Üç gün əvvəl onlayn sifariş olunan qurbanlıq qoyunlar, maskalı qəssablar - VİDEOREPORTAJ
    • 31-07-2020, 18:15
    • 903

Üç gün əvvəl onlayn sifariş olunan qurbanlıq qoyunlar, maskalı qəssablar - VİDEOREPORTAJ

Bu gün Müqəddəs Qurban bayramı ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC Bayram yarmarkası təşkil edib. 

News24.az xəbər verir ki, bu ünvana yaxınlaşan hər bir vətəndaş karantin qaydalarına uyğun mütləq şəkildə maskadan istifadə etməlidir. Onu da qeyd edək ki, qurbanlıqlar xüsusi sifarişlə hazırlanılır. Alıcılar üç gün əvvəl qurban paylarını sifariş ediblər. Bütün qurbanlıqlar da xüsusi məntəqələrdə kəsilib paylanılır. Bakı şəhərində 9, Sumqayıtda isə 1 bu cür məntəqə var.

"Aqrar Tədarük və Təchizat" ASC-nin mətbuat katibi Mayis Musayev jurnalsitlərə açıqlamasında bildirib ki, onlayn satışın təşkilində əsas məqsəd bayramla əlaqədar istehlakçıların seçim imkanlarını artırmaq, azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını ödəmək və bazarlarda yarana biləcək süni qiymət artımının, həmçinin mövcüd karantin rejimi ilə əlaqədar yarana biləcək əhali sıxlığının qarşısının alınmasıdır: "Vətəndaşlar qurbanlıq paylarının onlayn sifarişini www.qurbanliq.kendden.az portalı vasitəsilə həyata keçiriblər. Onlar gün ərzində istədikləri saatda sifarişləri götürmək imkanına malikdirlər. Onlayn vasitəsi ilə üç gün ərzində 856 sifariş qəbul olunub. Bundan əlavə 1047 baş qoyun satılıb”. 

Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin təqribən 10 faizini, yəni 20 manatı əvvəlcədən onlayn sifariş zamanı ödəyiblər. Məbləğin qalan hissəsinin ödənişi isə sifarişçi satış məntəqəsindən qurbanlığı götürdüyü zaman verməlidir. Vətəndaşlar bütöv qurbanlıq qoyunla bərabər, həmçinin kəsilmiş qurbanlığı çəki olaraq da  əldə edə bilərlər. Hazır, doğranılmış qurbanlığın bir kiloqramı bu məntəqədə 11 manat 50 qəpiyə satışa çıxarılıb. Bu məntəqədə kifayət qədər alıcının olmasına baxmayaraq satış prosesi ölkədə tətbiq olunan karantin rejiminin qaydalarına uyğun olaraq həyata keçirilib. 

Pandemiya builki Müqəddəs Qurban Bayramını hər zamankı kimi təmtəraqlı qeyd etməyimizə macal vermədi. Növbəti bayramlarımızda çətin və ağır dövrü arxada qoymağımız üçün bu gün məsuliyyətlə davranmalı, qaydalara əməl etməliyik. Növbəti illərdə bayramları daha təmtəraqlı və geniş şəkildə qeyd etmək ümidi ilə - Bayramınız Mübarək! 

Sevda Bayramova
VİDEO: Fərid Şabanov