“Bakı Metropoliteni”nin işində nöqsanlar aşkarlandı
    • 6-10-2018, 10:58
    • 1 162

“Bakı Metropoliteni”nin işində nöqsanlar aşkarlandı

Hesablama Palatasının kollegiyası 2016-2017-ci illərdə “Bakı Metropoliteni” QSC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

Audit Cəmiyyətin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilib və ümumilikdə 561 153,7 min manat məbləğində vəsaiti əhatə edib.

Palatadan verilə xəbərə görə, cəmiyyət tərəfindən 2017-ci il üzrə dövlət büdcəsi vəsaitlərinə proqnoz təqdim edilərkən əsas fəaliyyəti üzrə daşınan sərnişinlərin sayındakı artımın gəlirlərə və dəyişən xərclərə təsiri nəzərə alınmayıb.

Büdcə xərclərinin təsnifatının tələblərinə uyğun olmayaraq Cəmiyyətin fəaliyyətində yaranmış zərərin ödənilməsi üçün dövlət büdcəsindən subsidiya şəklində ayrılmalı olan vəsaitlər başqa paraqraflarda nəzərdə tutulub.

Cəmiyyətin istismar və investisiya xərcləri üzrə bir sıra müqavilələrin bağlanılması və icrası prosesində uyğunsuzluqlara yol verilib, 4 halda müqavilə üzrə bank zəmanətlərinə əsasən 2016-cı ildə vəsaitlərin köçürülməsinə baxmayaraq müvafiq mallar idxal edilməyib.

Debitor borcların bağlanılması istiqamətində zəruri tədbirlər görülməyib. Bir halda kreditor borc tanınmadan ödənilib, Vergi Məcəlləsinə uyğun olmayaraq bir neçə halda ƏDV məbləği artıq əvəzləşdirilib.

2017-ci ildə qara və əlvan metalın satışı ilə bağlı faktiki dövriyyə məbləğinin vergi orqanına təqdim edilən ƏDV bəyannamələrində azaldılması hesabına büdcəyə ödənilməli ƏDV məbləği büdcəyə köçürülməyib.

Stansiyaların ərazisində dövlət əmlakından istifadəyə görə icarə haqqının hesablanılıb alınması üzrə Cəmiyyət tərəfindən müvafiq icra hakimiyyəti orqanı qarşısında məsələ qaldırılmayıb. 2016-cı ilin yekunları üzrə mənfəət vergisi bəyannaməsində gəlirdən çıxılan xərclərinin tərkibində enerji xərcləri düzgün göstərilməəyib.

Bəzi xərclər gəlirdən çıxılan xərclərə daxil edilib, maya dəyərinin artırılması hallarına yol verilib, balans zərəri artırılıb, daxili audit xidməti formalaşdırılmayıb.

Audit dövründə dövlət satınalmaları keçirilərkən müvafiq bildirişlər dərc edilməyib, müqavilə haqqında məlumatlar rəsmi internet saytında yerləşdirilməyib.

//report