Emin Ağalarov:
    • 20-12-2019, 20:14
    • 829

Emin Ağalarov: "Əlimdən nə gəlirsə, edəcəyəm"

Paytaxtda "Həyat naminə" reabilitasiya mərkəzi fəaliyyət göstərəcək.

News24.az xəbər verir ki, sözügedən mərkəzdə dövrümüzün bəlasına çevirilmiş narkomaniyadan psixoloji, həm də fiziki baxımından əziyyət çəkən insanlar müalicə alacaqlar. Mərkəz Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Xalq artisti Emin Ağalarov və Rusiya Milli Antinarkotik İttifaqının (NAS) rəhbəri Nikita Luşnikovun təşəbbüsü ilə açılacaq.

Bu məqsədlə keçirilən mətbuat konfransında Milli Narkomaniya Əleyhinə Birliyin sədri Nikita Luşnikov layihə haqda danışaraq bunları deyib: "Artıq uzun illərdir bu bəladan əziyyət çəkən insanlarla çalışıram. Məmnunam ki, Azərbaycanda da təcrübəmdən faydalanacaqlar. Buna görə, Eminə və Leyla xanıma təşəkkürümü bildirirəm. İnanın ki, 15 illik təcrübəmdə narkotik asılılığı olanlara bu qədər həssas və qayğı ilə yanaşan insanlar görməmişdim. Emin üçün heç bir sərhəd, çətinlik yoxdur. Leyla xanım da daim köməyə ehtiyacı olanlara dəstək olur, əlindən gələni əsirgəmir".

Xalq artisti Emin Ağalarov  mərkəzin fəaliyyətində üzərinə düşən hər bir vəzifəni yerinə yetirəcəyini qeyd edib: "Nikitayla bir neçə ildir tanışıq. O, həyatını bu bəladan əziyyət çəkənləri xilas etməyə həsr edir. Narkomaniyadan əziyyət çəkən insanlarla ünsiyyət qurandan sonra konkret bir qərar verdim. Onların həyatını dəyişmək üçün əlimdən nə gəlirsə, edəcəyəm. Onlar həyatlarını dəyişib iş adamı, rəhbər şəxs, vəzifə sahibi ola bilərlər. Niyə də yox?! Həyatın dibindən çıxıb, doğru yola yönələ bilərlər. Artıq reabilitasiya mərkəzinin təmir işləri başlanılıb və güman edirəm ki, tezliklə fəaliyyətə başlayacaq. Sağ olsun Leyla xanım, dostlarım, yaxınlarım, onlar bu işdə bizə dəstək olurlar. Düşünürəm ki, bu məsələdə üzərimə düşən işin öhdəsindən gələ biləcəyəm".

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva isə öz çıxışında bu gözəl təşəbbüs üçün Emin Ağalarov və Nikita Luşnikova təşəkkür etdi: “Əminəm ki, hər şey uğurlu olacaq və bu, sadəcə başlanğıçdır. İnsanlar bu bəlaya düçar olanlardan qorxmamalıdır. Əksinə, onlara yardımçı olmağa çalışmalıdırlar. Təssüf ki, bu cür insanlar özləri-özlərini cəzalandırırlar. Biz əl-ələ verib, onları həyata bağlayacağıq”.

Mətbuat konfransında həmçinin azyaşlılar üçün hazırlanan nağıl kitabları da təqdim olunub. Sözügedən nəşrlərdə orta məktəblərdə, bağçalarda balacalara birlik, saflıq, hörmət, dostluq hissləri aşılanılır. Tədbirdəki digər çıxışçılar bildirdilər ki, bu cür nəşrləri azyaşlılıar üçün həm də “kitab terapiyası” da adlandırmaq olar.

Qeyd edək ki, reabilitasiya mərkəzinin açılışı may ayında baş tutacaq.
 
Sevda Bayramova
Foto- Fərid Şabanov