Təhsil müəssisələrində koronavirusa görə qərargah yaradıldı - RƏSMİ
    • 29-02-2020, 19:08
    • 1 134

Təhsil müəssisələrində koronavirusa görə qərargah yaradıldı - RƏSMİ

24 fevral 2020-ci ildə respublikanın bütün təhsil müəssisələrinə verilmiş tapşırıq və təlimatlara əlavə olaraq, Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib.


News24.az xəbər verir ki, bu barədə Nazirliyin “Telegram” kanalında qeyd edilib.


Qərargah koronavirusla bağlı daxil olan sorğu və müraciətlərin araşdırılmasını və müvafiq qərarların təxirəsalınmadan qəbul edilməsini təmin edəcək.


Rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə), ali təhsil və orta ixtisas təhsili müəssisələrinə, peşə təhsili müəssisələrinə, məktəbdənkənar təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeliyində olan ümumi təhsil müəssisələrinə koronavirus xəstəliyinin profilaktikası ilə bağlı məlumatların iş saatlarında dərhal Nazirliyin müvafiq struktur bölmələrinə, qeyri-iş saatlarında Təhsil Nazirliyinin növbətçi əməkdaşına çatdırılması tapşırılıb.


Vətəndaşlar təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinə aid sorğularla bağlı Nazirliyin xüsusi hallar üçün nəzərdə tutulmuş 146-2 “Qaynar xətti”nə 24 saat ərzində müraciət edə bilərlər.