İlham Əliyev və birinci xanım Heydər Əliyevin doğum günü münasibətilə ağac ƏKDİLƏR
    • 10-05-2020, 14:03
    • 762

İlham Əliyev və birinci xanım Heydər Əliyevin doğum günü münasibətilə ağac ƏKDİLƏR

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər.

News24.az xəbər verir ki, dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına, mövcud yaşıllıqların sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərilir. Ölkəmizdə bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən də Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib. Hazırda ölkəmizdə həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir, ekoloji mühitin dayanıqlı mühafizəsinə nail olmaq məqsədilə mühüm layihələr reallaşdırılır.

Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə birinci xanım Mehriban Əliyevin rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verib. Birinci xanımın təşəbbüsü ilə 2019-cu ildə mütəfəkkir şair İmaddədin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərməklə, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.

Neft və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır. İndiyədək bu istiqamətdə çox uğurlu layihələr reallaşdırılıb. Abşeron yarımadasında ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də təhlükəli tullantılarla çirkləndirilmiş keçmiş yod-brom zavodunun Suraxanı rayonu ərazisindəki tullantı poliqonu idi. Bu ərazi əvvəllər ekoloji normalara və tələblərə uyğun gəlmirdi. Görülən işlər nəticəsində hazırda ərazinin ekoloji durumu normalara tam uyğunlaşdırılıb.

Burada icra olunan layihənin birinci mərhələsində - 2018-2019-cu illər ərzində 67 hektar ərazi yod-brom və digər neft tullantılarından təmizlənib, drenaj və suvarma sistemləri qurulub, əraziyə 52 mindən çox müxtəlif növ ağac-kol tingləri əkilməklə geniş meşə-park salınıb. Hazırda həmin ərazinin qalan 100 hektarlıq sahəsində layihənin ikinci mərhələsinin icrası prosesi davam etdirilir. 2020-ci il ərzində təmizlənmiş ərazilərdə Abşeronun iqliminə uyğunlaşdırılmış Eldar şamı, Avropa zeytunu, Həmişəyaşıl sərv, Arizona sərvi və digər həmişəyaşıl ağac kol növlərinə aid, ümumilikdə, 82 min tingin əkilməsi planlaşdırılır. Layihənin icrası Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı şəhəri istiqamətində, Zığ şossesi boyu hər iki istiqamət yaşıllıq zolağı olacaq.