Sumqayıt polisi koronavirusla əlaqədar mobil qruplar yaratdı
    • 30-03-2020, 19:57
    • 902

Sumqayıt polisi koronavirusla əlaqədar mobil qruplar yaratdı

Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejimi davam edir. 


Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, infeksiyanın yayılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində də sürücülər və sakinlər arasında profilaktik tədbirlər davam etdirilir. 


Bu məqsədlə paytaxtla yanaşı, Sumqayıt şəhərində də xüsusi karantin rejimi tədbirlərinin gücləndirilməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları da polislə birgə xidmətə cəlb ediliblər. Şəxsi heyət təlimatlandırılandan sonra əhali arasında profilaktik tədbirlər daha da gücləndirilib. Sumqayıt şəhərinin bütün küçə və prospektlərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları insanları “evdə qal” kampaniyasına qoşulmağa səsləyib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb.


Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlarla profilaktik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib, onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilir. Lüzumsuz yerə nəqliyyat vasitəsi idarə edənlərə xüsusi karantin rejiminin tələblərinə əməl edərək "evdə qal" kampaniyasına qoşulmaq tövsiyə olunur.

Qeyd edək ki, Sumqayıt şəhərinin bütün nöqtələrində xüsusi karantin rejiminin tələblərinə əməl olunması məqsədilə polis və daxili qoşunların şəxsi heyətindən ibarət mobil qruplar vasitəsilə nəzarət qətiyyətlə davam etdiriləcək. Nizam-intizami pozan şəxslər barəsində isə qanuni tədbirlərin görülməsi təmin olunacaq.