağlı hadisələrə keçməzdən öncə özbək aktyor dostu Ato Muxammedcanov barədə danışır:
"Bir özbək aktyor dostum var idi-Ato Muxammedcanov. Onunla birlikdə özbək filmində çəkilmişəm, Özbəkistanın xalq artistiydi. Düşənbədə də bir neçə tamaşasına baxmışdım, qüdrətli aktyor idi. O da film çəkilişi zamanı atdan yıxılıb, ayağı qalıb üzəngidə, at sürüyüb, başı daşa dəyib ölmüşdü".

Ato Muxammedcanov
Sən demə sənətkar "Dədə Qorqud" filminin çəkilişləri zamanı məşhur aktrisa Şəfiqə Məmmədovanın qolunu ağır yaralayıbmış:

""Dədə Qorqud" filmində Yalıncığa deyirəm ki, ay donuz oğlu donuz, adam da belə ox atar? Bax, həmin epizodun çəkilişi zamanı komanda kənardan baxır, Şəfiqə Məmmədova da qıraqda durub. Mən oxu atanda-oxun da ucunda dəmir var-getdi Şəfiqə Məmmədovanın qoluna dəydi, qan apardı. Mənə deyir ki, sən qəsdən elədin. Deyirəm ki, ay qız, mən oxu bu tərəfə atırdım, səni niyə vurum ki? Həkimə apardılar, sonra qan kəsdi. Çox qəribə oldu e, mən oxu düz atırdım, yan tərəfə süzdü. Amma elə çəkiliş meydançasındaca barışdıq, küsülü qalmadı".

Əfsanəvi aktyor 4500 metr hündürlükdə çəkildiyi film zamanı da çətin vəziyyətlə üzləşib:

"1979-cu ildə "Əgər yer kürəsi dairəvi olmasaydı" adlı alman filminə çəkilirdim. Çəkiliş üçün bizi Düşənbədən Pamir dağına apardılar. Yay geyimində vertolyota mindik, ikinci reysdə isə əşyaları, rekvizitləri gətirəcəkdi. Dağın təxminən 4500 metr hündürlükdə olan hissəsində çəkiliş meydanı qurulub. Vertolyotdan düşəndə gördüm ki, günəş çıxsa da, ətrafda ötən ildən qalan xarlamış, qurdlamış qar var. Gördüm ki, titrədirəm. Düşənbədən 45 dərəcə istidən gələn adam, başladım dağda bərk üşüməyə. Düşündüm ki, ora-bura qaçsam, heç olmasa donmaram. Qəfil huşumu itirib yıxılmışam, həkimlər ayıldıblar. Sonradan başa saldılar ki, burada alpinistlər addım-addım yeriyir, oksigen çatışmazlığı var.Bu faktı ilk dəfə danışıram".


Şirlə döyüşən Rasim Balayev


Rasim Balayev "Dədə Qorqud" filminin məşhur epizodlarından olan şirlə döyüş səhnəsinin isə daha həyəcanlı olduğunu deyir. Sənətkar bildirir ki, həmin şir sonradan onu saxlayan ailənin üzvlərini parçalayıbmış:  
""Dədə Qorqud" filmində şirlə döyüş səhnəm də çox çətin alındı. Məni inandırdılar ki, bu şir evdə yaşayır, sənə toxunmaz. Berberov soyadlı yəhudinin şiri idi. Şirə xüsusi maşın ayrılmışdı, Keşlədəki ət kombinatından gündəlik ət göndərilirdi. Kinostudiyanın həyətində dekorasiya quraşdılmışdı. Mən çəkiliş meydançasına girirəm, dalımca da şir gəlir. İndiki ağlım olsa, elə çəkilişə getmərəm. Rejissor deyir ki, sən onu hirsləndir, tullansın üstünə. Gah dedilər ki, guya şirin ayağını nazik polad məftillə bağlamışıq. Sən demə, hamısı yalan söhbət imiş. Şirin mənə diqqətlə və qəzəbli baxmağından qorxdum. Düzdür, orada bir neçə səhnəni Berberovla çəkildi. Ancaq üzbəüz səhnələri özüm çəkilmişəm. Həmin səhnələrdə rejissorun tapşırığıyla şiri hirsləndirirdim, sonra sahibi onu sakitləşdirirdi. Sonra bir yerdə oxudum ki, hansısa aktyoru şirlə çəkmək istəyirmişlər, o da etiraz edirmiş. Aktyora deyiblər ki, qorxma, bu şir südlə böyüyüb. Aktyor da cavab verib ki, mən də südlə böyümüşəm, amma əti məmnuniyyətlə yeyirəm, o ki qaldı şir ola. Sonradan həmin şir ailəni məhv elədi, uşağı parçaladı. Həmin şir Ryazanovun çəkdiyi "İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri" adlı filmə də çəkilmişdi. Berberov öləndən sonra şir vəhşiləşdi, uşağının başını qopardı, arvadını yaraladı. Qonşular xəbər verəndən sonra milislər gəlib öldürmüşdülər".

"Əhməd haradadır?" filmi olmaya bilərmiş 



1963-cü ildə çəkilən "Əhməd haradadır?" filmi isə baş rol ifaçılarından olan gürcü aktrisa Nona Paçuaşvili  (Ceyran) faciəylə nəticələnir. Hətta aktrisanın yaşadığı faciədən sonra filmin çəkilişləri 6-7 ay təxirə salınır. Həmin filmdə şofer Əhməd rolunu oynayan əməkdar artist, aktyor-rejissor Elxan Qasımov deyir ki, gürcü aktrisa və həyat yoldaşı "İnturist" mehmanxanasında yerləşdiriliblərmiş:
"Filmin əksər epizodları çəkildi. Final epizoduna az qalmış "İnturist"də Nonanın həyat yoldaşı maqnitafonu düzəltmək istəyərkən, "tok" vurub öldürdü. Həmin vaxt Nona hamilə idi. Təxminən 6-7 ay Nona Bakıya gələ bilmədi və çəkilişlər təxirə salındı. Çünki ağır stress keçirmişdi. Nəhayət, bir neçə aydan sonra onu çəkilməyə razı salmaq mümkün oldu. Fikir verirsinizsə, Yaşıl teatrda çəkilən kadrlarda Ceyran uzaqdan görünür. Çünki həmin vaxt o, səkkiz aylıq hamiləydi".