Mədəniyyətsiz mədəniyyətimiz.... - Müşfiq Abbasov yazır
    • 12-08-2020, 13:06
    • 1 960

Mədəniyyətsiz mədəniyyətimiz.... - Müşfiq Abbasov yazır

Mədəniyyət insanın yaratdığı və nəsildən nəslə ötürdüyü maddi və mənəvi dəyərlərdir. “Mədəniyyət” anlayışının latın dilindən tərcüməsi “bəsləmək”, “becərmək” və “yaxşılaşdırmaq” deməkdir. Zamanla dünyada elm və texnika inkişaf edir. Bəs mədəniyyət necə? Gəlin, özümüzdən danışaq. Bəs, biz  “bəsləyib” “yaxşılaşdıra” bilirikmi?! 

Bugünlərdə ölkəmizdə insanların incəsənətə, bədii ədəbiyyata, musiqiyə və mədəniyyətimizin digər sahələrinə ya marağı azalıb, ya da zövqləri tamam korlanıb. Vaxtilə Avropanın belə həsəd apardığı Azərbaycan mədəniyyətinin korlanmasının səbəbləri hamımızı narahat etməlidir. 

Mədəniyyət Nazirliyində baş verənr çirkin və utancverici olaylar bizlərə məlum oldu. Korrupsiya hər bir sahədə inkişafi saxladığı kimi mədəniyyətimizi də korladı. Hansısa maraq naminə ucdantutma ad alan və bəzilərinin şəxsiyyəti hamımıza çox yaxşı məlum olan, mədəniyyətdənkənar “Xalq şairi” və ya “Xalq artist”ləri elə mədəniyyətimizin səviyyəsinin göstəricisinə çevrildi. Lakin mədəniyyətimizin korlanması tək Mədəniyyət Nazirliyinin “əməyi”  deyil, bunda vətəndaş olaraq bizim hər birimizin günahı  var.  

Hamıya məlumdur ki, artıq sosial şəbəkələrin əhəmiyyəti və aktuallığı televiziya və radionu çoxdan ötüb keçib. Amma bizlər sosial şəbəkələrdə nə işlə məşğul oluruq? Bəlkə özümüz də bilmədən mədəniyyətimizi yox, hansısa tərbiyəsizliyi təbliq edirik! 

Bu gün sosial şəbəkələrdə bəh-bəhlə izlədiyimiz və olmayan “ailə həyatlarını” geniş müzakirə etdiyimiz, şəxsiyyətləri bir qəpiklik olan “boşanma” qəhrəmanlarını şişirdib gündəmdə saxlayan da elə bizlərik. Elə onlara “İnstaqram” və digər sosial şəbəkələrdə “dostluq” atanlar da özümüz deyilikmi! 

Bəs niyə görəsən? Axı müstəqillik bizə daha yaxşı mənəvi dəyərlər və mədəniyyət gətirməlidir, daha əxlaqsızlığı təbliğ etməməlidir. Meşşan həyatı sürən, iki-üç cümləni ard-arda qoşub danışa bilməyən, ağzını açarkən kanalzasiya kimi iy verən bu mədəniyyətsizləri izləmək və müzakirə etmək bizi də mədəniyyətsiz etmirmi? 

Bəlkə bir az Mehriban Zəkini, Fəxrəddin Manafovu, Ramiz Rövşəni və ya Sabir Rüstəmxanlını izləyək. Sağlığında şəxsiyyətlərə dəyəri xalq olaraq biz verməliyik. Bizim əsl mədəniyyət xadimlərinə qiymət verməyimiz onları övladlarımıza da sevdirəcək və bu gələcəyimizin istiqbalını təmin edəcək. 

Bizə mədəniyyətsiz mədəniyyət lazım deyil.

Müşfiq Abbasov