Nailə Mirməmmədli od püskürdü:
    • 23-11-2019, 13:21
    • 1 381

Nailə Mirməmmədli od püskürdü: "ATASINA LƏNƏT..."

"Arada gileyləndim ki, iş yoxdur. Amma indi işlərim çoxalıb. Səhər saat 6-ya kimi studiyada mahnılarımdan birini aranjeman edirdik. Yeni mahnılar və layihələr var, çoxdur. Bu yaxınlarda mənim iştirakımla klassik estrada musiqilərindən və mahnılarından ibarət möhtəşəm konsert proqramı keçirildi. İnanın ki, konserti izləməyə gələn tamaşaçılar bizim çıxışlara heyran qalmışdılar".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli tədbirlərin birində dilə gətirib. Yeni işlərindən danışan bəstəkar bayağı mahnıları təbliğ edən televiziyalara etirazını bildirib: "Müğənnilər gündəmi repertuarlarına saldıqları ucuz və bayağı mahnılarla doldururlar. Tamaşaçıların fikirləri isə bu məsələdə yarıya bölünüb. Kimi bəyənir, alqışlayır, kimi də söyüb qarğışlayır. Bayağılıqda günahlandırılan bir çox müğənnilər isə nəticə çıxartmaq istəmirlər".

"Bəs bunlara nə zaman son qoyulacaq?" sualına isə Əməkdar incəsənət xadimi sərt reaksiya verdi: "Bayağı ifaçıları izləmirəm. Bu mövzu ətrafında çox danışdım, amma heç kimin vecinə olmadı. Ona görə daha danışmaq istəmirəm. Yalnız onu deyəcəm ki, əgər biz musiqimizi qorumuruqsa, demək özümüzü qorumuruq. Əgər bir xalqı məhv etmək istəyirsinizsə, onun mədəniyyətini əlindən alın. Digər millətlər bizim musiqilərdən o qədər bəhrənəlib, işlər görür ki... Amma bəsit musiqilər efirdə səsləndikcə kənardan gələnlər elə bilirlər ki, bizim musiqimiz elə bundan ibarətdir. Türkiyənin bəh-bəhlə tərifləyib, təqdim etdikləri komediya ustası Cem Yılmaz Bakıya gəldi. Onun “Bir həftə Bakıda qalsam, Xalq artisti olaram” sözləri məni çox əsəbiləşdirdi. Yəni, onun gördüyü bu idi. Adamın heyifi gəlir ki, belələri bizim layiqli musiqiçilərimizi, mahnılarımızı dinləməyib. Bu da birbaşa efirlərin günahıdır. Başa düşürəm ki, özəl televiziya kanalları nə iləsə dolanmalıdır, özünü saxlamalıdır. Belə halların qarşını almaq üçün Bədii Şuralar yaradıldı. Amma fəaliyyəti hələ ki, görünmür. Onların fəaliyyətə keçməsini sentyabr ayında gözləyirdik. Di gəl ki, ortada heç nə yoxdur. Bu sözlərimlə yəqin kiminsə xətrinə dəyirəm, dava, savaş, qalmaqal olsun, istəmirəm. Amma vətəndaş kimi susa bilmirəm. Övladlarım TV kanallarda səsləndirilən musiqiləri dinləmir, müğənniləri də izləmir. Biz yorulmuşuq. Anam həmişə deyirdi, "bu nədir ay qızım, mahnının sözlərini dəyişib, yenidən oxuyurlar. Bunlara heç kim, heç nə demir? Gənc nəsil elə biləcək ki, bizim musiqilər elə bundan ibarətdir. Sözlərini dəyişib yenidən oxuyurlar. Çünki muğam "ladı" dəyişmir. Bu "İran müxalifi"ni nə qədər musiqilərdə istifadə etmək olar? Bizim zəngin ladımız var. Onlardan nəyə görə istifadə etmirlər? Çünki bəsitdirlər, savadlanmaq istəmirlər".

