Martda sosial təminat növləri üzrə əhaliyə 486 milyon MANAT ÖDƏNİLDİ
    • 11-04-2020, 16:48
    • 1 122

Martda sosial təminat növləri üzrə əhaliyə 486 milyon MANAT ÖDƏNİLDİ

Mart ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əhaliyə pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı olaraq ümumilikdə 486 milyon manat vəsait ödənilib.

Nazirlikdən News24.az-a verilən məlumata görə, ölkədə 2 milyon 300 min şəxs bu sosial təminat növləri üzrə ödənişlərlə təmin olunub. 2019-cu ildə reallaşdırılan sosial paketlər çərçivəsində müavinət və təqaüdlərin iki dəfəyə qədər artırılması təmin olunub. Beləliklə, müavinət və təqaüdlər üçün illik büdcə iki dəfəyə qədər artırılmaqla 985 milyon manata çatıb. Yeni təqaüd növləri – sağlamlıq imkanları məhdud uşaqlara və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, müharibə veteranları üçün Prezidentin aylıq təqaüdləri təsis edilib.

Habelə ötən il minimum pensiya 72,4 faiz artırılaraq 116 manatdan 200 manata çatdırılıb, əmək haqqı artımı xüsusi şərtlərlə təyin olunmuş pensiyalar müvafiq sahələr üzrə əməkhaqlarının artımı nəticəsində orta hesabla 31% artırılıb. 2020-ci ilin əvvəlindən isə pensiyalar ötən ilin orta aylıq əməkhaqqının artım göstəricisinə uyğun indeksləşdirilərək 16,6 faiz artırılıb. Ötən ilki islahat və cari ilin əvvəlindən indeksləşdirmə nəticəsində son bir ildə yalnız pensiya artımları üçün ayrılan əlavə vəsait 1 milyard manatdan çoxdur.