"İki şəhid vermişəm, özüm də ön cəbhədə vuruşmağa hazıram" - AZƏRBAYCAN QADINI - VİDEOREPORTAJ
    • 23-07-2020, 19:30
    • 1 459

"İki şəhid vermişəm, özüm də ön cəbhədə vuruşmağa hazıram" - AZƏRBAYCAN QADINI - VİDEOREPORTAJ

Son günlər yerli mətbuatda, eləcə də sosial mediada Azərbaycan qadınlarının hərbi xidmətə cəlb ediləcəyi xəbəri gündəmdən düşmür. Bəziləri bu addımı dəstəkləsə də, digərləri düşünür ki, Azərbaycan yetəri qədər məğrur və qeyrətli kişi ordusuna sahibdir, bu addımı erməni qadınları atmalıdır, çünki orada kişi qıtlığı var. 

News24.az olaraq mövzunun aktuallığını nəzərə alıb elə növbəti süjetimizi buna həsr etdik. 

Bu, Aşurə Hüseynovadır. Onun 31 yaşı var. Müsahibimiz bir neçə gün öncə Azərbaycan qanunvericiliyinə uyğun olaraq online şəkildə orduya yazılıb. Deyir ki, müharibədə qadınla kişinin heç bir fərqi olmamalıdır. Lazım gələrsə əlinə silah alıb ön cəbhədə vuruşmağa hazırdır: "Mən də bir çox qadınlar kimi bunu vətənpərvər ruhda etmişəm. Düzdür, bu addımı atanda sonra yaxınlarım tərəfindən basqı gördüm. Hər kəs deyirdi ki, sən xanımsan, nə işin var cəbhədə? Amma məncə, bu düzgün deyil. Azərbaycanın çox güclü ordusu və igidləri var, bəli. O, əsgərləri də yetişdirən analardır. Mən də bu ölkənin bir qızı olaraq təbii ki, bu addımı atmağı özümə borc bildim və bununla da fəxr edirəm". 

Müsahibimizin sözlərinə görə, Azərbaycan qadınları bəylərimizin baş tacıdır və onlar qətiyyən başlarını əyəcək bir addım atmazlar: "Biz qadıınlar daim əsgərlərimizin yanındayıq. Ailəmdən ancaq dayım məni dəstəklədi. Vaxtilə o bir erməninin hücumuna məruz qalıb və nəticədə zədə alıb. Oğlum da bu yolda mənim yanımdadır. Baxmayaraq ki, hələ kiçik yaşdadır, amma o da artıq hər şeyi anlayır və mənimlə qürur duyur". 

Jurnalist Afət Telmanqızı da könüllü şəkildə orduya yazılan Azərbaycan xanımlarındandır. Deyir ki, əsil jurnalistin qələmi elə silahdir: "Hesab edirəm ki, ehtiyac yaranarsa mən də ön cəbhədə olmaq istəyirəm. Vuruşmaq, silah tutmaq mənim əlimdən gəlmir, amma qələmim, mikrafonum silahımdır. Müharibədə ancaq jurnalist kimi savaşa bilərəm. Elə bu məqsədlə də səfərbərliyə müraciət etdim".

Həmkarımız, jurnalist Ləman Əliəşrəfqızı da hərbi xidmətə yazılanların sırasındadır: "Lazım gələrsə mərdcəsinə müharibədə savaşa bilərəm. Ona potensialım da var. "Kalaşnikov"un bütün hissələrinin adını əzbər bilirəm. Hərbi dərslərimizdə hər zaman beş alırdım. Yəni döyüş əzmim, ruhum var. Həm bu addımın özü də təbliğat xarekteri daşıyır. Bunun axı nəyi pisdir? Bəli, bizim mərd, hünərli, cəsarətli oğlanlarımız var. Elə son hadisələr bir daha sübüt etdi ki, biz ayaqda durmağı, bir olmağı bacarırıq. Söhbət Qarabağdan, torpaqlarımızdan gedirsə, istənilən halda Azərbaycanın kişisinə güvənirik və biz qadınlar da daima bir yoldaş kimi daima yanlarındayıq. Düşünürəm ki, biz kişilərdən pis vuruşmarıq".

Sonda onu da deyək ki, cinsiyyətindən və yaşından asılı olmayaraq hər birimiz ordumuzun və Ali Baş Komandan İlham Əliyevin yanındayıq. Torpaqlarımızın azad olunduğu günü isə səbirsizliklə gözləyirik.

Sevda Bayramova
VİDEO: Fərid Şabanov