“İbrahimin kişilərlə əlaqədə olması yalandır...” - Atasını öldürüb yandıran oğul və dostları hakim qarşısında
    • 31-08-2018, 12:40
    • 1 098

“İbrahimin kişilərlə əlaqədə olması yalandır...” - Atasını öldürüb yandıran oğul və dostları hakim qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürməkdə təqsirləndirilən 1997-ci il təvəllüdlü Elməddin Əliyev, Vəlican Dadaşov və Nəcməddin İsmayılov məhkəməsi keçirib.

Hakim Əfqan Hacıyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

İttihama görə, E. Əliyev atası İbrahim Əliyevi aldadıb əmisi Azər Əliyevin Zirə qəsəbəsində yerləşən evinə gətirdib. Atasının cinsi azlıq üzvü olması və kişilərlə qeyri-təbii yolla cinsi əlaqədə olduğunu öyrənəndən sonra dostlarına onu öldürməyi sifariş verib. Vəlican həmin evin içində gizlənərək Elməddinin atasını gözləyib, Nəcməddinlə Elməddin isə evin kənarında dayanıblar. Vəlican evə daxil olan İbrahimi baltayla vurub, sonra isə bir neçə dəfə bıçaqlayıb. Onun öldüyünə əmin olduqdan sonra Pirallahıya gedib benzin alıb qayıdıblar. Nəcməddin öz evinə gedib, Elməddin isə Vəlicanla meyitin olduğu evə qayıdıb. Vəlican evə girərək maşın təkərlərini mərhum İbrahimin qıçlarına və bədənin digər yerlərinə keçirib, daha sonra üstünə benzin tökərək evlə birgə yandırıblar.

İstintaqa ifadə verən E. Əliyev atasını Vəlicanın öldürdüyünü etiraf etsə də, bunun səbəbinin pulla bağlı olduğunu deyib:  "Atam Vəlicana borc pul vermişdi, o da qaytara bilmirdi. Bir gün atam dedi "Vəlicanı Zirədəki evə çağır, onunla özüm danışacağam". Mən də çağırdım, biz Nəcməddinlə çöldə gözlədik. Bir qədər gözləyəndən sonra maraqlanmaq üçün evə girmək istəyəndə Vəlican çıxıb dedi ki, atanı öldürdüm. Daha biz içəri girmədik, Pirallahıya qayıtdıq. Nəcməddin evinə getdi, mən kafedə Vəlicanla oturdum. Sonra onun təklifi ilə evi yandırmaq üçün Zirəyə getdik. Mən taksi çağırdım, sonra da yoldan benzin aldım. Çatanda mən kənarda dayandım, Vəlican girib evi yandırıb çıxdı. Vəlican məni də öldürəcəyi ilə hədələdiyi üçün heç kimə deyə bilmədim".

Qətl günü isə Nəcməddin İbrahim Əliyevə zəng edərək onunla pul müqabilində cinsi əlaqədə olmaq istəyən kişi tapdığını deyib və bu adla onu Zirədəki evə çağırıb.

İstintaqda məlum olub ki, Elməddinə atasının kişilərlə əlaqədə olmasını da ilk dəfə Nəcməddin deyib.

Qətl hadisəsi 2018-ci il yanvarın 31-də baş verib, evi isə fevralın 1-də yandırıblar.

Vəlican Dadaşov istintaqa ifadəsində qətldən əvvəl İ.Əliyevin kişilərlə əlaqədə olduğunu bilmədiyini deyib: "Elməddin deyirdi ki, atalığı İbrahim onu və anasını döyüb incidir. Onun təklifi ilə atalığını öldürməyə razılaşdım, planı da Elməddin özü hazırladı. İbrahimi öldürüb qayıdanda Nəcməddin İbrahimin doğma atası olduğunu və üzdəniraq olduğunu dedi. Evi də, atasının meyitini də Elməddin özü yandırdı".

Məlumata görə, E.Əliyev atasını öldürməsi müqabilində V. Dadaşova Rusiyaya getməsi üçün maddi yardım edəcəyini vəd edib.

İttiham olunan şəxslər özlərini  təqsirli bilmədiklərini deyiblər.

Bugünkü məhkəmədə isə V.Dadaşov qətl törətmədiyini deyib:  "Elməddin bizə dedi ki, atası onu döyüb və onu öldürəcək. Sonra onun istəyi ilə Elməddini maşınla Zirəyə apardıq, bir qədər sonra da zəng etdi, gedib götürdük. Elməddin dedi ki, atasını öldürüb, mən də güldüm, fikir vermədim. Sonra Elməddin dedi kiminsə maşınında benzin qurtarıb, ona görə alıb Zirəyə qayıtdıq. Mən maşından düşüb gözlədim, Elməddin harasa gedib gəldi, maşına minib qayıtdıq. Mənim günahım o olub ki, qanlı şalvar geyinmişəm ".

V.Dadaşov əvvəllər dəfələrlə məhkum olunub.

Məhkəmədə ifadə verən Elməddin Əliyev deyib ki, atasının ölümündə günahı olmayıb: "Mən ora gəlib Vəlicanın üstünü qanlı görüb qorxmuşam. Əlində də balta var idi. Vəlicandan qorxduğum üçün heç nə soruşmadım. Ordan da kluba getdim, Vəlican da sonra paltarını dəyişib gəlmişdi. Dedi paltarı yandırdım. Sonra gedib benzin aldıq, pulu mən verdim. Evə getdik, mən qıraqda dayandım, Vəlican evi yandırdı".

Nəcməddin İsmayılov məhkəmədə ifadəsi zamanı sadəcə Vəlicanla Elməddini Zirəyə aparıb: "Elməddin dedi atasından pul alıb Vəlicana verib, indi də qaytarmır. Atası da onu evdən qovub ki, ya pulu gətir, ya da Vəlicanı çağır özüm görüşüm. Mən də Elməddinlə Vəlicanı İbrahimgilə aparırdım, çatana yaxın Elməddinin telefonunda kontur yox idi. Mənim telefonumla zəng etdim İbrahimə, dedim Vəlicangili sizə gətirirəm, dedi Azərin evinə apar. Bunun səs yazısı da var. Mən də ora apardım, özüm çıxıb getdim. Sonra Elməddin zəng edib dedi Vəlican atamı öldürüb, tez gəl. Mən özümü cinayəti bilib gizlətməkdə təqsirli bilirəm. Elməddin dedi qorxuram Vəlican bizi də öldürər, mən dedim qorxma, gedək anana deyək.

Onlara dedim mənim telefonumla zəng etmisiz, problem yaranar, gedin polisə deyin. Səhəri gün mənə zəng etdilər ki, gedək evi yandıraq, mən də dedim məni qatmayın, gedin evdə danışın hər şeyi. Sonra evdəydim, gördüm ev yanır, Elməddinə zəng edib soruşdum, dedi hə yandırdıq. Məni Elməddin qoymadı ki, kiməsə deyim, dedi desək Vəlican bizim ailəmizi öldürəcək. İbrahim kişinin kişilərlə əlaqədə olması haqqında deyilənlər isə yalandır".

//Qafqazinfo.az