AZAL-dan sərt qaydalar - Qızdırma ölçüləcək, baqajlar dezinfeksiya ediləcək...
    • 11-06-2020, 17:25
    • 494

AZAL-dan sərt qaydalar - Qızdırma ölçüləcək, baqajlar dezinfeksiya ediləcək...

Pandemiya dövründə sərnişin daşımaları ilə bağlı AZAL-ın yeni qaydaları müəyyənləşib. 

News24.az xəbər verir ki, bu qaydalara əsasən Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən sərnişinlər üçün aşağıdakı tədbirlər tətbiq edilir:

- yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə verilir;

- terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq - dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçirlər; 

-  aerovağzal kompleksinin daxilində sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskaları olmayan sərnişinlərə hava limanı əməkdaşları tərəfindən maskalar təqdim ediləcəkdir;

- girişdə bütün sərnişinlərin  bədən hərarəti  ölçüləcək,  37,50 C-dən yuxarı hərarəti olan sərnişinlər reysə buraxılmayacaq;

-  aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla həyata keçiriləcək. Bunun üçün terminalda xüsusi işarələr mövcuddur;

- qeydiyyat üçün növbələrə hava limanının xüsusi təyin edilmiş əməkdaşları tərəfindən nəzarət olunacaq. Qeydiyyat prosedurunu həmçinin müstəqil qeydiyyat köşklərində də keçmək mümkündür (“Azərbaycan Hava Yolları” və “Buta Airways”  aviaşirkətlərinin reysləri üçün). Bu zaman baqajı «Bag Drop» masasında təhvil vermək olar. Növbədə gözləməmək məqsədilə aviaşirkət qeydiyyat prosedurunu saytda onlayn rejimdə və ya mobil tətbiq vasitəsilə keçməyi tövsiyə edir. Sərnişinlərin baqajı qəbul edildikdən sonra dezinfeksiya olunacaq və üzərinə təsdiqləyici işarə vurulacaq;

- uçuş zonasında (gömrük və sərhəd nəzarətindən keçdikdən sonra) Duty Free mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək;

-  sərnişinlərin hava gəmisinə daxil olması salondakı sonuncu sıralardan başlayaraq həyata keçiriləcək.

Hava gəmisi salonunda aşağıdakı tədbirlər görüləcək:

- sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, birdəfəlik istifadə üçün əlcəklər, həmçinin dezinfeksiyaedici heldən (sanitayzer) ibarət fərdi qoruyucu vasitələr dəsti təqdim edəcək;

- tualet kabinələrindən istifadə istisna olmaqla, uçuş müddətində salonda gəzməyə icazə verilmir;

- ekipajla təmasın minimuma endirilməsi üçün uçuş zamanı sərnişinlərə hermetik qablaşdırmada qida və birdəfəlik istifadə üçün yemək ləvazimatları təqdim ediləcək. Biznes və VIP sinif sərnişinlərinə hermetik bağlamada yerləşdirilən 4 növ qidanın təsvir olunduğu menyu kartı təqdim ediləcək. Pandemiya dövründə sərnişinlərə, birdəfəlik istifadə olunan qulaqcıqlar istisna olmaqla, yastıq, ədyal, planşet və digər ləvazimatlar təqdim olunmayacaq;

- Uçuş zamanı sərnişinlərdən birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o, digər sərnişinlərlə təmasın minimuma endirilməsi məqsədilə hava gəmisi salonunun arxa hissəsində təcrid ediləcək. Ona xidmət göstərmək üçün ayrıca təyyarə bələdçisi təyin ediləcək.

Heydər Əliyev Beynəlxalq Aeroportuna uçub gələn sərnişinlərə münasibətdə aşağıdakı tədbirlər görüləcək:

- uçuşdan sonra bütün sərnişinlər hava limanı əməkdaşlarının təlimatlarına əməl etməlidirlər, onlar növbəli qaydada bədən hərarətinin ölçülməsi və xüsusi testlərdən keçmək üçün yönləndiriləcəklər; 

- xəstəlik əlamətləri olan sərnişin aşkar edildiyi halda həmin sərnişin tibbi heyət tərəfindən xüsusi avtomaşın vasitəsilə müvafiq tibb müəssisəsinə çatdırılacaqdır. Bu halda sərhəd xidmətinin əməkdaşı çağırılaraq mobil avadanlıq vasitəsilə sərhəd nəzarəti həyata keçiriləcək;

- test nəticələri mənfi olan sərnişinlər sosial məsafəni təmin etmək üçün xüsusi döşəmə işarələrinə riayət etməklə sərhəd nəzarətinə yaxınlaşacaqlar;

- uçuşdan sonra sərnişinlərin baqajı dezinfeksiya olunacaq və üzərinə bunu təsdiq edən xüsusi stiker vurulacaq; 

- qarşılayan şəxslər sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksindən kənarda  gözləyə bilərlər.

Qaydaların əyani nümayişi üçün “Azərbaycan Hava Yolları” tərəfindən hava limanında və hava gəmisində yuxarıda qeyd olunan prosedurlardan keçmə ardıcıllığını əks etdirən videoçarx hazırlanmışdır. Videoçarxla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür:

Qeyd etməliyik ki, profilaktik işlər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün terminallarında və hava gəmilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Hava limanı ərazisində istifadə edilmiş maskaların və digər fərdi qoruyucu vasitələrin atılması üçün kifayət qədər qapalı tullantı qutusu mövcuddur.

Reyslərdə qida təminatı əməkdaşlar tərəfindən bütün sanitar normalara riayət etməklə həyata keçirilir, bütün birdəfəlik istifadə qabları utilizasiya olunur.

“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin hava gəmiləri salonlarında hava HEPA-filtrləri mütəmadi surətdə dəyişdirilir.

“Azərbaycan Hava Yolları” Operativ Qərargahın, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət olunmasına məsuliyyətlə yanaşmağı sərnişinlərə tövsiyə edir.
 
Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbəsində, uçuşun maksimal dərəcədə rahat və təhlükəsiz keçməsi üçün bütün səylərini səfərbər edəcəklər.