Laçınla birgə biz nə itirdik - 28 illik ayrılıq...
    • 18-05-2020, 00:00
    • 1 092

Laçınla birgə biz nə itirdik - 28 illik ayrılıq...

Azərbaycanın Laçın rayonunun Ermənistan tərəfindən işğal olunmasından 28 il ötür.

News24.az -ın məlumatına görə, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub.

1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intesiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu.

1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vastəsilə daxil olub.

Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu.

İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır.

Ermənistan tərəfindən rayonda dövlət və özəl mülkiyyətə ciddi zərər yetirilib. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilib.

54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. 6-cı əsrə aid Alban Ağoğlan məbədi, 14-cü əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq bunların sırasındadır. Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talan edilib. Həmçinin talan edilmiş Laçın Tarix Muzeyinin eksponatı olan gümüş əl çantası Londonda "Sotheby`s" auksionunda 80 min ABŞ dollarına satılıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərini davam etdirir.

Ermənistanın kəskinləşən hərbi təcavüzü şəraitində BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edərək, Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyini və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edərək işğalçı qüvvələrinin zəbt olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirməyərək işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsinə (anneksiya) yönəlmiş siyasət yürüdür.

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu alıb. 1835 kvadrat kilometr ərazisi olan rayonun 121 kəndi var.