Bakıda uşaq sığınacağına HÜCUM EDİLDİ - ŞİDDƏT, CİNSİ ZORAKILIQ - TƏFƏRRÜAT
    • 24-06-2020, 12:16
    • 1 180

Bakıda uşaq sığınacağına HÜCUM EDİLDİ - ŞİDDƏT, CİNSİ ZORAKILIQ - TƏFƏRRÜAT

Gecə saatların Azərbaycan Uşaqlar Birliyinin nəzdindəki Uşaq Sığınacağı-Reabilitasiya Mərkəzinə gecə saatlarında hücum olub.

Bu barədə News24.az-a sığınacağın rəhbəri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, hadisə gecə 01:00 radələrində baş verib: “Bir ay bundan öncə Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinin əməkdaşları tərəfindən evdən qaçan və geri dönmək istəməyən 17 yaşlı qız bizim sığınacağa yerləşdirilib. Qızın evdən qaçmasına səbəb onu böyüdən bibisinin ona qarşı şiddət göstərməsi olub. O bu səbəbdən artıq neçənci dəfədir ki, evdən qaçıb. O bura yerləşdiriləndə baxımsız vəziyyətdə idi. Psixoloji vəziyyəti də yerində deyildi. O sığınacaqdan heç yerə getmək istəmir”.

K.Ağazadə bildirib ki, gecə saatlarında sığınacağa hücum edən qızın bibisi və bibisiqızı onu özləri aparmaq istəyiblər. Buna səbəb isə ekspertizanın rəyi olub: “Qız sığınacağa yerləşdiriləndən hücum olan ana qədər onunla heç kim maraqlanmayıb. Məhz ekpertizanın rəyindən sonra onlar bu addımı atdılar. Onu böyüdən bibinin məqsədi qızı buradan çıxarıb izahatı tamamilə dəyişməkdir. Çünki burada cinsi zorakılıq ehtimalı da var. Qız evdən qaçan zaman hansısa oğlanın yanına gedib”.

Kəmalə Ağazadə bildirib ki, həmin şəxslər Xaçmazda yaşayırlar: “Mənə maraqlı qalan məqam odur ki, xüsusi karantin günlərində onlar postları necə keçib Bakıya gəliblər? Sığınacağın qarşısında səs-küy yaradıb çox böyük bıyabırçılıqlar edib. Çevik Polis Alayı gələndən sonra onları ərazidən uzaqlaşdırmaq mümkün olub. Hamını inandırmaq istəyirlər ki, qızı biz öyrədirik. Ekspertizanı biz öyrədirik? Biz polislə uşaqların hüquqlarını müdafiə etmək üçün əməkdaşlıq edirik. Material hazırda təhqiqatdadır. Yəqin ki, istintaqa gedəcək. Bütün hüquqi addımlar atılacaq”.