DİN və Baş Prokurorluğun vəzifəli şəxsləri NƏRMİNİN ÖLDÜRÜLDÜYÜ KƏNDDƏDİR
    • 9-01-2020, 17:25
    • 1 494

DİN və Baş Prokurorluğun vəzifəli şəxsləri NƏRMİNİN ÖLDÜRÜLDÜYÜ KƏNDDƏDİR

“Tovuzdakı cinayət birbaşa Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Zakir Qaralovun nəzarətindədir”.

News24.az xəbər xəbər verir ki, bunu Modern.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Ehsan Zahidov bildirib.

O, qeyd edib ki, hər iki qurumun vəzifəli şəxsləri 10 yaşlı Nərminin meytinin aşkar edildiyi zamandan hadisə yerinə ezam ediliblər:

“Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, general-mayor Arzu Daşdəmirov və Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, general Kamal Qılıcov Əməliyyat istintaq qrupunun rəhbəri kimi həmin gündən rayona ezam olunublar. Onlar əməliyyat-istintaq tədbirlərinə nəzarət edirlər”.

Tovuzda qətlə yetirilərək yandırılan Nərmin Quliyevanın atası Şərif Quliyev isə Modern.az-a cinayətkarın yaxud cinayətkarların tez bir zamanda müəyyən ediləcəyinə inandığını bildirib:

“Hazırda hüquq-mühafizə orqanları, Baş Prokuorluğun, Daxili İşlər Nazirliyinin yüksək rütbəli şəxsləri kənddədirlər və araşdırma aparırlar”.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.