Bakı güclü yağışa hazırdırmı?
    • 4-10-2018, 14:25
    • 902

Bakı güclü yağışa hazırdırmı?

Təbii fəlakət, payız leysanları dünyanı sel və daşqınlara məruz qoyub.  Bakıda “payız fəsli” iki həftə öncə yağan güclü yağışla özünü göstərdi. Sinoptiklər oktyabrın 13-dən etibarən güclü yağışların yağacağını  bildiriblər. Bəs Bakı güclü yağışlara hazırdırmı? Keçən dəfə baş verən problemlərdən dərs aldıqmı?
Əldə etdiyimiz məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin təsərrüfat strukturları gücləndirilmiş iş rejiminə keçib. İcra Hakimiyyətindən news24.az-a bildirilib ki, yarana biləcək fəsadların qarşısının alınması üçün rəhbərliyin göstərişilə hazırlıq görülür.
"Bakı  növbəti leysana hazırdırmı?" sualıyla  “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllıya müraciət etdik.  
Onun sözlərinə görə, “Yağış yollarda, tikinti meydançalarında olan qum, palçıq və bir sıra məişət tullantılarını sularla birgə bizim xətlərə və kollektorlara gətirib. Artıq güclü yağış yağan gündən başlayaraq, həm Bakı Su-Kanal İdarəsi, həm də Rayon Su-Kanal İdarələri xətlərin yuyulması ilə məşğuldurlar. Bakının mərkəzi küçələrində və ətraf ərazilərində işlər davam etdrilir və “Azərsu” ASC elə texniki qurğulardan istifadə edir ki, xətlər yüksək təzyiqlə yuyulsun və məişət tullantıları təmizlənsin”.
ASC rəsmisi onu da qeyd edib ki, hər il yağış barmaqlıqlarına xüsusi nəzarət olunur ki,güclü yağışlar zamanı yaxşı vəziyyətdə işləsin.
 Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov isə belə söyləyib:  “Bir daha sürücülər müraciət edirəm ki, yağış yağarkən müəyyən texniki vasitələrdə nasazlıq yarandığı zaman daha diqqətli olsunlar. Yolayrıcılarının keçmə qaydalarının tələblərinə daha düzgün riayət etsinlər. Yəni svetafor işləmirsə, o yol artıq nizamlanmayan yolayrıcı hesab edilir. Yolayrıcında hərəkət üstünlüyü qoyulmuş nişanlara uyğun aparılmalıdır. Əgər bu ərazilərdə yol nişanları yoxdursa, o zaman sağdan yaxınlaşmalı olan nəqliyyat vasitələrinin hərəkətinə üstünlük verilməlidir. Sürücü hansı yolla hərəkət etdiyini bilmirsə, o ikinci dərəcəli yolda hərəkət edən avtomobil sürücülərinin hərəkətinin davam etməsinə şərait yaratmalıdır. Bəzi ərazilərdə yağış suları gölməçə yaratdığı üçün su axınının düzgün axması üçün drenajorların da qoyulması üçün göstəriş verilib".

Şəlalə Ağayeva