“Müdirə bizdən pul istəyib İNCİDİRDİ” - NÖVBƏTİ BAĞÇA QALMAQALI – ŞİKAYƏT - VİDEO
    • 11-06-2020, 16:47
    • 1 365

“Müdirə bizdən pul istəyib İNCİDİRDİ” - NÖVBƏTİ BAĞÇA QALMAQALI – ŞİKAYƏT - VİDEO

“2013-cü ildən Yevlax rayonunda yaşayıram. Elə həmin ildən 4 saylı uşaq bağçasında işləyirəm. 2018-ci ildə qrupun birini bağladılar. Müdir bizdən qrupun bağlanmamağı üçün pul istədi”. 

Bunu News24.az-a şikayətində Yevlax şəhər 4 saylı Körpələr Evindən işdən çıxarılan Mətanət Səlimova bildirib.

Onun sözlərinə görə, bağçanın müdirəsi Bahar Vəlizadə onlardan üç min manat pul istəyib: “Biz sadə adamlarıq, o qədər pulu verməyə imkanımız yoxdur axı. Gördü verə bilmirik, 500 manata razılaşdı. Sonra həmkarım Sara Kərimova ilə ikimiz 200 manatdan məcbur olub verdik, bununla bağlı səs yazısı da var”. 

M.Səlimova onu da deyib ki, problemlər müdirə xanımın onu analıq məzuniyyətinə göndərmək istəyi ilə başlayıb: “Məni analıq məzuniyyətinə göndərib, yerimə üç işçi götürdü. Halbuki bununla bağlı məndən sənədləri imzalamağı tələb etdi, razılıq vermədim. Əgər qrup bağlanırdısa, bizi başqa bağçalarda işlə təmin etməli idilər. Bu qədər özbaşınalıq olmaz axı. Heç bilmirəm kimdən kömək istəyim. Deyir heç kimdən qorxmuram. Bağçanın yanğın pilləkənlərini belə satıb.”. 

Şikayətçi əlavə edib ki, bununla bağlı aidiyyatı qurumlara müraciət etsə də, hələ ki işə bərpa olunmayıb: “Mən bu işə düzələnə qədər çox əziyyətlər çəkmişəm. Atam Xocalıda vuruşub, ordan qayıtdıqdan bir ay sonra həlak oldu. Bələkdə yetim qaldıq, anam 4 uşağı min əziyyətlə böyütdü. Ehtiyaca görə böyük bacım “Tibb bacısı işi” üzrə təhsilini yarımçıq saxladı. Mən anama yalvardım ki, təhsilimi davam etdirim. Bütün çətinliklərə baxmayaraq oxudum. Onu özümə bağışlaya bilmirəm ki, o qədər əziyyətim heç olub. İndi uşaqlarım deyir, mama hər azan vaxtı dua edirik ki, sən işə qayıdasan”. 

Məsələ ilə bağlı bağçanın müdirəsi Bahar Vəlizadə ilə əlaqə saxlamaq istəsək də, o, telefonlara cavab vermədi. 

Yevlax Şəhər İcra Hakimiyyətinin başçı müavini Elnarə Əzizova ilə də əlaqə saxladıq. O News24.az-a açıqlamasında bildirib ki, 2018-ci ildə Maliyyə Nazirliyi tərəfindən rayonda yoxlama aparılıb: “O zaman 3 bağçada qrup bağlandı, biri də bu bağçada oldu. Bu qrupda ixtisar getdi, Sara və Mətanət müəllimə həmin o qrupda idilər. Sonra bu müəllimələr işsiz qalmasınlar deyə məzuniyyət yerinə yerləşdirildilər. Məzuniyyətə çıxan digər müəllimələr həmin vaxt işə qayıdanda, təbii olaraq məzuniyyət yerinə götürülən adamlar işdən çıxarılır. Onlar da narazılıq etdilər, Yevlax Şəhər Prokurorluğuna, Prezident Adminstrasiyasına yazdılar. Hazırda bu məsələ ilə bağlı Yevlax Şəhər Prokurorluğunda araşdırma aparılır. Bütün sənədləri biz ora göndərmişik”.

E.Əzizova müəllimlərin dedikləri ilə razılaşmır: “Onların sözündən elə çıxır ki, onlar məzuniyyətə gedəndən sonra işçi götürülüb. Bu müəllimənin qaynatası da, özü də dəfələrlə burda olub, biz onlara bildirmişik ki, yer olan kimi köməklik olunacaq. Hazırda bizdə bağçalarda heç bir vakant yer yoxdur. Biz onları necə yerləşdirək”.   

Afaq Mirayiq