Bakıda həkim əməliyyat etdiyi qadını döydü: “Əsəbi idim” - FOTO
    • 17-01-2020, 22:02
    • 1 029

Bakıda həkim əməliyyat etdiyi qadını döydü: “Əsəbi idim” - FOTO

Bakıdakı göz kliniklarından birində dünən gözündə katarakta əməliyyatına girən qadının başına ağlasığmaz hadisə gəlib. Belə ki, xəstə yaşlı qadın əməliyyatxanadan ağlaya –ağlaya, üzündə göyərmə və hematoma ilə çıxıb.
News24.az xəbər verir ki, bu barədə Medicina.az-a xəstənin qızı məlumat verib.
“Anam 2 dəfə insult keçirib, nitqində bir az qüsur var. Gözündə katarakta əməliyyatı ilə bağlı xəstəxanada Emil Hüseynov adlı həkimlə danışmışdıq. İlk söhbətdə həkim yaxşı təəssürat bağışladı. Həkim xəstənin insultdan sonra bir qədər narahat olduğunu bilirdi. Əməliyyat günü bizə səhər 8-də gəlin dedilər, anamı içəri aldılar, amma xəstə yaxınlarını buraxmadılar. Biz, digər xəstə yaxınları da 1 saat soyuq, yağışlı havada küçədə dayanmalı olduq. Anam əməliyyatdan çıxanda şoka düşdük. O, göz yaşları içində, üzü göyərmiş, şişmiş halda idi. Elə bildik, əməliyyatda belə olur. Bir anlıq duruxduq. Amma sonra düşündük ki, gözdə zərgər dəqiqliyi ilə aparılan əməliyyatda anamın üzü niyə göyərsin? Anam ağlamaqdan boğula-boğula anlatdı ki, onu həkim Emil Hüseynov içəridə söyüşlə təhqir edərək, yanağından vurub.
Baş həkimin qəbuluna gedib, məsələni danışdıqda, “belə şey ola bilməz” deyib, heç həkimi çağırmadılar”.
Elə xəstəxanadaca 102 xidmətinə şikayət edib, məsələni rəsmiləşdirən xanıma bir neçə dəqiqə sonra Emil Hüseynov özü zəng edərək, şikayəti geri götürmək üçün xahiş etməyə başlayıb:
“Həkim dedi ki, bəzi səbəblərdən əsəblərini cilovlaya bilməyib və xəstəni yüngülcə vurub: “Hər kəsdə belə hal ola bilər. Pulunuzu qaytarıb, üzr istəyə bilərəm”. Mənsə bu təklifdən imtina edib, şikayətimdə qaldım. İndi hüquq-mühafizə orqanlarından müdaxilə gözləyirəm, anamı ekspertdən də keçirəcəyəm”.