Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədovun bu yaxınlarda Baş nazir kürsüsünə gətirilməsi, ardınca Əli Həsənovun Baş nazirin müavini postundan təqaüdə göndərilməsi, sonra Əli Kərimlinin icazəsiz mitinq keçirərək, həbs olunması, lap bu günlərdə Əli İnsanovun müxalifət liderlərinin dəyirmi masasına qatılması... Son vaxtların ən səs-küylü siyasi hadisələrində Əli adları diqqət çəkir...
News24.az  Modern.az saytına istinadən verdiyi məlumata görə,  yazıda onları xatırlatmağa çalşışacaq. Beləliklə, Azərbaycan siyasətinin Əlilərini xatırladaq...

Siyasətdəki Əlilərdən 2-si Nazirlər Kabinetinin rəhbərliyindədir – Əsədov və Əhmədov... Bu yaxınlaradək Nazirlər Kabinetinin rəhbərliyində daha bir Əli vardı - Həsənov...
Başlayaq elə 63 yaşlı Baş nazir Əli Əsədovdan...
2019-cu il oktyabrın 8-də Azərbaycan Respublikasının Baş naziri kürsüsünə irəli çəkilib. Onun bu təyinatı hamı üçün gözlənilməz oldu. Çünki ona qədər Baş nazir postunu tutan Novruz Məmmədov bu vəzifədə yeni idi…
Azərbaycan siyasətində Əli Həsənov ad-soyadında iki sima var – biri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri, digəri Baş nazirin sabiq müavini (“Dövlətqaçqınkom”un keçmiş sədri), YAP-ın sədri müavini...

Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov ali təhsilini Moskva Dövlət Universitetində alıb. Prezidentin 23 fevral 2015-ci il tarixli sərəncamı ilə 59 yaşlı Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri təyin edilib. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür…
Baş nazirin sabiq müavini, 71 yaşlı Əli Həsənov da ölkə siyasətində yetərincə müzakirə olunmuş adlardandır. 1998-ci ilin noyabr ayında ölkə başçısı Əli Həsənov Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edib. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında onu YAP sədrinin müavini seçiblər. O zaman çoxları Əli Həsənova göstərilən bu etimaddan sonra onun az qala Baş nazir postuna gətirilə biləcəyini mümkün sayırdı. Əli Həsənovun karyerasına əsas zərbə nəvəsinin məlum qəza hadisəsindən gəldi.
21.04.2018-ci il tarixində Əli Həsənov “Dövlətqaçqınkom”un sədri vəzifəsini itirsə də, ölkə başçısı onu Baş nazirin müavini postunda saxladı.
2019-cu il oktyabrın 21-də Əli Həsənovun Baş nazirinin müavini vəzifəsindən azad edilməsi ilə bağlı verdiyi ərizəsi qəbul edilib. Beləliklə, dövlət qulluğundan təqaüdə gedən Ə.Həsənov siyasətdə YAP sədrinin müavini kimi qalıb.
Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov hakim partiyanın  “uzaqvuran topları”ndan sayılır. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının icra katibi, 2005-ci ildən Partiyanın sədrinin müavini-icra katibidir. Əli Əhmədov 22 oktyabr 2013-cü ildən indiyə kimi  Azərbaycan Respublikası Baş nazirinin müavini postunu tutur.
Siyasətin daha bir Əlisi sabiq səhiyyə naziri İnsanovdur. O Əli İnsanov ki, 1993-cü ildə Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsinə təyin edilmiş, 1995-ci ildə isə Milli Məclisin deputatı seçilmişdi.
Əli İnsanov Azərbaycanın ilk dərman preparatı "İnsanovin"i ixtira edib. O, mərhum dövlət başçısı Heydər Əliyevin dövründə hökumətdəki ən hökmlü nazirlərdən biri hesab olunurdu.
2005-ci ilin oktyabrında hakimiyyəti zorla ələ keçirmə ittihamı ilə həbs ediləndən sonra Əli İnsanovun bir çox titulları, o cümlədən akademik fəxri adı geri alındı. Lakin sonradan o, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olundu. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunub.
2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürüldü. Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanova əlavə olaraq 7 il həbs cəzası kəsildi. İnsanov 17 mart 2019-cu ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. 11 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan zaman keçmiş səhiyyə naziri ilk açıqlamalarında qəzəb, od-alov püskürdü. Azərbaycandan çıxıb gedəcəyi barədə deyilənləri təkzib edərək, siyasətlə məşğul olacağını bildirdi. Daha sonra bir neçə dəfə səs-küylü açıqlamaları ilə gündəmə gələn İnsanovun yenidən siyasətə qayıdışı uğursuz nəticələndi. Bu gedişlə 72 yaşlı eks-nazirin siyasət aləmində unudulacağı istisna deyil.
Doğrudur, bir neçə gün öncə Əli İnsanov Müsavat Partiyasındakı dəyirmi masaya qatılmaqla yenidən gündəmə gəldi, ancaq sosial şəbəkələrdə  əksəriyyət onu “qatarı getmiş sima” kimi xarakterizə etdi...
Siyasətdə adı qalmaqallı hadisələrdə hallanan Əlilərdən bir də Abbasovdur. 2004–2015-ci illərdə rabitə və yüksək texnologiyaları naziri vəzifəsində çalışıb. Prezidentin 12 noyabr 2015-ci il tarixli sərəncamı ilə tutduğu vəzifəsindən azad edilib. Əli Abbasov keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyində üzə çıxan irimiqyaslı korrupsiya və mənimsəmə faktlarından sonra vəzifədən kənarlaşdırıldı. 
Adı siyasətdə daim səs-küyə səbəb olan Əlilərdən biri Kərimlidir. 1992-ci ilin mayında Prezidenti Aparatının ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şöbəsinin müdiri, 1993-cü ilin aprelindən isə dövlət katibi təyin olunub.
1993-cü ildəki 4 iyun hadisələri onun da dövlət qulluğundakı fəaliyyətini sonlandırıb. Həmin il iyunun 26-da istefa verərək, Ordubad rayonunun Kələki kəndində yaşayan prezident Elçibəyin yanına gedib, oradan isə bir sıra Qərbi Avropa ölkələri və Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərə çıxıb.
1994-cü ilin may ayından Bakı şəhərinə qayıdaraq, AXCP sədrinin siyasi məsələlər üzrə müavini işləyib.
12 noyabr 1995, 5 noyabr 2000-ci il tarixlərində proporsional seçki sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasından, 6 noyabr 2005-ci ildə isə majoritar seçki sistemi əsasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən Milli Məclisə deputat seçilib.
AXCP-nin sədri Əbülfəz Elçibəyin vəfatından sonra, 2001-ci ildə partiya qurultay keçirib. Həmin qurultayda Əli Kərimli AXCP sədri seçilib.
2005-ci ildə Azadlıq Siyasi partiyalar blokundan deputatlığa namizəd olub. 2008-ci ildə prezident seçkilərində iştirakı boykot edib. 2013-cü ildəki prezidenti seçkiləri ərəfəsində yaradılmış  Milli Şurasının qurucu üzvlərindən biridir. 17 yanvar 2014-cü ildə isə həmin qurumun Koordinasiya Şurasının üzvü seçilib.
54 yaşlı Əli Kərimli hazırda hakimiyyətin əsas müxalifəti hesab olunur.
Əli Əliyev siyasətdə Vətəndaş və İnkişaf Partiyasının sədri  kimi tanınır. 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurulmasında yaxından iştirak edib. AMİP Gənclər Təşkilatının sədri, partiya sədrinin təşkilati məsələlər üzrə müavini olub. 
Etibar Məmmədov partiya rəhbərliyindən gedəndən sonra - 2005-ci ildə Əli Əliyev AMİP-in qurultayında sədr seçilib. Lakin az sonra partiyada yaranmış fikir ayrılığına görə, Ə.Əliyev AMİP-dən çıxıb.

