Cənnətdən gələn səslər... - Müşfiq Abbasov yazır
    • 28-07-2020, 13:34
    • 1 259

Cənnətdən gələn səslər... - Müşfiq Abbasov yazır

Təhsil millətin gələcəyidir. Hələ əsrin əvvəllərində Azərbaycanda olan imkanlı insanlar dərk edirdi ki, millətin istiqbalı üçün təhsil mütləqdir. Varlı adamlar, hətta sonradan bəyənmədiyimiz bəylər öz övladlarına ali təhsil vermək üçün onları Avropa ölkələrinə göndərirdilər. Ən dövlətli insanların övladları xarici ölkələrdə hərbi və tibbi sahələrdə təhsil alır, daha sonra ölkəmizə qayıdaraq müvafiq olaraq ordu sıralarında zabit kimi xidmət edir, xəstəxanalarda çalışırdı. Həmin vaxtlar varlılarımız da fərqli düşüncəyə sahib idilər. Baxmayaraq ki, həmin imkanlı insanların tam əksəriyyəti palçıqlı evlərdən çıxmışdı. Neft maqnatlarını xatırlayın. Heç bir ali təhsili olmayan Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və başqalarının bu millətin təhsili, mədəniyyəti üçün etdikləri əvəzedilməzdir. Niyə təhsilsiz olan H.Z.Tağıyev dərk edirdi ki, millətə təhsil və mədəniyyət lazımdır və ya niyə bu millətin qadınları təhsil almalıdır? Çünki onun ruhu, vicdanı bu millətə bağlı idi, həmişə millətinin gələcəyini düşünürdü. Heç bir zaman keçmişini unutmur, lakin gələcəyə tam fərqli baxırdı. 

Biz çox böyük xalqıq. Sadəcə zamanla bizim təhsilimizə çox ağır zərbələr yetirilib. Yuxarıda göstərdiyim bəyləri bizə düşmən kimi təqdim edən Sovet hökuməti millətimizin düşünən beyinlərini ya məhv etdi, ya da ölkədən qovdu. 1937-ci ildə olan repressiyalar, daha sonrakı illərdə müstəqil düşünən, elitamızı təşkil edən insanlara qarşı olan təqiblər millətə zərbə vurdu. 

İndi cənnətdə olan həmin bəylərin səsləri təhsilimizlə bağlı fəryad edir. Son on beş ildə təhsilimizdə baş verənləri dərk etmək və anlamaq əslində mümkün deyil. Etiraf etməliyik ki, təhsilimiz elə də yaxşı durumda deyil. Şagirdlərin hədsiz dərəcədə yüklənməsi, daşıdıqları çantanın ağırlığı, kitabların çox olmas hələ təhsilin yüksək səviyyədə olması demək deyil. Texnikanın inkişafı uşaqlarımızı çox məlumatlı etsə də, bu, hələ təhsil demək deyil. Uşaqlarımız kitab oxumalıdır. Hansı ki, o, kitablarda bizim tariximiz və mədəniyyətimiz var. Təhsil sistemi uşaqlarımızda təhsilə maraq yaratmlıdır.  

Təhsilldə rüşvətin minimuma endirildiyini etiraf etməliyik. Bu çox müsbət haldır. Yaxşı olanı da danışmalıyıq. Amma umumi sistem effektiv və başadüşülən olmalıdır.  

Cənab Prezidentin sərəncamı ilə Təhsil naziri təyin olunan Emin Əmrullayevin təhsilimizin inkişafına təkan verəcəyinə ümid çoxdur. Məncə, təhsillə bağlı yeni konsepsiya hazırlanmalı, sistemin optimallığı, effektivliyi mütləq nəzərdən keçirilməli, qarşıya qoyulmuş məqsədə, hədəfə gedən yollar qısaldılmalıdır.

Bununla yanaşı indiki imkanlı şəxslər övladlarına əsl təhsil verməkdə maraqlı olmalıdırlar. Kimsə azyaşlı övladına verdiyi bahalı avtomobillə deyil, təhsillə fəxr etməlidir. İnsan ömrü qısadır. Bu qısa ömürdə cəmiyyət üçün faydalı övladlar yetişdirməliyik. Bunun isə təməli təhsildir. Babalarımızın cənnətdən gələn səsi bizləri buna çağırır.

Müşfiq Abbasov