Bakıda bağlanan lisey haqda şok: insanları aldatmaq...
    • 7-07-2018, 22:00
    • 1 081

Bakıda bağlanan lisey haqda şok: insanları aldatmaq...

"Görünür, lisey özünü doğrultmadığını başa düşür və bununla yanaşı, maliyyə çətinlikləri, başqa problemləri var".

Bu sözləri Axar.az-a təhsil eksperti Nadir İsrafilov "İstək” liseyinin fəaliyyətini dayandırması ilə bağlı deyib. O bildirib ki, liseylər kifayət qədər şagird toplaya bilmədikdə, kontingent olmadıqda bu təhsil ocaqlarını saxlamaq sərf etmir:
"Liseyin təsisçisinin bu qərarı verməsi təbiidir. Valideynlərin narazılığı, kontingentdə olan azalma, ödənişlərlə bağlı çətinliklər buna səbəb ola bilər. Digər tərəfdən, yüksək hazırlıqlı peşəkar müəllimlərin bu məktəbləri tərk etməsi də öz sözünü deyir”.

Təhsil eksperti Almaz Həsrət isə bildirib ki, o, "İstək” liseyinin bağlanmasını müsbət hal kimi qiymətləndirir:

"Lisey durduğu yerdə bu qərarı verməyib, böyük problemlər onu buna sövq edib. Ölkədə "Çağ Öyrətim” şəbəkəsi var idi. "Çağ Öyrətim”in bir xüsusiyyətini aşkarlamışdım. Onların müsabiqələrinə qatılanda şəxsi təcrübəmdə bir şey müşahidə etmişdim ki, xarici ölkələrdə "Çağ Öyrətim”in adı ilə keçirilən müsabiqələrin qaliblərinin 100%-dən 95%-i məhz bu məktəbin şagirdləri olurdu. Yəni bu şəbəkə keçirdiyi müsabiqələrdə şagirdlərin qalib seçilməsində, qaliblərin mükafatlandırılmasında öz şagird və məzunlarını ön plana çəkirdi. Burada digər məktəblərin şagirdləri yox dərəcəsində idi.

"İstək” liseyinin də cəmiyyətdə şişirdilən qalibiyyətlərində, ölkəyə gətirdiyi medallarda bu "oyun” çaları var. Liseyin keyfiyyəti ilə bağlı cəmiyyətdə şişirdilmiş informasiyalar yer alırdı. Son dövrlərdə isə artıq bu cür informasiyalarla insanları aldada bilmirdilər”.

Ekspert vurğulayıb ki, "İstək” liseyinin "Çağ Öyrətim” şəbəkəsi ilə bağlarının da ictimai yaddaşda qalması onlara qarşı inamsızlıqla nəticələndi:

"Bu lisey son vaxtlarda şagird toplaya bilmirdi. Qüsurlar yığıldıqca bunların həlli mümkün olmadı”.

Qeyd edək ki, "İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.