Azərbaycan iqtisadi inkişafda yeni mərhələyə qədəm qoyur - DEPUTAT
    • 8-08-2020, 14:00
    • 639

Azərbaycan iqtisadi inkişafda yeni mərhələyə qədəm qoyur - DEPUTAT


“Azərbaycan İnvestisiya Holdinqinin yaradılması starteji qərardır və milli iqtisadiyyatımızı neft asılılığından tamamilə qurtara bilər”. 

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, ölkəmizdə davamlı struktur və institusional islahatlar həyata keçirilir və bu islahatlar bütün sektorlarda üfüqi və şaquli vektor üzrə aparılır: “Yəni islahatlar yeni tipli idarəetmədən, optimallaşdırmanı həyata keçirmək üçün yeni mobil qurumların yaradılmasından başlamış cəmiyyətin bütün sosial-istisadi sahələri üzrə hər gün bir qədər daha əhatəli və daha köklü forma alır. COVID-19 pandemiyasının yaratdığı qlobal şərtlər isə sosial izoliyasiya şəraiti  içərisində  iqtisadiyyatın canlandırılması və postpandemiya iqtisadiyyatının formalaşdırmasını zəruri edir. Ona görə də milli iqtisadiyyatımızı qorumaq və inkişaf etdrimək üçün yeni və effektiv metodların tapılması və tətbiq edilməsi, yeni iqtisadi alətlərin işə salınması olduqca aktualdır. 

Başqa bir tərəfdən hazırda bütün dünyada sərmayə qıtlığının yarana biləcəyi bir vaxtda milli resursların, xüsusilə, dövlət şirkətlərinin iqtisadi potensialının investisiya şəklində milli iqtisadiyyatımızın inkişafı üçün səfərbər edilməsi mühüm addım kimi qiymətləndirilməlidir. Ona görə də sərəncamda qeyd edildiyi kimi, müasir dövrdə yalnız azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsinə, daha sağlam prinsiplərə söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi inkişafı sürətləndirmək mümkündür".

H.Babaoğlu qeyd edib ki, dövlətə məxsus müəssisələrin idarə olunması sisteminin təkmilləşdirilməsi, fəaliyyətinin, səmərəliliyinin və şəffaflığının artırılması, xərclərini və risklərini optimallaşdırmaq yolu ilə onların tam sağlamlaşdırılması istiqamətində struktur islahatlarının dərinləşdirilməsi tələb olunur: “Əslində isə bu, həm də yeni mərhələdə iqtisadiyyatın liberallaşdırılması şərtlərini daha da optimallaşdırmalıdır  ki, nəticə etibarilə azad iqtisadi rəqabətə söykənən yeni münasibətlər sistemi formalaşsın. Ona görə də sərəncamda  azad bazar münasibətlərinin hərtərəfli inkişafına, dayanıqlı özəl mülkiyyətin genişlənməsi məsələsinə xüsusi vurğu edilir. Məsələnin digər mühüm tərəfi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatında dövlət müəssisələrinin  xüsusi çəkisi böyükdür. DM-lərin məşğulluqda payı təqribən 25%-dir. 15 ən iri DM-in aktivlərinin həcmi ölkənin ÜDM ilə müqayisə edilə bilən səviyyədədir. Bu, nəhəng iqtisadi və maliyyə potensialıdır ki, onun iqtisadi münasibətlər sistemində realizə olunması sıçrayışlı iqtisadi dinamika yarada bilər ki, bu da iqtisadi inkişafımızda tamailə yeni mərhələyə qədəm qoymaq deməkdir”. 

Məhərrəm Əliyev