"30 nəfərin döyməsiylə bağlı dedikləri məntiqli deyil" -  DİN Kərim Süleymanlının iddiasına CAVAB VERDİ - VİDEO
    • 9-06-2020, 18:30
    • 1 004

"30 nəfərin döyməsiylə bağlı dedikləri məntiqli deyil" - DİN Kərim Süleymanlının iddiasına CAVAB VERDİ - VİDEO

Dünən Yasamal rayonunda polisin üzərinə zibil atılmasına görə saxlanılan bu gün isə səhhətindəki problemə görə sərbəst buraxılan Kərim Süleymanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya və daxili işlər naziri Vilayət Eyvazova müraciət edib.

News24.az xəbər verir ki, K.Süleymanlı saxlanıldıqdan sonra 5 saat ərzində 30 polis əməkdaşı tərəfindən döyüldüyünü iddia edib. O qeyd edib ki, ağciyərinin biri cərrahi əməliyyatla çıxarılıb: "Mən bunu onlara dedim, amma 5 saat məni döydülər. 2009-2011-ci illərdə Mübariz İbrahimovla bir yerdə xidmət etmişəm, döyüşdə olmuşam. Baxın, gözüm nə gündədir. İnsanı belə günə qoymazlar  Mənə nalayiq sözlər dedilər. Ekspertizaya gedəcəyik. Onların da cavabını göstərəcəyəm. Mənimlə birgə orada 11 nəfər olub və hamısı döyülüb. Məhkəmə 15 sutkalıq cəza verdi. Binəqədi məni qəbul etmədi. Qızdırmam 37,7 dərəcə idi. Bölməyə geri qaytardılar. Oradan da məni buraxdılar".

Kərim Süleymanlı 29-cu Polis Bölməsinin rəisinin ondan üzr istədiyini də bildirib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov News24.az-ın sorğusuna cavab olaraq K.Süleymanlının dediklərinin həqiqətə uyğun olmadığını bildirib: “Hər bir vətəndaşın, hər bir insanın ölkə başçısına, hüquq-mühafizə orqanlarına müraciət etmək haqqı var. Müraciət edib, araşdırılacaq. Onun beş saat ərzində 30 nəfər tərəfindən döyülməsi ilə bağlı səsləndirdiyi fikirlər məntiqi cəhətdən düzgün deyil. Dedikləri yalandır. Ola bilsin ki, qərəzdən irəli gəlir”. 

E.Zahidov Kərim Süleymanlının polis bölməsində olan zaman qızdırmasının 37,7 dərəcə olmasına da münasibət bildirib. O qeyd edib ki, K.Süleymanlı polis bölməsinə gətirilən zaman onun tempraturu ölçülməyib. 

Qeyd edək ki, Kərim Süleymanlı Yasamal ərazisində həftəsonu iki günlük karantin rejiminin məhdudlaşdırılması zamanı eyvandan polis əməkdaşlarına zibil atmaqda təqsirləndirilir və barəsində 15 sutka həbs cəzası qərarı verilib Səhhətində yaranan problemdən dolayı bu gün evə buraxılıb Onun qardaşı Elvin Süleymanlı da saxlanılananlar arasındadır.