FHN-in yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli iclas keçirilib
    • 16-12-2019, 15:43
    • 571

FHN-in yaradılmasının 14-cü ildönümü münasibətilə təntənəli iclas keçirilib

Dekabrın 16-da Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və işçilərinin peşə bayramı münasibətilə nazirliyin inzibati binasında təntənəli iclas keçirilib.

FHN-dən News24.az-a verilən məlumata görə, əvvəlcə, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üstünə tər çiçəklər düzülüb.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri qoyulub.

Daha sonra Fövqəladə Hallar Nazirliyinin inzibati binasında təntənəli iclas keçirilib. Dövlət himninin səsləndirilməsi ilə başlanan iclasda çıxış edən nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 14-cü ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək uğurlar arzulayıb.

Nazir Kəmaləddin Heydərov 2019-cu ilin ötən dövrü ərzində Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti barədə danışaraq, görülmüş işlər haqqında ətraflı məlumat verib. Vurğulayıb ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin və ərazilərinin təhlükəsizliyinin təmin olunması istiqamətində uğurlu fəaliyyətini cari ildə də davam etdirib. Nazir deyib ki, hesabat dövründə nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması və kadr potensialının gücləndirilməsi istiqamətində əməli tədbirlər görülüb, fövqəladə halların qarşısının vaxtında alınması və nəticələrinin çevik aradan qaldırılması, yanğından mühafizə işlərinin daha peşəkarlıqla həyata keçirilməsi, hadisələrə operativ və effektiv reaksiya verilməsi təmin edilib.

Nazir əmlakların fövqəladə hallara qarşı sığortalanması məsələsinə də toxunaraq qeyd edib ki, müxtəlif fəlakətlər, o cümlədən yanğın, zəlzələ, sel və s. nəticəsində dəymiş ziyanın əvəzinin dövlət tərəfindən ödənilməsi yalnız Azərbaycanda baş tutan və digər ölkələrdə analoqu olmayan bir reallıqdır. Bu isə ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü humanist siyasətin daha bir təzahürüdür. O, həmçinin, vətəndaşlara, eləcə də sahibkarlara dəyən ziyanın əvəzinin ödənilməsi ilə bağlı Heydər Əliyev Fondunun böyük işlər gördüyünü də diqqətə çatdırıb. Bununla belə, nazir vətəndaşlara, xüsusilə sahibkarlara müraciət edərək sahib olduqları əmlaklarını təbii və texnogen xarakterli fövqəladə hallara qarşı sığortalamağı tövsiyə edib. Bu işdə FHN-in aidiyyəti qurumlarına qanunauyğun zəruri tədbirlər görməyi tapşıran nazir, vətəndaşların bu sahədə maarifləndirilməsinin və onlara mümkün dəstəyin göstərilməsinin əhəmiyyətini bildirib. Bundan başqa, nazir kütləvi informasiya vasitələrinə üzünü tutaraq onları nazirliyin fəaliyyəti, xüsusilə son zamanlar baş verən yanğınlar və onların söndürülməsi ilə bağlı qeyri-obyektiv, yoxlanılmamış, müxtəlif neqativ məqsədlərə xidmət edən, dedi-qodu xarakterli məlumatları deyil, nazirliyin rəsmi mövqeyini işıqlandırmağa və bununla da hadisələr zamanı həyatlarını riskə ataraq fədakarlıq nümunəsi göstərən yanğınsöndürən və xilasedicilərin əməyini heçə endirməməyə və fəlakətlər zamanı əhali arasında mümkün təşvişin qarşısını almaqda yardımçı olmağa çağırıb.

Sonra əldə olunan bütün nailiyyətlərin müasir Azərbaycan dövlətinin banisi, bütün dövrlərin ən böyük azərbaycanlısı ulu öndər Heydər Əliyevin müəyyən etdiyi mütərəqqi siyasi xətti uğurla davam və inkişaf etdirən ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısının nəticəsi olduğunu xatırladan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyinə göstərdiyi bu münasibətə görə nazirliyin şəxsi heyəti adından ölkə başçısına dərin təşəkkürünü bildirib. Vurğulayıb ki, ölkə rəhbərliyinin ali etimadını doğrultmaq və əhali və ərazilərin etibarlı mühafizəsini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi bundan sonra da əzmlə fəaliyyət göstərəcək.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla fəxri ad, orden və medallarla təltif olunmuş nazirliyin bir qrup əməkdaşına təltiflər təqdim olunub.
İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında Fövqəladə Hallar nazirinin əmri barədə də məlumat verilib.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.