Nazir oğlunun şirkətində işləyən Natəvanı niyə öldürdülər? - III HİSSƏ - Müşfiq Abbasov yazır
    • 8-07-2020, 14:24
    • 1 644

Nazir oğlunun şirkətində işləyən Natəvanı niyə öldürdülər? - III HİSSƏ - Müşfiq Abbasov yazır

Əvvəli aşağıdakı linkdə:

I HİSSƏ
https://news24.az/huquq-ve-cemiyyet/44909

II HİSSƏ
https://news24.az/huquq-ve-cemiyyet/44978

Bir neçə il əvvəl prokurorluq işçilərindən biri içkili vəziyyətdə restoranda xidməti silahından havaya atəş açdığına görə keçmiş baş prokuror Zakir Qaralov bütün prokurorluq işçilərinin xidməti silahını yığmışdı.

Bu səbəbdən mənim üstümdə xidməti silah yox idi. Mən qətli törədən cinayətkarın və ya hansısa oğrunun içəridə ola biləcəyini güman elədim. Dərhal cinayət-axtarış şöbəsinin rəisi Orxan Axundzadəyə zəng vurub onu Natəvanın mənzilinə çağırdım. 

İş vaxtı çoxdan qurtarsa da, Orxan işdə idi. O, təxminən on dəqiqə sonra ünvana gəldi. Biz çətinliklə də olsa, mənzilin qapısını açdıq. İçəridə heç kəs yox idi. Mənzilə kimin girməyə cəhd elədiyini xeyli müzakirə elədik. Əgər bu, qətli törədən  cinayətkar idisə, demək ki, onu hadisə yerinə qaytarıb gətirən bir səbəbi vardı. Bəs, səbəb nə ola bilərdi?! Bu, mənzildə heç kəsin olmadığını bilən oğrular da ola bilərdi. Hər halda, həmin adamlar qapını açıb içəri girə bilməmişdilər. 

Biz mənzildə hadisənin baş verməsi haqda versiyaları, dindirdiyimiz adamların ifadələrini bir daha müzakirə elədik. Mətbəxə keçəndə Natəvanın son dəfə bişirdiyi toyuğun hələ də qaz piltəsinin üstündə qaldığını görmək çox təsirli idi. Bu cavan xanım alçaq bir cinayətin qurbanı olmuşdu. 
Onu da qeyd edim ki, Natəvanın meyiti aşkar olunanda onun donu yuxarı dartılmış vəziyyətdəydi. Amma cinayətkar onun açıq qalan baldırlarını əlavə paltarlarla örtmüşdü. Meyitin üzərində zorlanma əlamətləri yox idi. Natəvanın qızlığına heç bir xələl gəlməmişdi. 

Mətbəxdəki mebel çox səliqə ilə yığılmışdı. Ancaq həmin gecə Orxan mənə mətbəx mebelinin skaflarından birinin qapısının yerində olmadığını dedi. Doğrudan da şkafın qapılarından biri yerində yox idi və bu, mebelin tamlığını pozurdu. Mən Orxandan xahis etdim ki, mebel ustalarını tapıb dindirilməyə gətirsin. Biz hadisə vaxtı həmin binada işləyən bütün ustaları dindirmişdik, lakin müsbət nəticə olmamışdı.

Nöbvəti gün ortaya başqa bir maraqlı məsələ çıxdı. Sən demə, Natəvanın evi ipotekada olsa da, onun həyat sığortası olub. Bu nə deməkdir?! Yəni, əgər Natəvan ölərsə, onun mənzilinin dəyəri sığorta şirkəti tərəfindən tam şəkildə ödəniləcək və mənzil mərhumun vərəsələrinə qalacaq. Natəvanın vərəsələri isə valideynləri və bacısı idi. Əməliyyatçıların mənə verdiyi məlumata görə, Natəvanın yeznəsi Əlinin borcları vardı. Bu səbəbdən mən Əlinin ətrafında əməliyyat-axtarış tədbirlərinin aparılmasına göstəriş verdim. Onun qətllə bağlılığı ola bilərdi.

Hə, bu arada polis idarəsinə gedərək orada saxlanılan Natəvanın müavini Azadla da görüşdüm. Azad az qalırdı ki, Natəvan cinayətini “etiraf etsin”. Ona o qədər təzyiq göstərmişdilər ki, polisdən qurtarmaq üçün buna hazır idi. Amma mən onun bu cinayətdə əli olmadığına əmin idim. Sadəcə, o, nəyə görəsə hadisə günü Natəvanın mənzili olan küçəyə gəldiyini boynuna almırdı. Ordan çıxıb birbaşa prokuror müavininin yanına gəldim və təkidlə ona Azadın cinayətdə əli olmadığımı dedim. Ancaq bu, yuxarılara xoş gəlmək istəyən özündən müşdəbeh müavinin vecinə də deyildi. 

Növbəti gün əməliyyatçılar Natəvanın evinə mətbəx mebeli quraşdırmış ustanı gətirdilər. Sərdar adlı bu cavan oğlan təxminən bir il əvvəl həmin mebeli quraşdırmışdı. Sərdarı dindirdim. O, mebelin ölçülərini qardaşı Tərlanın götürdüyünü, mebeli isə özünün quraşdırdığını dedi. Sonra da əlavə elədi ki, bir müddət əvvəl müflis olduqları üçün mebel dükanını bağlayıblar. Mən mebelin şkaflarından birinin qapısının niyə qoyulmaması barədə soruşdum. O isə həmin qapının defekt çıxdığını dedi. Onun telefonun əhatə dairəsini incələyəndə hadisə günü Natəvanın mənzilinin ətrafında olmadığını gördüm. Daha sonra əməliyyatçılar onun qardaşı Tərlanı gətirdilər. Tərlan içəri girən kimi onun simasında bir şey diqqətimi çox çəkdi.

Ardı var...Sabah bu cinayət işi ilə bağlı son yazım olacaq...

Müşfiq Abbasov