"Qoyun, balam məzarında rahat yatsın” - həkim səhlənkarlığından öldüyü deyilən KİFAYƏTİN ANASI
    • 10-03-2020, 18:38
    • 2 091

"Qoyun, balam məzarında rahat yatsın” - həkim səhlənkarlığından öldüyü deyilən KİFAYƏTİN ANASI

Samux rayonun Qiyaslı kənd orta məktəbinin vəfat edən fizika müəlliməsi İsmayılova Kifayət Asim qızınının ölüm xəbəri sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Bir çoxları gənc xanımın ölümünə səbəb həkim səhlənkarlığı olduğunu bildirirlər. Deyilənlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün mərhumun yaxınları ilə əlaqə saxladıq.
Kifayət İsmayılovanın anasıı Rəqsanə Səmədova News24.az-a açıqlamasında qızının vaxtsız ölümünün səbəbini belə izah edib: “Ötən həftənin 4-cü günü axşam Kifayətin bərk ağrıları başladı. 5-ci gün axşam onu həkimə apardıq. Orda dedilər ki, birinci gün endoskopiya edilməlidir. Ona görə dərman içməli, bağırsağı təmizlənməldir. Amma birinci gün tezdən Kifayətin vəziyyəti ağırlaşdı, komaya düşdü. Orda qızımı endoskopiya eləməmiş Bakıya yola saldılar. Bakıda isə həkim dedi ki, vəziyyəti çox ağırdır, gec gətirmisiniz. Çox ağır vəziyyətdədir, böyrəklər fəaliyyətini dayandırıb. Səhəri gün Kifayəti əməliyyat elədilər, infeksiya olan hissəni çıxarıb, analizə göndərdilər. Nəticələr ayın 7-də çıxmalı idi, amma balam o vaxtadək dünyasını dəyişdi”.

Rəqsanə Səmədovanın dediyinə görə, mərhumun analizlərinin cavabları bu gün bəlli olub: “Bu gün cavablar çıxdı. Məlum oldu ki, bağırsaqlarda infeksiya, kolit, sepsismiş. Onun ölümünün səbəbi kimi bu göstərildi".

Sözünün sonunda ana Kifayətin ölümü ilə bağlı mətbuatda yazıların getməsinin əleyhinə olduğunu da bildirib: "Mən qızımla bağlı yazıların saytlarda yayılmasını istəmirəm. Kifayətin həkim səhlənkarlığından, yaxud Allahın əcəli ilə öldüyünü hallandırmasınlar. Uşağımın məzarının açılıb onun incidilməsini istəmirəm. Əgər doğrudan da burda həkim səhlənkarlığı varsa, onu Allaha tapşırıram. Mənim yaram təzədir. Ona duz basmayın. Qoyun, balam məzarında rahat yatsın”.