Azərbaycanda “qanuni oğrular” fəaliyyət göstərə bilməz... - Müşfiq Abbasov yazır
    • 20-08-2020, 13:22
    • 2 225

Azərbaycanda “qanuni oğrular” fəaliyyət göstərə bilməz... - Müşfiq Abbasov yazır

Gec-tez qətlə yetirilərək həyatları yarımçıq qalan “qanuni oğrular”ın cəmiyyətdəki statusları, insanların onlara müsbət və ya mənfi mənada münasibətləri təəssüf ki, həmişə böyük maraq doğurub. Əslində, qanunda “qanuni oğru” anlayışı yoxdur. Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin tələblərinə görə oğruların hamısı cinayətkar hesab olunur. 

Bir qayda olaraq, dövlət vətəndaşlarını qanunlarla idarə edir. Qanunların işlək vəziyyətdə olması dövlətin gücündən və idarəetmə mexanizminin effektivliyindən xəbər verir. Lakin qanunu pozaraq cinayət etməklə məhkumluq həyatı yaşamış “qanuni oğru”lar özünəməxsus qaydalarla fərqli idarəçilik mexanizmi yaratmaq istəyiblər və hətta bəzi dövlətlərdə buna nail olublar. Təbii ki, bu şəxslərin arasında xalq tərəfindən sevilən və ya sevilməyənlər, yoxsullara əl tutanlar, ədalətsizliyi öz qanunları ilə bərpa etmək istəyənlər də olub.  Hətta bəzi insanlar “qanuni oğru”lara son ümid yeri kimi baxıb. 

Azərbaycan Respublikası Cinayət Məcəlləsində “qanuni oğru”larla bağlı birbaşa maddə yoxdur. Amma nəzərə alsaq ki, bu insanların əksəriyyəti cinayət xarakterli əməllər törətmək üçün ətraflarına insanlar toplayır və həmin insanlar “qanuni oğru”nun göstərişləri ilə kimlərisə öldürür və ya digər cinayətlər edirlər, bu səbəbdən qanunvericilik dolayı yolla “qanuni oğru”nun fəaliyyətini kriminallaşdırıb. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 218-ci maddəsinin tələblərinə əsasən ağır və ya xüsusilə ağır cinayətlər törətmək məqsədilə cinayətkar birlik (təşkilat) yaratma, habelə belə birliklərə (təşkilatlara) və ya onların tərkib hissəsi olan struktur bölmələrinə rəhbərlik etmə, həmçinin ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsi üçün plan və şərtlərin işlənib hazırlanması məqsədilə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma səkkiz ildən on beş ilədək, cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə altı ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü ki, bu əməllərə görə qanunvericilik çox ciddi cəzalar müəyyən edib. 

Son illərdə Azərbaycanda heç bir “qanuni oğru” yuxarıda göstərdiyim maddə ilə cinayət məsuliyyətinə alınmayıb. Bunun səbəblərindən biri ondan ibarətdir ki, Azərbaycan dövlətinin güc strukturları “qanuni oğru”ların ölkə ərazisində hər hansı bir fəaliyyətinə qətiyyən imkan vermir. Əgər xatırlayırsınızsa, Nadir Səlifov cəzaçəkmə müəssisəsindən azadlığı buraxıldıqdan sonra dərhal Azərbaycanı tərk etdi. Çünki, bu məsələdə dövlət öz gücünü göstərərək vətəndaşlarını yalnız öz qanunları ilə idarə etmək istəyir. Təbii ki, dövlətin qanunları, cinayət məsuliyyətinə cəlb etmə, cəza sistemi və siyasəti daha məqsədəmüvafiqdir. Özlərini “qanuni oğru” adlandıran şəxslərin Azərbaycanda yaşamamaları da məhz dövlətin bu kəskin mövqeyi ilə bağlıdır.  

“Qanuni oğru”ların bir qism insanlar tərəfindən təbliğ edilməsi, hətta bəzilərinin onları özlərinə kumir seçməsi cəmiyyətimizin ciddi problemlərindən biridir. Gənclərimizin bu cür qanunu pozan insanlardan örnək götürməsi qəbulolunan deyil. Təhsilsiz, işsiz, həyatda hansısa sənətə sahib ola bilməyən, cinayətə və hər addımbaşı qanunu pozmağa  meyilli olan bu insanlar bizim övladlarımız üçün nümunə olmamalıdır. “Qanuni oğru”ların qətlə yetirilməsi də onların törətdiyi qanunsuz əməllərlə bağlıdır. Gəlin “oğru” olmayaq, sadəcə “qanuni” olaq.

Müşfiq Abbasov