"Cabir məndən qat-qat istedadlıdır..." - TAHİR İMANOV
    • 8-06-2020, 17:09
    • 1 727

"Cabir məndən qat-qat istedadlıdır..." - TAHİR İMANOV

"Bir çox aktyorlar elə düşünürlər ki, biz elə-belə işləyirik. Bunun faydası yoxdur. Amma mən hər zaman demişəm ki, səbirli olmaq lazımdır. Hər bir məsələ öz həllini tapacaq və faydası olacaq. Bu istiqamətdə geniş auditoriyanı əldə saxlamaq çox çətindir. Çünki son zaman tamaşaçılar bayağı yumora daha çox üstünlük verirlər. Bu tək bizim sahəyə aid deyil. Estrada musiqimizə nəzər salsaq, bir bəstəkar nəvəsi kimi deyə bilərəm ki, ailəmizə bu hadisələr çox pis təsir edir. Azərbaycan musiqisindən uzaq olan ritmlər, notlar, dırnaqarası mahnıları eşidəndə ailəlikçə çox əsəbiləşirik. Biz hər zaman əsl Azərbaycan musiqisini eşitmişik, eləcə də yumor və satira. Bizim sahədə "dombalaq aşanlar" bu gün hökmranlıq edirlər".

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tahir İmanov AzTV-də yayımlanan "Ağ qara" verilişində deyib. Aktyor bildirib ki, onun teatrı qadağalar dövründə daha çox uğur qazanıb: "10 il bundan əvvəlki konsertləri izləyib gördüm ki, bizim satira sərtləşdi. Fəaliyyətimizin yeni mərhələsinə addımlarını atanda anladım ki, gec-tez bunun sonu yaxşı olmayacaq. Satiralarımız gec-tez kiminsə xoşuna gəlməyəcək və qadağalar olacaq. Tamaşaçılarımız bizə sual verirdilər "Qorxmursunuz?" Bu suala yeganə bir cavab var: "Xeyr, qorxmuruq". Əgər, qorxsaq, o zaman gərək səhnəyə çıxmayaq, biz də "dombalaq aşaq". Yadımdan çıxmaz, qadağaların başlanğıcı idi. Hiss edirdim ki, bizə qadağa qoymaq istəyirlər. Özəl telekanallardan birinin rəhbəri məni dəvət edib söylədi ki, müasir yumoristlərlə ayaqlaşmaq lazımdır. O insan və ətrafı yumoru, satiranı anlamır. Bir anlıq "Müasir yumoristlərlə ayaqlaşmaq" fikrini təsəvvürümə gətirdim və həmin anda "Yox" cavabını verdim. Söylədim ki, bu alınmayacaq. Çünki, əgər, biz bunu etsək, çempion adımızın üzərinə xətt çəkmiş olacağıq. Onun söylədiyi ilə razı olmadıq. Biz ən böyük layihələrimizi məhz qadağa vaxtı reallaşdırdıq. "Ölüləri" çəkəndə bizə dedilər ki, orda elə zarafatlar var ki, bunu qətiyyən efirdə göstərməzlər, amma sözügedən film üç dəə televiziyada nümayış olunub. Biz səbr elədik. Lazım olsaydı həyatımızın sonuna qədər səbr edərdik, çünki bu artıq bizim alın yazımızdır. Vay o insanın halına ki, öz əqidəsini dəyişir, sənətlə vidalaşır. Bunun nəticəsi çox pis olur".

Əməkdar artist aparıcının "Sevdiyiniz insanlar sizin sevginizdən xəbərdardılar?" sualına bu cür cavab verib: "Sevdiyim insanlara sevgimi deyə bilirəm. İnsan, xüsusilədə kişi əksar hallarda hisslərini öz içində saxlamamalıdır. Sevirsənsə denən sevirəm, sevmirsənsə denən sevmirəm, yəni bunu gizlətmə. Qarşındaki insana denən ki, fikirlərinə hörmətlə yanaşırsan, amma onu sevmirsən. Məncə, əsl, kişi öz hisslərini etira etməlidir. Əks halda böyük bir yalanın fundamenti qoyulacaq".

T. İmanov qardaşı C. İmanondan da danışıb: "Çox insanlar deyir ki, Cabir səndən daha yaxşı və yumuşaqdır. Buna görə çox xoşbəxtəm. Çünki, mən hər zaman Cabir üçün ən yaxşısını istəmişəm. Məncə, Cabir məndən qat-qat istedadlıdır".

Sevda Bayramova