Siyasətdə iki nəfər Əli Nağıyev ad-soyadı daşıyır. Onlardan biri hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi işləyir, digəri eks-səfir, keçmiş nazir statusu daşıyır. Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyev bu vəzifəyə ölkə başçısının 20 iyun 2019-cu il tarixli sərəncamı ilə gətirilib. Bu  təyinat xüsusi xidmət orqanlarında son illər ən uğurlu kadr dəyişikliklərindən biri kimi qiymətləndirilib.
Əli Nağıyev 1958-ci il noyabrın 8-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. 1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. Bir müddət Abşeron rayonunun Xırdalan şəhərində məktəbdə müəllim işləyib.
1986-cı ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını bitirdikdən sonra Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin və Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat strukturlarında məsul vəzifələrdə xidmət edib.  
Ölkə Prezidentinin 16 mart 2005-ci il tarixli 675 nömrəli sərəncamı ilə Əli Nağıyev milli təhlükəsizlik nazirinin müavini təyin olunub. Dövlət başçısının 27 mart 2006-cı il tarixli 1372 nömrəli sərəncamı ilə Əli Nağıyevə general-mayor ali hərbi rütbəsi verilib.
2011-2019-cu illərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində işləyib. 
Prezidentin 20 iyun 2019-cu il tarixli 1274 nömrəli sərəncamı ilə Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.
27 iyun 2019-cu ildə Əli Nağıyevə general-leytenant ali hərbi rütbəsi verilib.

Təqaüddə olan digər Əli Nağıyev hakim Yeni Azərbaycan Partiyasını yaradan 91 nəfərdən biri olmaqla uzun müddət mərhum eks-prezident Heydər Əliyevə ən yaxın məmurlar sırasında 1-ci dayanıb.
Və nəhayət siyasətdə sonuncu Əli... Söhbət deputat Əli Məsimlidən gedir. Əli Məsimli 1953-cü il yanvarın 3-də Şəki şəhərində anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun siyasi iqtisad fakültəsini bitirib. İqtisad elmləri namizədidir.
2005-ci illərdə «Müstəqil İqtisadçılar Birliyi» ictimai təşkilatının prezidenti vəzifələrində çalışıb.
Azad Demokratlar Birliyi Təşkilat Komitəsinin sədri olub. 2010-cu ildən Şəki rayonundan Milli Məclisə deputat seçilib. 

Kotanli