Qardaşının öldürdüyü Aytənin anası ilə bacısı 5 il əvvəl intihar edib
    • 25-11-2019, 12:28
    • 745

Qardaşının öldürdüyü Aytənin anası ilə bacısı 5 il əvvəl intihar edib

Abşeron rayonunda qardaşın bacısını qəddarcasına qətlə yetirməsinin təfərrüatları məlum olub. 

News24.az xəbər verir ki, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, dünən öldürülən 20 yaşlı Aytən Fərzəliyeva 4 il bundan əvvəl təhlükəsizliyi baxımından sığınacağa yerləşdirilmişdi: “Evdəki şiddətə dözə bilməyən Aytənin anası və bacısı 2014-cü ildə elə yaşadıqları evin pəncərəsindən özlərini ataraq intihar etmişdi. Ölüm həddinə çatdırma maddəsi ilə atası 4 il müddətinə həbs olundu, Aytən isə Yasamal Prokurorluğu tərəfindən bizim sığınacağa yerləşdirildi. Hər şey qaydasında gedirdi. Aytən uşaqlıqdan işləyib pul qazanan biri olub. Günə 5-10 manat qazanıb atasına verirdi. Atası həbs olunduqdan sonra ara nisbətən sakitləşdi. Qorxduğu üçün nə qardaşı, nə də atası ilə görüşürdü. 2 il əvvəl sığınacaqdan çıxdı. Qeyri-rəsmi nikahdan bir övladı var və qayınanası ilə birlikdə yaşayırdı. Demək olar ki, artıq yavaş-yavaş həyatını qurmuşdu.



Bu yaxınlarda qardaşı ilə əlaqələri bərpa edib. Hadisə də elə vəfat etmiş bacısı və anasının məzarı üstündə baş verib. Düşünmürəm ki, qısqanclıq zəminində olsun. Böyük ehtimal oğlanı atası təhrik edib.

Ailəsi ilə aralarında ev üstündə mübahisə var idi. Sənədlərini qaydasına salıb ailəsini məhkəməyə vermək istəyirdi. Hazırda 9 aylıq körpə Aytənin qayınanasındadır. Rəsmi prosedurlardan sonra böyük ehtimal sığınacağa götürüləcək”.

Qeyd edək ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. /Qafqazinfo.az/