Vilayət Eyvazov əsgər və zabitlərlə GÖRÜŞDÜ - FOTO
    • 29-12-2019, 18:36
    • 2 576

Vilayət Eyvazov əsgər və zabitlərlə GÖRÜŞDÜ - FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində - dekabrın 29-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Daxili Qoşunlarının Şirvan şəhərində və Hacıqabul rayonunda yerləşən hərbi hissələrində olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, qarşılanma mərasimlərindən sonra nazir hərbi hissələrin qərargahlarında  “Şərəf kitabı”nı imzalayıb, nazir müavini - Daxili Qoşunların komandanı, general-leytenant Şahin Məmmədovun və hərbi hissə komandirlərinin müşayiəti ilə əsgər və hərbi qulluqçuların kazarma-məişət şəraiti, maddi-texniki və ərzaq təminatı ilə maraqlanıb, tədris, silah otaqlarına, avtomobil və zirehli texnika parkına, tibb məntəqələrinə və yeməkxanalarına baxış keçirib.

Hərbi hissələrin sıra meydanlarında düzülmüş hərbi qulluqçuların və əsgərlərin qarşısında çıxış edən  general-polkovnik V.Eyvazov  ulu öndərin əsasını qoyduğu inkişaf və tərəqqi strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilməsi nəticəsində ölkəmizin iqtisadi qüdrətinin, müdafiə potensialının artdığını, beynəlxalq mövqelərinin möhkəmləndiyini bildirib. O, möhtərəm dövlət başçımızın ümumən ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, maddi-texniki təminatına, iş və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərdiyini vurğulayıb, Qoşunların bütün hərbi hissələrində geniş abadlıq və quruculuq işlərinin aparıldığını, müxtəlif təyinatlı obyektlərin, o cümlədən yeni hərbi şəhərciklərin, əsgər kazarmalarının tikildiyini, zabitlər, gizirlər üçün hər bir şəraitə malik yaşayış komplekslərinin istifadəyə verildiyini nəzərə çatdırıb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə əsgər və zabitləri təbrik edən nazir, əmin olduğunu bildirib ki, Daxili Qoşunların şəxsi heyəti bundan sonra da ölkəmizdə sabitliyin, əmin-amanlığın etibarlı qorunmasına, cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcək, qarşıya qoyulan bütün vəzifələri layiqincə yerinə yetirəcək, göstərilən ali diqqət və böyük etimadı xalqına, Vətəninə, dövlətinə və Prezidentinə sədaqətli xidməti ilə doğruldacaq. 

Təbirlərin sonunda hərbi hissələrin şəxsi heyətləri təntənəli marşın sədaları altında tribuna önündən keçiblər.