-
- 1-10-2018, 13:30
- 2 867
Dünya ölkələrində qəribə adətlər - Bəyin üzünə tüpürənlər, məzarlıqda piknik edənlər....
Dünya ölkələrində bizim üçün qeyri-adi görünən maraqlı ənənələr var. Bu gün news24.az dünya ölkələrində mövcud olan maraqlı adətlər barəsində məlumat təqdim edir.
Dünyanın elə ölkələri var ki, orda qəbiristanlığa insanlar hüznlənməyə yox, əylənməyə gəlirlər. Məsələn, Danimarkada məzarlıqda soyunub özünü günə verən və ya piknik süfrəsi açıb əylənən adamları görmək heç kimi təəccübləndirmir. Buna səbəb ölkə ərazisinin kiçik olmasıdır və yerli əhali ən xırda boş torpaq sahəsini praktiki dəyərləndirməyə çalışmasıdır.
Dünyanın əksər ölkələrində uşağın başını sığallamaq mərhəmət rəmzi sayılsa da, Tailandda bu həqarət sayılır. Tailandlıların inancına görə, insanın ruhu başında gizlənir, ora yad adamlar əl vura bilməzlər. Hətta, bərbərlər müştərilərin başına toxunmazdan öncə baş əyir, sonra işə başlayırlar.
Norveçdə insanın üzünə baxa -baxa onu tərifləmək qəbuledilməz haldır. İnsana ancaq ən yaxın adamı kompliment söyləyə bilər.Yalnız gerçəkdən sevdiyi insanın yaxşı əməlindən və ya gözəlliyindən vəcdə gələnlər xoş sözlər söyləyə bilərlər.
Cənubi Koreyada kiminsə adını qırmızı qələmlə yazmaq, o insana ölüm arzulamaq kimi qiymətləndirilir.Bu ölkədə qırmızı qələmlə yalnız düşmənlərin adları qeyd edilir.
Avstraliya, Yeni Zelandiya, İrlandiya, Şotlandiya və Niderlandda taksiyə oturan sərnişinin arxa oturacaqda əyləşməsi kobud səhv sayılır.
Tibetdə insanlar bir-birini salamlayarkən dillərini çölə çıxarırlar. Əfsanəyə görə, Lanq Darma adlı kralın dili qara rəngdəymiş. İnsanlar onun şeytana ibadət etdiyini , ölümündən sonra ruhunun keçəcəyi şəxsin də dilinin qara olacağını düşündükləri üçün hər qarşılaşanda bir- birlərinə dillərini göstərməyə başlayıblar. Bax beləcə dil çıxarma adəti yaranıb.
Çində və bəzi Uzaq Şərq ölkələrində insanların doğum günü Ay təqvimi ilə hesablanır. Buna görə də eyni adamın ad günü müxtəlif təqvim günlərinə düşə bilir.Buna görə də, Çində insanlar əslində olduqlarından 1-2 yaş böyük hesab olunurlar.
Keniyanın Masai qəbiləsində insanlar qarşısındakını sevgiylə salamlamaq üçün bir–birlərinin üzünə tüpürürlər. Birisini uzaq yola salanda və ya toy günü bəyin, gəlinin üzünə tüpürmək bu ölkədə xoşbəxtlik arzulamaq anlamına gəlir.