Polad Həşimovun ölümünə görə başlanılmış cinayət işi... - Müşfiq Abbasov yazır
    • 29-07-2020, 11:49
    • 1 638

Polad Həşimovun ölümünə görə başlanılmış cinayət işi... - Müşfiq Abbasov yazır

Mərhum general-mayor Polad Həşimovun ölümü ətrafında sosial şəbəkələrdə və mətbuatdakı söz-söhbətlərə müvafiq dövlət orqanları tərəfindən aydınlıq gətirilməməsi məni narahat edir. Hətta savadına şübhə etmədiyim ictimai xadimlərin və hüquqşünasların da bu barədə fikirlərini oxuyanda düşündüm ki, bu barədə bildiklərimi yazmalıyam. Çoxları Polad Həşimovun şəhid olmasında daxili amillərin rolu olduğunu, onun olduğu yerin koordinatlarının düşmən tərəfə verilməsini bildirir. Bəziləri isə bu barədə başlanmış cinayət işinin nəticəsini gözlədiyini, həmin cinayət işinin istintaqı zamanı xəyanət izinin aşkara çıxarılacağına ümid etdiyini qeyd edir.

Əvvəla bildirirəm ki, general-mayor Polad Həşimovun və digər şəhidlərimizin ölüm faktına görə Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.7 və 120.2.12-ci, yəni milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən iki və ya daha çox adam öldürmə maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq aparılır. 10 il Respublika Hərbi Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə istintaq idarəsində mühüm işlər üzrə müstəntiq işlədiyimə görə mənə məlumdur ki, istənilən düşmən tərəfindən öldürülmüş hərbi qulluqçumuzla bağlı CM-ini 120.2.12-ci maddəsi ilə cinayət işi qaldırılır. Başlanılmış cinayət işi əvvəlcə ərazi hərbi prokurorluğunda istintaq olunur, daha sonra isə istintaqın davam etdirilməsi üçün Respublika Hərbi Prokurorluğunun Xüsusi İstintaq Şöbəsinə göndərilir. Xüsusi istintaq şöbəsi ixtisaslaşdırılıb, yəni bu istintaq şöbəsində ancaq ermənilər tərəfindən törədilmiş cinayətlər araşdırılır. Ayrı-ayrı ərazi hərbi prokurorluqlarından daxil olmuş bütün cinayət işləri həmin şöbədə bir neçə nömrə altında birləşdirilir. Cinayət törətmiş erməni hərbiçilərinin ad və soyadları müəyyən edilərsə onlar beynəlxalq axtarışa verilirlər.   

General-mayor Polad Həşimovun həlak olmasında daxili xəyanət izini axtarmaq özü bir təxribatdır. İlk əvvəl onu qeyd edirəm ki, Polad Həşimov arxada deyil, ön xəttə olub, onunla düşmən mövqeləri arasındakı məsafə çox yaxın olub. Polad Həşimovun olduğu səngərə düşmən mövqeyindən 120 mm-lik minamiyot, yəni minaatandan zərbə vurulub. General Həşimov və onunla birlikdə olan zabitlər aldıqları qəlpə yaralarından hadisə yerində həlak olublar.  

Mərhum generalımızın olduğu yerin koordinatlarının guya ermənilərə ötürülməsi isə ümumiyyətlə cəfəngiyyatdır. Onda belə çıxır ki, məhrum generalın ölümündən iki gün əvvəl digər postumuzda şəhid olan Elşad Məmmədovun və başqalarının olduqları yerin koordinatları da düşmənə veriblər. Çünki Elşadın olduğu post da 120 mm-lik minaatanla dəqiq vurulmuşdur. Amma biz heç bundan danışmırıq. Bir neçə gün əvvəl mən Tovuz rayonunun Ağdam kəndinə getmişdim. Şəhidlərimizin həlak olduqları postlarla da yaxından tanış oldum. Həmin postların yeri onsuz da düşmənə məlumdur, düşmən adi gözlə həmin postları görür. Bunun üçün hansısa koordinatın düşmənə ötürülməsinə də ehtiyac yoxdur. Heç ermənilər generalımızın həmin postda olduğunu da bilməyiblər. Sadəcə minaatandan bizim postda zərbə vurublar, nəticə də göz qabağındadır, necə ki, Eşlad Məmmədovun olduğu postda mərmi atmışdılar.

General Polad Həşimov postlarda tez-tez mövqeyini dəyişmiş, daim aktiv hərəkətdə olmuş, konkret bir yerdə dayanmamışdır. Belə bir halda həmin şəraitdə onun olduğu yerin koordinatını müəyyən etmək də mümkün deyildi. Sadəcə düşmən əsgərləri bizim postlara minaatanlardan zərbələr endirib. Həmin zərbələrə baxmayaraq məhrum generalımız özü istəyərəkdən ön xəttə gedib. Ona görə də qəhrəmanımızın həlak olmasında xəyanət izi və bununla bağlı başlanılmış cinayət işində başqa məna axtarmayın. Bu cinayət işinin istintaqı generalın ölümündə xəyanət izi axtaranların gözlədiyini verməyəcək. Həmin cinayət işi sonda erməni quldurları tərəfindən törədilmiş və vahid nömrə altındakı cinayət işinə birləşdiriləcək. Ona görə də həqiqəti bilməyiniz lazımdır.

Müşfiq Abbasov