Abituriyentlər və imtahana cəlb olunan əməkdaşlar arasında COVID‑19 AŞKARLANMAYIB
    • 14-07-2020, 10:51
    • 409

Abituriyentlər və imtahana cəlb olunan əməkdaşlar arasında COVID‑19 AŞKARLANMAYIB

Dövlət İmtahan Mərkəzləri tərəfindən 10, 11, 18, 19 iyun tarixlərində bir sıra şəhər və rayonlarda 9 və 11-ci siniflər üzrə buraxılış imtahanları, 9-cu sinif təhsil bazasında kolleclərə qəbul imtahanları, 9 və 11-ci sinif şagirdləri üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanları keçirilib. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda 86385 nəfər iştirak edib. 

DİM-dən News24.az-a verilən məlumata görə, iyunun 19-da isə Nazirlər Kabineti tərəfindən müəyyən şəhər və rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı qərar qəbul olunduğu və imtahanların keçirilməsinə icazə verilmədiyi üçün Mərkəz tərəfindən sərtləşdirilmiş rejim tətbiq olunmayan şəhər və rayonların ərazisində imtahanların keçirilməsi üçün yenidən Qərargaha müraciət olunmuş və 24-25 iyun və 2‑3 iyul tarixlərində növbəti buraxılış (qəbul) imtahanlarının keçirilməsi üçün razılıq əldə olunub. 

İyulun 10-da isə sərtləşdirilmiş rejim tətbiq olunmayan 41 şəhər və rayonda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçirilib. Beləliklə, 1 ay ərzində bu imtahanlarda ümumilikdə 142 mindən artıq şagird (abituriyent) iştirak etmişdir. İlk iki həftə ərzində keçirilmiş imtahanlarda iştirak edən bütün şəxslərin (86385 nəfər) nəticələri artıq elan olunub. Bundan əlavə 24-25 iyun və 2-3 iyul tarixlərində keçirilən 9-cu sinif buraxılış (qəbul), 9 illik təhsil bazasında kolleclərə qəbul, 9 və11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanları iştirakçılarının (29426 nəfər) da nəticələri elan olunub. Qeyd olunan tarixlərdə keçirilən imtahanlarda iştirak edən 11-ci sinif şagirdləri və 10 iyulda keçirilən imtahan iştirakçılarının nəticələri də elan edilmiş qrafikə uyğun DİM-in saytına yerləşdiriləcək.

Qeyd edilib ki, keçirilən imtahanlarda ehtiyat tədbirləri çərçivəsində görülən işlərə əlavə olaraq iyunun 24-dən etibarən sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda yaşayan və DİM tərəfindən imtahanların idarə edilməsinə cəlb olunan hər bir əməkdaş COVID‑19 testindən keçirilib. Məlumat üçün bildiririk ki, görülən qabaqlayıcı tədbirlərin sayəsində indiyə qədər keçirilən imtahanlarda iştirakçılar və imtahan heyəti arasında koronavirusa yoluxma faktı qeydə alınmayıb.