"Elə oğlana gedəcəm ki..." – BRİLLİANT DADAŞOVADAN ETİRAFLAR
    • 5-12-2019, 12:46
    • 2 091

"Elə oğlana gedəcəm ki..." – BRİLLİANT DADAŞOVADAN ETİRAFLAR

Xalq artisti Brilliant Dadaşova News24.az-a özəl müsahibə verib.

Saytımıza danışan Xalq artisti sənətindən şəxsi həyatınadək bir çox məqamlara toxunub. 
O, ilk olaraq geridə qoyacağımız 2019-cu illə bağlı fikirlərini bölüşdü. 

Prestijli şirkətlə müqavilə

- 2019-cü il mənim üçün olduqça məhsuldar və gözəl keçdi. Bu il bir neçə klipim işıq üzü gördü. Eyni zamanda Türkiyədə də layihələrim oldu. İstanbulda çox böyük və prestijli bir şirkətlə müqavilə bağladıq. Nəticədə "Single"m çıxdı”. 

Ən gözəl möcüzə...

- Demək istəyirsiniz, nəyi çox arzulayırsınızsa, o həyata keçir. Yəni Brilliant xanımın möcüzələrə inamı hətta əlçatmaz olanları da gerçək edir... 


- Əlbəttə ki, möcüzələrə inanıram. Allahın yaratdığı ən gözəl möcüzə elə biz özümüzük. Bizim düşüncələrimiz, yaxşı niyyətimiz, münasibətimiz də möcüzədir...

“Özü balacadır, amma başından böyük danışır”

- Yaxşı niyyət, xoş münasibət deyirsiniz. Ədalət müəllimlə izdivacınız da bu möcüzənin nəticəsidir?
 
- Ədalət müəllimlə 30 ildən çoxdur bir yerdəyik. Onunla instituta girəndə, 1985-ci ildə tanış olduq, 1988-də isə toyumuz olub. "Şükür ola" mahnısını eşidən kimi dedim ki, ona həsr edəcəm. Həqiqətən də, bu 31 ildə heç vaxt ondan inciməmişəm, qəlbumə dəyəcək bir kəlmə deməyib. Əksinə, həmişə məni həvəsləndirib, ürək- dirək verib, övladımıza çox gözəl ata olub. Uşaqlıqda həmişə deyirdim ki, "Mən elə oğlana ərə gedəcəm ki, uşağımın atası gözəl olsun". Eşidənlər də deyirdi ki,  “özü balacadır, amma başından böyük danışır... ” Dediklərim gerçək oldu.

“30 ildə bircə dəfə...”

- Mahnınızı bəyəndimi?

- (Gülür) Bəyəndi. Dedi ki, dörd aydır mahnını niyə saxlamısan? Bu mahnının klipi iyun ayında çəkilib, amma təqdimat dekabrda oldu. 30 ildə bircə dəfə ona mahnı həsr eləmişəm.

“İynəni əlimə batıra-batıra məni məcbur elədi deyim ki...”

- Deyəsən, bir möcüzəniz də balaca Arzudur. Cəmilin qızını özünüzə çox bənzədirsiniz. Musiqimizin daha bir Brilliantı yetişir?


- Cəmilin özü də çox istedadlıdır, amma bu qızda nə görürəmsə, özüm yadıma düşür. Həmişə düşünürəm ki, bu qız hardan bilir ki, mən də belə danışmışam, belə hərəkətlər eləmişəm. Bir dəfə böyük bacım iynəni əlimə batıra-batırə məni məcbur edirdi ki, deyim "bir də eləməyəcəm". Ağrıya dözmüşəm, amma “eləməyəcəm” deməmişəm. İçi oğlum qarışıq yaxınlarımın neçə uşağını küncə qoymuşam, amma bu qıza bunu edə bilmirəm. İki yaşında olanda bir dəfə istədim küncə qoyum, qayıtdı dedi ki, "durmayacam". Eynən özüməm. Bu yaxınlarda yenə onu küncə qoymaq istədim, qayıdıb əllərimi öpməyə başladı. Məni qucaqlayıb dedi ki, "Brilliant, eləmə". Elə pis oldum ki... Onu cəzalandırmaq istədim, amma o mənə sığınıb yardım istədi. Çox maraqlı uşaqdır. İnanmıram ki, nəvəm olsa, onu Arzu qədər çox istəyə bilərəm. 

- İndi belə deyirsiniz. Cahadın övladı oğlunuzdan bir parça olacaq.  Düşünürəm, onu hər kəsdən çox sevəcəksiniz...


- Niyə ki... Cəmil də mənim oğlumdur. Xala ana yarısıdır. Mən ümumiyyətlə, bütün bacılarıma, onların uşaqlarına ana olmuşam. 

“20 il ac yaşadım”

- Hər kəsə ana olmağı bacaran, sənətində gərgin çalışan Brilliant xanım özünə necə vaxt ayırır? Maskalar, qulluq...

 
- Maskalar-filan eləmirəm. Görürsüz, allergiya olmuşam. Çünki balacalıqdan allergiyaya meylliyəm. Bu səbəbdən hardasa 20 il ac yaşamışam. Sonra ac yaşamaqdan yoruldum. Nar, fındıq qovurmasını çox xoşlayıram. Bu aralar dieta gözləmədim, onları yeyəndən sonra allergiyam geri qayıtdı. Dodağım, ağzım şişdi. Əvvəllər əmim Məlik Dadaşov məni və əmim qızını bu allergiyaya görə bir professorun yanına apardı. Orda müayinə elədilər, əmimqızının nəyə allergiyası olduğunu tapdılar, amma mənim yox. Ümumiyyətlə, bu bizdə nəsillikçə var. Amma indi tibb inkişaf edib. Gərək bunun üstünə düşüb müayinə olunum.

"Nəhayət ki, mənim qara saçlı bir qızım dünyaya gəldi"

- İmiciniz dəyişib. Saçlarınızı qara boyamısız. Əvvəlki Brilliant xanım ürəyinizcə deyil?

- Mən elə anadan olanda qara saçla doğulmuşam. Hətta mən dünyaya gələndə atam dedi ki, "Nəhayət ki, mənim qara saçlı bir qızım dünyaya gəldi". Çünki bacılarımın saçı şabalıddır. Bəyənməyə gəlincə, mən heç vaxt özümdən razı olmamışam. Özünü bəyənənləri də sevmirəm. Həmişə də demişəm ki, evdə ən çirkin qız mən olmuşam. Bəzən uşaqlıq şəkillərimə baxanda deyirəm ki, yavaş-yavaş köhnə qara saçlı Brilliant oluram...

Sevda Bayramova
VİDEO - FOTO: Fərid Şabanov