Prokuror xəyanəti... - Müşfiq Abbasov yazır - SON
    • 23-07-2020, 11:54
    • 2 288

Prokuror xəyanəti... - Müşfiq Abbasov yazır - SON

Əvvəli bu linkdə
https://news24.az/huquq-ve-cemiyyet/45849

Bəziləri mobil telefonun antenn dairəsiinin nə olduğunu anlamağa çətinlik çəkirlər. Antenn dairəsi telefonun yerləşdiyi məkanı göstərir. 

Cinayət işi materiallarındakı mobil telefonların əhatə dairələrindən görünürdü ki, mübahisə iştirakçılarının telefonlarının əhatə dairələri yalnız Nardaran kəndini göstərir. Əgər hadisə doğrudan da dəniz kənarında baş vermiş olsa idi, telefonların antenn dairələri meyitin aşkar olunduğu ərazini göstərməli idi. Lakin anten dairələr dəniz kənarındakı şəbəkə dairəsinə düşmürdü. Mən dərhal işin istintaqını aparmış rayon prokurorluğunun müstəntiqinə zəng edib bu barədə soruşdum. Prokurorluqda yeni fəaliyyətə başlamış həmin gənc müstəntiq sualımdan özünü itirdi,  dili topuq vurdu və dedi ki, hadisə elə dəniz kənarında olub. Lakin mən eşitdiyimə deyil, gördüyümə inanırdım. Gördüklərim isə başqa şey deyirdi. 

Dərhal Bakı İstintaq Təcridxanasına getdim həbsdə olan Talehlə görüşdüm. O, da israrla mənə hadisənin dəniz kənarında olduğunu dedi. Digər şahidlər də dindirilmədə hamısı bir ağızdan hadisənin dəniz qırağında baş verdiyini bildirdilər. Nəyahət,  rayon prokurorluğu tərəfindən hələlik dindirilməyən sonuncu şahid mənim sorğu-sualım qarşısında dayana bilmədi və hadisənin dəniz kənarında deyil, Nardaranda Hacı Səməd adlı birinin evində baş verdiyini etiraf elədi. Hadisəni doğrudan da Taleh törətmişdi. Motiv də eyni idi. Sadəcə, hadisə yeri Hacının evindən dəniz kənarına dəyişdirilmişdi. 

Dərhal Hacı Salehin kimliyini və nə işlə məşğul olduğunu araşdırdım. Məlum oldu ki, həmin şəxs  rayon prokurorunun yaxın dostudur, özü də əvvəllər narkotik alveri ilə məşgul olub və çox imkanlı biridir. Hadisə yerinin dəyişdirilməsi prokuror və müstəntiqin iradəsindən kənarda ola bilməzdi. Elə bu səbəbdən də gənc müstəntiqin telefonda dili topuq vurmuşdu. Bu isə onların tutduğu vəzifəyə, daşıdığı rütbəyə xəyanət olmaqla yanaşı, həm də cinayət idi.
 
Eşitdiklərimin ardınca təqsirləndirilən şəxsi və şahidləri təkrar dindirdim. Artıq onlar Hacının evi barədə məlumatlı olduğumu görüb hadisəni gizlətmədilər. Hacı həmin şəxslərin ağzını pulla yummuşdu.  Hç demə, Nardaran gənclərindən biri Hacı Salehin oğlunun dostu olub və o, söhbət üçün tərəfləri həmin ünvana gətirib. Hacı Saleh həmin evdə yaşamadığından hadisədən səhər saatlarında xəbər tutub. Daha sonra o, qəsəbədə adı hallanmasın deyə rayon prokuroru olan dostuna “baxım-görüm” eləyib. Prokuror-müstəntiq çütlüyü də meyitin Hacının adamları tərəfindən dəniz kənarına atılmasına göz yumublar. Təbii ki, mən hadisə yerinə, yəni Hacının evinə baxış keçirdim, sonra Talehi ora aparıb ifadəsini yerində yoxladım. Daha sonra Hacı Salehi dindirmək üçün prokurorluğa çağırdım. Bu yarıtmaz prokuror hələ utanmadan, elçilərini göndərərək Hacıya köməklik etməyimi xahiş edirdi. 

Sözsüz ki,  nəinki xahişlərini rədd etmək, onlarla bağlı cinayət işinin açılmasına belə qərar verdim. Prokurorun - müstəntiq cütlüyünün məsuliyyət məsələsinə baxılması üçün raport yazaraq şəhər prokurorunun müavininə təqdim etdim. Lakin qorxaq, istintaqdan anlayışı olmayan və tutduğu vəzifəyə yaramayan həmin prokuror müavini az sonra məni otağına çağırıb rəhbərliyin göstərişinə əsasən bu məsələni böyütməməyi tapşırdı. Mənsə son görəv olaraq raportumu dəftərxanada rəsmi qeydiyyata aldırdım.  Artıq məsulliyyət müavinin üzərində idi. 

Taleh Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il azadlıqdan mərhum edildi. Hacı Salehin və digərlərinin barəsində xüsusilə ağır cinayəti gizlətdiklərinə görə cinayət işi başladı və həmin şəxslər rayon məhkəməsinin hökmü şərti cəzalara məhrum edildilər.    

Yeni baş prokurorun gəlişi ilə prokurorluqda çox müsbət dəyişiklər baş verdi. Həm həmin rayon prokuroru, həm də şəhər prokurorunun müavini Baş Prokurorunun əmrləri ilə vəzifədən azad edildilər. Onlar məsuliyyətə alınmasalar da, ömürlərinin sonunadək “prokuror xəyanəti” sözlərinin təsiri altında yaşamağa məhkum oldular.

Müşfiq Abbasov