Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma müddəti uzadılacaq
    • 28-04-2020, 10:31
    • 823

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma müddəti uzadılacaq

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda 01-31 may tarixlərində olma müddəti bitən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. 

DMX-dan News24.az-a verilən məlumata görə, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin diqqətinə çatdırılır ki, müraciətləri  ilə bağlı  mövcud vəziyyət  mütəmadi olaraq təhlil edilir və fəaliyyətin günün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.

Ölkəmizdə olduğu yer üzrə qeydiyyata alınmış, olma müddəti 01-31 may tarixlərində bitən (və bitəcək) və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin Azərbaycanda olma müddətləri 30-60 gün müddətinə uzadılacaq.

Bunun üçün həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/payments-search?lang=az) vasitəsilə ödəniş nömrəsini əldə edib, elektron qaydada (Hökumət Ödəniş Portalı, “ASAN ödəniş” sistemi və ya Expresspay terminalları vasitəsi ilə)  dövlət rüsumunu ödədikdə (uzadılmış müddətə uyğun olaraq) ölkədə qanuni qala bilərlər.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarların fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə həmin şəxslər Xidmətin internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə qərarları əldə edə bilərlər. 

Ətraflı məlumat üçün Dövlət Miqrasiya Xidmətinin Facebook, Twitter sosial hesablarından və ya fasiləsiz rejimdə işləyən (012) 919 Çağrı Mərkəzi ilə əlaqə yaratmaq xahiş olunur.