"24 yaşımda saqqal buraxdım ki, yaşlı görünüm" - XALQ ARTİSİ FAİQ AĞAYEV
    • 21-11-2019, 13:13
    • 1 571

"24 yaşımda saqqal buraxdım ki, yaşlı görünüm" - XALQ ARTİSİ FAİQ AĞAYEV

İTV-də yayımlanan "3D" verilişinin növbəti qonağı Xalq artisti Faiq Ağayev olub.

News24.az xəbər verir ki, F. Ağayev söyləyib ki, vaxtı ilə yaşlı nəsil tərəfindən təzyiqlərə məruz qalıb: "1988-ci ildə səhnəyə gələndə hər yerdə eyni sözləri eşidirdim: "Siz cavansınız, hələ hər şey qarşıdadır, tələsməyin". Onun dərdindən 24 yaşımda saqqal buraxdım ki, yaşlı görünüm. Həmin kəlmələri eşitmək istəmirdim. Yaşlılar tərəfindən hər zaman təzyiq görmüşəm. Amma daim çalışmışam ki, gənclər gördüklərimi yaşamasınlar. Onlara dəstək olmuşam. Gənclər anlamalıdırlar ki, yaşlı nəsil meydanı onların əlindən almır".

Xalq artisti bildirib ki, teleaparıcı Elçin Əlibəylinin televiziya məkanından ayrılma xəbərini məyusla qarşılayıb: "Elçin Əlibəylini şəxsən tanıyıram. Onun qədər dərin zəkalı, dərrakəli insan Azərbaycan televiziyasında olmalıdır. Ona qarşı gedən qara piarı görəndə məyus oluram. Ola bilsin ki, insan kimi Elçini bəyənməsinlər, amma məncə onun televiziyadan və jurnalistikadan getməyi arzuolunmaz hadisədir".

F. Ağayev son zamanlarda daha çox komediya janrında çəkilən filmlərdən gileylənib: "Nə qədər olar camaatı güldürmək? Bir azda düşündürmək, faydalı məlumatlar vermək lazımdır".

Sevda Bayramova