"Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək"- DÖVLƏT BAŞÇISI
    • 7-05-2020, 18:09
    • 645

"Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək"- DÖVLƏT BAŞÇISI

"Ona görə mən hesab edirəm ki, bütün kompleks tədbirlər, vətəndaşların məsuliyyəti və nizam-intizamı nəticəsində biz bundan sonra da bu vəziyyəti nəzarət altında saxlaya biləcəyik. Çünki burada məsələ ancaq dövlət qurumlarının fəaliyyətindən asılı deyil. Dövlət qurumları, vətəndaş cəmiyyəti, vətəndaşlar, biz bir nöqtəyə vurmalıyıq. Biz həmrəylik, birlik göstərmişik. Həmrəyliyin təzahürlərindən biri də odur ki, həm dövlət, həm özəl sektor, sahibkarlar, ayrı-ayrı adamlar imkansız insanlara əl tuturlar, kömək göstərirlər, onları ərzaq malları ilə təchiz edirlər. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr verirlər. Artıq Fondda 100 milyon manatdan çox vəsait toplanıb. Bütün bunlar bizim xalqımızın ən yüksək xüsusiyyətlərini göstərir: mərhəmət, imkansızlara diqqət, yardım, birlik, həmrəylik. Amma məsuliyyət də, nizam-intizam da göstərməliyik. Hələ ki, biz bunu müraciət formasında dilə gətiririk. Amma lazım olsa, bu, məcburi qaydada tətbiq ediləcək".

News24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısı deyib: "Həkimlər öz həyatını, sağlamlığını, yaxınlarının sağlamlığını risk altına qoyurlar, xəstələrə gecə-gündüz xidmət edirlər. Biz həkimlərin fədakarlığını yüksək qiymətləndiririk. Bir daha Azərbaycan xalqı gördü ki, ən çətin dövrdə, bu pandemiya dövründə aparıcı şəxs, aparıcı adam insanların həyatını qoruyan həkimdir. Əlbəttə, bütün başqa amillərlə bərabər, dövlət lazımi tədbirləri görür. Amma son nəticədə xəstələri müalicə edən, onları həyata qaytaran həkimlərdir. Həkimlər gecə-gündüz işləyirlər, insanları xilas edirlər. Bu xəstəlikdən canını qurtaran bütün pasiyentlər, ilk növbədə, həkimlərə minnətdar olmalıdırlar. Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Nəyə görə kimsə özü üçün hansısa xüsusi imtiyaz yaratmaq istəyir. Buna gəldikdə də bildirməliyəm, pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır. Ona görə heç kimə heç bir imtiyaz verilməyəcək. Odur ki, karantin rejimini pozan, vaxtını hansısa iaşə obyektində keçirmək istəyən adamlara qarşı da, - onlar müəyyən olunduqda, - ciddi cəza tədbirləri görülür, tətbiq olunur, o cümlədən vəzifəli şəxslərə qarşı. Karantin rejimini pozduqlarına görə artıq bir neçəsi cəzalandırıldı".