"Müğənnilər "meyxana" janrında mahnılara və musiqilərə daha çox üstünlük verirlər. Səbəb nədir?" sualında Nailə Mirməmmədli od püskürdü: "Bu kimi mahnılar bəlkə də olmalıdır. Amma repertuar təkcə ondan ibarət olmamalıdır. Görürsünuz, heç o mahnıların adını da çəkmədim. Çünki biz əvvələr böyüklərimizin önündə bu sözü işlətmirdik. O sözün əvvəlindəki heca ailə içərisində işlənmirdi. Yaşım artıq 60-a yaxındır, indiyə kimi də o sözü dilimə gətirmirəm. Bəli, bu folklyordur. Amma onlar müəyyən bir publika üçün səslənməlidir. Adama elə gəlir, klassik musiqidən tutmuş, estrada, caza qədər bütün janrlar Azərbaycanda ölüb. Davamçıları yoxdur. Bizim gənc və istedadlı ifaçılarımız var, amma onları təbliğ, reklam olunmur. Onlara zaman ayırmırlar, ayırmaq da istəmirlər. Əvvəlki müğənnilərimiz toy repertuarlarını efirlərdə oxuyub “toy tutmurdular”. Efirdə ancaq peşəkar ifa göstərirdilər, toylarda isə toy mahnılarını oxuyurdular.İndi isə müğənnilər efirə də toy sifarişi almaq üçün çıxırlar. Bu, tamamən yanlış tendensiyadır".

Bəstəkar xanım efirlərdə vətənpərvərlik mövzularının təbliğinin də az olmasından narazıdır: "Xocalı, Şuşa üçün üç böyük əsər yazmışam. Vətənpərvərlik mövzuları təbliğ olunmalıdır. Amma əfsuslar olsun ki, bu belə deyil. Aparıcı efirə gələn müğənniyə deyir ki, şən mahnı oxu, lirik, vətənpərvərlik mövzusunda heç nə ifa eləmə. Elə şey oxu ki, verilişimiz baxımlı olsun. Reytinqin atasına lənət. Bizim vaxtımızda reytinq-filan yox idi. Necə oldu mən Nailənin, Hikmətin musiqiləri dinləyicilər tərəfindən qəbul olundu? Nə "Youtube"da baxış söhbəti var idi, nə də ki reytiq. Bizim elə əsərlərimiz var ki, onlar sosial şəbəkə vasitəsilə deyil, insanların sevgisi ilə üzə çıxıb. Ona görə bu kimi şeyləri bəhanə etmək lazım deyil. Bunları əldə bayraq etmək doğru deyil. Çünki bunlar hamısı sənətin yox, pulun gücünə ortaya çıxıb".

Nailə Mirməmmədli müğənnilərin ifaçılıqla yanaşı, mahnı yazıb özünü bəstəkar adlandırmasına isə belə münasibət bildirib: "Əlibaba Məmmədov mahnı yazıb. Onun gözəl muğam biliyi var. Görün o, necə gözəl musiqilər bəstələyib. Ramal İsrafilov da çox istedadlı bir musiqiçidir. Amma o birilər Ələkbər Tağıyevlə və Əlibaba Məmmədovu əllərində bayraq edib, ağıllarına nə gəlirsə, onu da edirlər. Belə olmamalıdır. Onlar bəlkə də başqa səhədə birinci ola bilərlər. Amma bu sahə onlarlıq deyil. Kəsə yolla populyar olmaq xəstəliyindən qaçsınlar. Bəlkə də onlar başqa səhənin elə bir peşakarı ola bilərlər ki, görənin ağzı açıq qalar, həsəd aparar. Amma belə hallara nə zaman “dayan” deyəcəklər, onu mən də bilmirəm. O təsadüfi adamlar efirlərdə, saytlarda təbliğ olunmasa, "veto" qoyulsa, efirdə hər zaman yaxşı musiqi təbliği olunsa, bizimlə birgə birləşsələr, vəziyyət yaxşılığa doğru dəyişər".

"Tamaşaçılar tərəfindən ən çox tənqid olunan, "bayağı" adlandırılan və ən çox da dinlənilən Damla ilə Şəbnəm Tovuzludur. Onların ifalarını və oxuduqları mahnıları peşəkar bəstəkar kimi necə qiymətlindirirsiz" sualı Nailə Mirməmmədlini çaş-baş qoydu. Bəstəkar hər iki müğənninin ifaçılıq sənətini belə ələkdən keçirdi: "Hər iki müğənninin səs tembrləri bir-birindən fərqlidir. Yəni öz yeri var. Amma onların repertuarını qınayıram. Eyni tip mahnılar ifa olunur. Peşəkar bəstəkarlara müraciət etmirlər. Demirəm məndən mahnı istəsinlər, qətiyyən! Amma dəyişiklik etsinlər. Repertuarlarına əl gəzdirsinlər. O zaman bəlkədə hər şey müsbətə doğru dəyişər".

Sevda Bayramova