Tanınmış futbolçunun həbsindən niyə imtina etdim? - Müşfiq Abbasov yazır
    • 2-08-2020, 15:07
    • 1 926

Tanınmış futbolçunun həbsindən niyə imtina etdim? - Müşfiq Abbasov yazır

İnsan əgər qarşısına məqsəd qoyursa, gərək amalından dönməsin. Səhvsiz insan yoxdur və təbii ki, hamı kimi mənim də səhvlərim olub. Amma müstəntiq işlədiyim dövrdə həmişə çalışmışam ki, qanunsuz, kiminsə sifarisi ilə adam tutmayım. 

Əgər xatırlayırsınızsa, bir neçə il əvvəl jurnalist Rasim Əliyev Azərbaycan yığmasının və "Qəbələ" futbol klubunun kapitanı Cavid Hüseynovun qohumu və qohumunun dostları tərəfindən döyülmüşdü. Jurnalist Rasim Əliyev həmin gecə müalicə aldığı xəstəxanada rəhmətə getdi. Bu cinayət işinin istintaqı Bakı şəhər prokurorluğuna tapşırılmışdı. Mən də istintaq qrupunun üzvü idim. İstintaqa rəhbərliyi isə Bakı şəhər prokurorunun keçmiş müavini Azər Əsgərov edirdi. Mən və bir neçə müstəntiq dərhal Səbail rayon polis idarəsinin 8-ci polis bölməsinə göndərildik. Rasim Əliyevi döyən şəxslər təhlükəsiz şəhər kamerasına düşmüşdülər. 

Qeyd edim ki, Cavid Hüseynov Azərbaycan milli komandasının tərkibində Kiprdə futbol maçına çıxarkən, əl hərəkəti ilə Türkiyə-Azərbaycan qardaşlığını göstərmişdi. Jurnalist Rasim Əliyev də bu hərəkəti yanlış başa düşərək sosial şəbəkədə Cavid Hüseynovun bu hərəkətini pisləmiş və ona görə xəcalət çəkdiyini bildirmişdi. Cavidin bibisi oğlu (adı yadımdan çıxıb) isə jurnalist Rasim Əliyevə zəng edərək onu söymüş, daha sonra isə Bayıl qəsəbəsində onunla görüş təyin etmişdi. Bundan xəbər tutan Cavid Hüseynov bibisi oğlunun bu hərəkətinin qəti əleyhinə çıxmış, hətta bu barədə ona mesaj da yazmışdı ki, jurnalistlə işin olmasın, yazır, yazsın də. Lakin buna baxmayaraq, bibisi oğlu bir neçə nəfərlə birlikdə Rasimlə Bayılda görüşmüş, elə dəhral da təpiklə onu vurub yerə yıxmış və yerdə də ətraındakı adamlarla birlikdə onu təpikləyərək qaçmışdılar. Onlar qaçdıqdan sonra Rasim Əliyev özü xəstəxanaya getmiş, orda müayinədən keçmiş, lakin axşam saatlarında qəfil vəziyyəti pisləşərək vəfat etmişdi (əslində onun ölüm səbəbləri barədə burada yazmıram).   

Polis əməliyyatçıları dərhal Cavidin bibisi oğlunu və dostlarını müəyyən edərək gətirdi. Biz onları dindirərək hamısını həbs etdik. Həmin gün Cavid ailəsi ilə birlikdə məşq toplanışında iştirak etmək üçün Qəbələyə gedirdi. Polis əməkdaşları onu postda saxlayıb bizim yanımıza gətirdilər. 

Cavid Hüseynovu mən dindirdim. Onun telefonunda olan mesajlara baxış keçirdim. Tam əmin oldum ki, Cavidin bu cinayətlə heç bir əlaqəsi yoxdur. Cavidin tərbiyəsi, özünü aparması mənim çox xoşuma gəlirdi. Əgər səhv etmirəmsə, Cavidin atası da şəhid olmuşdu. Mən onun əməlində cinayət tərkibi görmürdüm. Bibisi oğlunun Rasimi döydüyünü bildikdən sonra o, hətta xəstəxanaya gedərək, onunla görüşmüş, bibisi oğlunun əvəzinə ondan üzr də istəmidi. 

Dindirdikdən sonra gecə saatlarında Cavidi evinə yola saldım. Bu barədə prokuror müavininə məruzə etdim. O, Cavidi dərhal geri çağırmağımı istədi. Mən bunun səbəblərini soruşanda o dedi ki, bütün mətbuat Caviddən yazır,ə Zakir Qaralov deyib ki, onu məsuliyyətə almaq lazımdır. Mən Cavidin əməlində heç bir cinayət tərkibi olmadığını bildirib atası şəhid olan adama qarşı bunu etməyəcəyimi dedim. Axıra qədər sözümün üstündə durdum. Cavid Hüseynovla bağlı heç bir hərəkət etmədim. Amma Azər Əsgərovun digər müstəntiqlərə sözü dərhal keçdi. Onlar Cavid Hüseynov geri çağırıb həbs etdilər. O, həbs olunarkən mən yenə də onu gördüm. Təmkini, ləyaqəti və mədəni davranışını yenə də qoruyub saxlayırdı. Bəlkə də yazdıqlarımı Cavid də oxuyacaq. Sadəcə bilsin ki, onun həbsinə görə təəssüf edirdim.

Müşfiq Abbasov