Nardaranda bir ilk: - QADIN BƏLƏDİYYƏ SƏDRİ OLDU - FOTO
    • 21-01-2020, 17:12
    • 3 078

Nardaranda bir ilk: - QADIN BƏLƏDİYYƏ SƏDRİ OLDU - FOTO

Nardaran qəsəbəsində ilk dəfə bələdiyyə sədrliyi qadına həvalə olunub.  

News24.az olaraq qeyd olunan məsələylə bağlı Sabunçu rayon III seçki dairəsindən 23 namizədin arasından bələdiyyə sədri seçilən Pərvanə Nəsirovanın özü ilə əlaqə saxlamaq qərarına gəldik.

P.Nəsirova News24.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, doğulub böyüdüyü Nardaran qəsəbəsində bələdiyyə 2009-cu ildə yaradılıb. Bu gunə qədər yerli idarəetmə orqanında yalnız kişilər təmsil olunub. Lakin ötənilki seçkilərdə o, özünü sınayıb: “2019-cu ildə ilk qadın namızəd  olaraq seçkiyə qatıldım. Sabunçu rayon III seçki dairəsindən 23 namizədin arasında 13 nəfər seçilib. Onlar arasında yeganə qadın mənəm”.

Qeyd edək ki, gənc bələdiyyə sədi Bakı şəhərində anadan olub. Nardaran qəsəbəsindəki 295 saylı orta məktəbi bitirib. Sankt-Peterburq Dövlət İqtisad Universitetinin hüquq fakültəsində təhsil alıb.

Pərvanə Nəsirovanın sözlərinə görə, Nardaran dindar qəsəbə kimi tanınsa da, rayona yeni icra başçısı təyin olunandan sonra burda təhsilə, qadınların öndə olmasına böyük şərait yaranıb: “Bundan sonra inam yarandı və qadınların oxumasına üstünlük verməyə başladılar. Mən də “Qadın əli dəydiyi yerdə gül bitər” fikrinə inanıb bu addımı atdım. Bununla da göstərmək istəyirəm ki, nardaranlı qadınlar heç kəsdən geri qalmırlar. Onlar da təhsilli, qabaqcıl xanımlardır.  Bələdiyyə sədri kimi əsas məqsədim burda qadınların, qızların yüksək təhsil almasıdır. Sadəcə, bu işdə müəyyən təkanlar lazımdır. Eyni zamanda yerli idarəetmə orqanının sədri kimi burda bir sıra islahatlar aparmağı düşünürəm. Yəqin bilirsiniz, Nardaranda qadınlar işləmir. Nəinki qadınlar, kişilərin də işləmə səviyyəsi aşağıdır. Burada xalçaçılıq müəsissəsi, atelye açılıb. Qəsəbədəki işsiz insanların belə müəssisələrə işə cəlb olunması üçün çalışacağam”.