Oksana, Nura və Pərvinin Səidə Sultanın "QOYUN" İFADƏSİNƏ REAKSİYALARI:
    • 6-07-2020, 19:05
    • 910

Oksana, Nura və Pərvinin Səidə Sultanın "QOYUN" İFADƏSİNƏ REAKSİYALARI: "Hər kəs öz səviyyəsində danışır"

Müğənni Səidə Sultan "Altın kelebek"in yerli namizədlərini təhqir edib.

O, qaliblə bağlı rəyini "İnstagram"da yazıb: "Bəli, Azərbaycandan bir çox müğənni qatılmışdı. Hamısı da qoyun kimi bilirdi ki, sən udacaqsan". 

Səidə Sultanın bu paylaşımı ilə bağlı namizədlərdən biri olan müğənni Nura Suri News24.az-a açıqlama verib: "Bizdən on nəfər bu nominasiya üzrə namizəd idi. Onlardan ikisi aktrisa, dörd xanım müğənni və kişi namizədləri idi. Xanımlardan Xalq artisti Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Gülay Zeynallı və mən. Baxmayaraq ki, Röyanın yaşı azdır, amma kifayət qədər iş görüb və bu gün ölkənin Xalq artistidir. Axı bu belə də olmalı idi, qalib Röya olmalı idi, çünki o, xalqın artistidir, biz isə heç Əməkdar artist belə deyilik. Heç birimiz onun qədər iş görməmişik, ona görə də böyük-böyük danışa bilmərik. Əks halda fikirlərimiz gülünc olardı. Eyni nominasiyada namizəd olmaq artıq bir uğurdur. Bu qədər sənətçilərin arasında seçilib namizəd olmaq çox böyük nailiyyətdir. Burada şişirdiləcək, ya da kiməsə qoyun deyiləcək məsələ yoxdur. Belə bir sözü demək, insanları təhqir etmək hansı məntiqə sığır? Bu normal cümlə deyil. İnsanla duz-çörək kəsirsən, bir yerdə vaxt keçirirsən, səhəri gün durub kiminsə haqqında belə söz deyir. Belə şeyləri anlaya bilmirəm".

N.Suri deyib ki, əgər, Səidə Sultanın Röyaya, ya da onlara bir sözü var idisə, telefonları açıqdır, yığıb deyə bilərdi: "Əgər bu gündəm üçündürsə, şəxsən mənə belə bir gündəm lazım deyil. Səidənin hamı ilə münasibəti yaxşıdır, niyə belə şeylər edir anlamıram. Səidənin özü bəyəm Röya qədər iş görüb? Xeyr, heç birimiz onun qədər iş görüb tanınmamışıq".

Pərvin Abıyeva: "Qoyun sözünü üzərimə götürmürəm" 

Namizədlərdən olan aktrisa Pərvin Abıyeva isə Səidə Sultanın bu fikirlərini normal qarşıladığını bildirib: "Səidənin qoyun sözünü öz üzərimə götürmürəm. Belə də ki, bu onun şəxsi fikridir. Reaksiyam normaldır".

Oksana Rəsulova: "Hər kəs öz səviyyəsinə uyğun danışır"

Builki "Altın kelebek" mükafatına Azərbaycandan namizədlərdən olan aktrisa və rəqqasə Oksana Rəsulova News24.az-a Səidə Sultanın "qoyun" ifadəsinə biganə qalmayıb: "Hər kəs öz səviyyəsinə uyğun danışır. Qoyun söhbətini danışmaq nə dərəcədə düzgündür? Əslində, qoyun çox gözəl heyvandır. Çünki qoyunu Allah yolunda qurban kəsirik. Səidə yəqin düşünür ki, biz elə-belə getdik, istirahətimizi etdik və qayıtdıq, amma bu qətiyyən belə deyil. Əgər belə bir söhbət olsaydı, mən heç vaxt ora getməzdim. Hətta havayı mənə bilet, otel və yeyib içmək təqdim olunsa belə. Mən belə şeylərə meyilli insan deyiləm. Lazım olsa özüm hər şeyin pulunu ödəyib istirahətimi edərəm. Röya qalib gəlib, əcəb də edib. Hər namizədin özünə görə sevəni və uğuru var. Düzdür, bizim içimizdə Türkiyədə ən çox iş görən Röya olub. Mənim isə uğurlarım daha çox Hindistanla bağlıdır. Əgər öncədən Röyanın qalib olacağını bilsəydim, heç vaxt ora qatılmazdım. İşim - gücüm var. Mən də çox iddialıydım və rəqabətdəydim. Bilmək olmaz bəlkə növbəti il mən qalib oldum. Əslində, mən düşünürdüm ki, Sevda Yahyayeva qalib olacaq. Səidə Sultanın heç bir fikrini öz üzərimə götürmürəm".

Qeyd edək ki, Azərbaycanlı izləyicilərin verdiyi səslər nəticəsində “Altın Kelebek”in qalibi Xalq artisti Röya Ayxan seçilib.

Sevda Bayramova