Tələbə adını qazananlar Bakıda qalmağa ev tapmır – “Kirayə evlər bahadır”
    • 3-09-2018, 19:30
    • 1 004

Tələbə adını qazananlar Bakıda qalmağa ev tapmır – “Kirayə evlər bahadır”

Bu il tələbə adını qazananlar arasında Bakı, Sumqayıt sakinləri ilə yanaşı, regionlardan gələnlər çoxluq təşkil edir. Tələblərin bəziləri yataqxanalarda, bəziləri isə kirayə mənzillərdə yerləşir. Yüksək balla ali məktəbə qəbul olan tələbələrin çoxu regionlardan gəldiyindən onlar ev problemi ilə üzləşirlər. Bakıda mənzillərin kirayə qiymətlərinin bahalaşması tələbələrin işini çətinləşdirir.
 700 bal toplayan rekordçularla əlaqə saxlayaraq, onların harada qalacaqları ilə maraqlanıb.

ADA Universitetinin İqtisadiyyat fakültəsini seçən Xaçmaz rayon sakini Jalə Rəcəbova artıq kirayə ev tapıb: "Evi çoxdan tapmışdıq. Aylıq 300 manat kirayə haqqı verəcəyəm, həm də ev sahibəsi ilə birlikdən qalacağam”.

Goranboy rayonu, Sarıkürd kənd orta məktəbinin məzunu Kənan Məhəmmədəli Bakı Ali Neft Məktəbinin proseslərin avtomatlaşdıılması fakültəsində təhsilini davam etdirəcək. O, təhsil alacağı məktəbin yataqxanasında qalacaq.

"Yataqxana Qara Qarayevdədir, qalmaq ödənişsizdir. Lakin gələn il təzə yataqxanaya köçəcəyimizi və oranın ödənişli olacağını deyirlər”. 

Lənkəran rayon, 4 saylı Humanitar Təmayüllü Məktəb-lisey məzunu Fəyyaz Aslanlı Tibb Universitetinin Müalicə işi fakültəsində təhsilini davam etdirəcək. O, harada qalacağını dəqiqləşdirməyib.

"Xalam uşaqları və bacım Bakıda təhsil alır. Ola bilsin ki, dördümüz birlikdə kirayə evdə qaldıq. Amma harada qalacağımı dəqiq bilmirəm”.

Şəkidən olan Nərmin İsmayılova kirayə qiymətləri baha olduğundan özünə otaq yoldaşı axtarır: "Prezident yanında İdarəçilik Akademiyasına daxil olmuşam. Hələ kirayə ev tapmamışıq. Qiymətlər bir qədər bahadır. İstərdim ki, yanımda bir qız qalsın və kirayə pulunu yarı bölək. Hələki otaq yoldaşı tapmamışam”.

700 bal toplayan Ağcabədi rayon, Qaravəlli kənd sakini Əzim Əzimli isə qohumlarının evində qalacaq.

"Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakültəsində təhsil alacağam. Evlə bağlı problemim olmadı, çünki qohumlarımın evində qalmağa qərar verdim”.

//AzVision.az