Dondar Quşçuda İlkin üçün imza toplanır - NƏRMİNİN AİLƏSİ TƏCİLİ BAKIYA ÇAĞIRILDI - EKSKLÜZİV -  VİDEOREPORTAJ
    • 21-02-2020, 21:02
    • 14 498

Dondar Quşçuda İlkin üçün imza toplanır - NƏRMİNİN AİLƏSİ TƏCİLİ BAKIYA ÇAĞIRILDI - EKSKLÜZİV - VİDEOREPORTAJ

Tovuzun Dondar Quşçu kəndində amansızcasına qətlə yetirilən Nərminin valideynləri, bacıları Bakıya gəlib. 

News24.az-ın redaksiyasında olan ailə paytaxta gəlmə səbəbləri və digər məqamlara aydınlıq gətiriblər. Ürəyi dolu olan ata, ana danışmağa, ağlamağa, dərdini deməyə adam axtarırmış kimi bizimlə söhbətə başladılar.   

Mənim uşağım necə yanıbsa, o adam da elə yanmalıdır

Nərminin atası Şərif Quliyev bu gün ekspertiza üçün qan analizi verməyə gəldiklərini bildirdi: “Bakıdan Baş Prokurorluqdan zəng eləyib dedilər ki, təcili qan analizi verməliyik. Ekspertiza üçün lazımdır. Biz də tez-tələsik yola çıxdıq. Yoldaşımdan da, məndən də qan aldılar. Bu analizin nə işə yarayacağını bilmirəm, yəni bu haqda bizə ətraflı məlumat verilmədi. Yalnız onu bilirəm ki, bu müayinə bəzi şübhələrə aydınlıq gətirilməsi üçün vacibdir”. 
Atanın sözlərinə görə, kənddə bir qrup insan cinayəti törətməkdə təqsirli bilinən İlkin Süleymanov üçün imza toplayırlar: 
“Kənddə bəzi adamlar camaatın arasına düşüb imza toplayırlar ki, İlkinin günahsız olduğunu sübut eləsinlər. İndi adlarını açıqlamayacam. Bu istintaqın işinə mane ola bilər. Baş prokurorluqdan deyirlər ki, nə edirlər, etsinlər. Günahkardırsa, cəzasını çəkəcək. Hüquq - mühafizə orqanları deyir ki, bu adam edib. Ekspertiza yalan danışmaz. Mən dövlətimə inanıram. İnanıram ki, uşağımın əsil qatilini  tapacaqlar. Mənim uşağım necə yanıbsa, o da elə yanmalıdır”. 
 
“Ay Murad, yalan danışma...”
 
Ata İlkinin  əmisi oğlu, polis əməkdaşı olan Murad Süleymanovun açıqlamaları ilə bağlı narazılığını  bildirdi: 
“Deyib ki, mən uşağımı dişindən tanışam.  O adam yalan deyir, mən balamı görən kimi üzündən tanıdım. Düzdür, Nərminin ağzında iki dişi yox idi. Amma ona baxmağa ehtiyac qalmırdı. Çünki Nərminin üzü salamat idi, yanmamışdı. O qatil mənim balamın bədənini yandırmışdı, üzünü yox. Ona görə burdan ona demək istəyirəm ki, Ay Murad, yalan danışma, buna heç kimi inandıra bilməzsən”. 
 
Şərif Quliyev söhbət əsnasında Nərminin qətlində adı hallanan Altay Ələkbərov   haqqında da danışdı: 
“Qabil Məmmədov onun adını çəkdi, amma Altayın günahkar olduğuna inamıram, Altayla bağlı bir şübhə olsaydı, dövlətimiz onu da saxlayardı. Altayın evi bizdən bir az aralıdı, qonşuyuq. Onun evini neçə dəfə yoxlayıblar, özüm şahidi olmuşam. Deyir, İlkin deyib, cinayəti eləməmişəm, zorla boynuma qoyublar. Halbuki ondan əvvəl mənim qardaşımı, qardaşım oğlunu saxlamışdılar. Əgər eləydisə, onların da boynuna zorla qoyardılar da. Ya da bu Altayın boynuna yıxardlar. Bir sübut tapmadılar ki, onlara toxunmadılar, sərbəst buraxdılar. 
Şərif Quliyev mediada əks olunan bəzi yanlış xəbərlərə də aydınlıq gətirib: “Saytların birində yazıblar ki, guya Nərmin yandırıldığı gün səhər tezdən basdırılıb. Bu, düzgün məlumat deyil. Uşaq yanvarın 6-ı axşam yandırılıb. Ayın 7- si günorta rayondan Bakıya ekspertizaya aparılıb. Axşam saat 7-də evə gətirmişik. Ayın 8-i günorta uşaq dəfn olunub. Bir gün ekspertizada müayinə edilib. Ekspertizada bizimlə birgə Baş prokurorun müavini Rüstəm Usubov, Kamal Qılıcov,  daxili işlər nazirliyinin idarə rəisi Arzu Daşdəmirov,  Milli Məclisin deputatı Qənirə Paşayeva olub. Bu hadisə bu qədər adamın gözü qarşısında baş verib,, niyə yalan danışırlar? Necə var, elə danışsınlar”. 
Onu da qeyd edək ki, Ş.Quliyev söhbət zamanı Nərmini arxasınca göndərdikləri gödəkçənin hələ də tapılmadığını dedi: “Nəinki kurtka, qızımın qulağındakı sırğanın tayı da yoxa çıxdı. Bu haqda bizə heç bir məlumat verilmədi.  Bəlkə də tapılıb, istintaqdadır, bu haqda sonra məlumat veriləcək...”.  
 
 “Yuxuda mənə deyir ki, məni niyə tək qoymusuz”
 
Deyilənlərə göz yaşı ilə qulaq asan Nərminin anası Aynurə İsmayılova da söhbətə müdaxilə edir. İnsanların onun kənddən çıxmaq istəməsi haqda fikirlərinə münasibətindən məyusluğunu bildirdi: 

“Mənim nə demək istədiyimi anlamadılar. Mən ev yox, balalarımın canındakı  qorxudan, dərddən uzaqlaşması üçün kənndən uzaqlaşmaq istəyirdim. Mən Nərminin ruhu olan evi qoyub hara gedərəm? İki gündür burdayam, canım orda qalıb. Nərmin yuxuma girir. Deyir, məni niyə tək qoymusuz?  Məni səhv başa düşdülər, ev istəməmişəm, onu deyəndə  özümdə olmamışam. Ürəyimdəkini düz deyə, anlada bilməmişəm. İstədim oralardan aralanaq, amma  görürəm ki, dözə bilmirəm” (ağlayır). 
Şərif Quliyev həyat yoldaşının sözünə qüvvət verir: “Uşağın cəsədi tapılan vaxt dəli olmaq dərəcəsində idik, kənddən, aralanmaq istəyirdik, biz indi başa düşürük ki, uşağımızı qoyub hara gedə bilərik? Bizim evimiz də, həyətimiz də var. Heç kimdən heç nə istəmirik. Bircə balamızın qatili tapılsın. Bütün Azərbaycan bilsin ki, o kimdir”. 

Afaq Mirayiq 
Foto-video: Fərid Şabanov