Demet Özdemir Bakıda:
    • 16-11-2019, 17:03
    • 3 432

Demet Özdemir Bakıda: "İçərişəhərdə düşbərə, dolma, paxlava yedim, kökəlməkdən qorxuram"

Türkiyənin məşhur aktrisası Demet Özdemir Bakıdadır.

News24.az xəbər verir ki, onun ölkəmizə gəlmə səbəbi "Altın Kelebek" in builki siması seçilməsidir. Aktrisa bununla bağlı mətbuat konfransında iştirak edib.
Demet Özdemir, ilk növbədə, ölkəmiz haqda fikirlərini bölüşüb: "Azərbaycana ikinci gəlişimdir. İlk dəfə 10 il öncə gəlmişdim. Bakı çox dəyişib, gözəlləşib. Heyran qaldım. Ötən gün İçərişəhərdə gəzdim. Düşbərə, dolma, paxlava yedim. Kökələcəyimə görə çox qorxuram. Bir həftə burada qalsam, həddən artıq çox kilo alaram. Azərbaycanı çox sevirəm. Burada isti münasibət gördüm. Bu qədər sevgi, diqqət görəcəyimi düşünmürdüm”.

Aktrisa Azərbaycan mahnılarını sevərək dinlədiyini bildirsə də, müğənnilərin adını xatırlamadığını deyib. Lakin Azərbaycandan iş təklifi gəlsə, sevə-sevə orada yer alacağını bildirib. O qeyd edib ki, boş vaxtlarında musiqi dinləyir, kitab oxuyur və kinoya baxır.

Demet Özdemir "Altın Kelebek" mükafatlandırılma mərasiminin siması seçilməsi barədə danışıb: "Bu yolda "Pantene" ilə getmək olduqca həyəcanlı və əyləncəlidir. Sözügedən marka kifayət qədər tanındığına görə heç bir problem yaşamadım. Çox rahatam. Düzdür, çox çətin iş qrafikim var, amma yenə də özümü çox xoşbəxt hiss edirəm".

Aktrisa ağır iş qrafikinin olduğunu xüsusi vurğulayıb: "Gündə 20-25 səhifə ssenari çəkirik. Çalışıram ki, enerjimi və əhval-ruhiyyəmi daim yüksək tutum. 7 ildir aktrisayam. İşimin sirri təbii olmağımdır. Ancaq o zaman daha da irəliyə getmək mümkün olur. Mütləq şəkildə hər səhər güzgüyə baxanda saçlarımı güclü və gözəl görməliyəm. Şüarımız "Gün mənim günümdür" mən də çalışıram ki, buna hər gün əməl edim. Hər gün mənim üçün özəldir. Səhərlər tez oyanıram və ilk olaraq saçlarıma qulluq edirəm".

Türkiyəli qonaq mətbuat konfransında gözlənilməz açıqlama verib: "Qadının gözəlliyini heç nə kölgələyə bilməz. Qadın ancaq öz-özünü çirkin göstərə bilər. Ümumiyyətlə, bu ifadə mənim üçün çox önəmlidir. Əgər qadın öz enerjisini düşürsə, çox sönük görünə bilər. Formada qalmaq üçün çox iş görmürəm. Fürsət tapdıqca rəqs edib, idmanla məşğul oluram. Xoşbəxt olanda formada oluram".

Aktrisa bildirib ki, ona uğur gətirən layihə məhz "Sana bir sır vericem" serialıdır: "Hər zaman özümə güvənirdim, amma inanmırdım ki, bu qədər uğurlu aktrisa olacağam. Xəyal elədiyim yerimdəyəm. Buna görə çox xoşbəxtəm".

Demet aktyor Can Yamanla sevgili olması barədə yayılan dedi-qodulara isə münasibət bildirməkdən boyun qaçırıb.

Aktrisa, eyni zamanda, Azərbaycan xanımlarının gözəlliyindən danışıb: "Hər biriniz çox gözəl, güclü, özgüvənli və baxımlısınız".

Türkiyəli qonaq ona gələn tənqidlərdən danışıb: "Sosial mədiada mənə mənfi rəylər yazırlar, amma bir qadın olaraq təbii ki, onları oxuyanda üzülürəm".

Qeyd edək ki, Demet Özdemir “Erkenci kuş” serialında canlandırdığı Sanem obrazı ilə Azərbaycanda məşhurlaşıb.


Sevda Bayramova
FOTO: Fərid Şabanov