“Bəzi cütlüklər pul qazanmaq üçün övladlarını reklam edirlər” - ELÇİN CƏFƏROV - VİDEOMÜSAHİBƏ - FOTOLAR
    • 21-08-2020, 19:08
    • 1 941

“Bəzi cütlüklər pul qazanmaq üçün övladlarını reklam edirlər” - ELÇİN CƏFƏROV - VİDEOMÜSAHİBƏ - FOTOLAR

"Şip-şirin” ləqəbi ilə tanınan müğənni Elçin Cəfərov News24.az-a müsahibə verib. İfaçı bir çox maraqlı məqamlardan danışıb:


- COVİD-19 artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Siz bu dövrü necə keçirirsiniz? 

- Təbii ki, çətinliklər oldu, amma düşünürəm ki, olan hadisələr yaxşılığa doğru olub. Bu dönəmdə bəzi ağıllı insanlar anladılar ki, israf eləmək, bahalı bağlarını, avtomobillərini camaata göstərmək olmaz. Buna görə də, bir az gözə gəldik. Düzdür, sənətçilərin işsizliyini anlamaq olar və onları nəzərə almaq lazım idi, amma üsyan etmək olmaz. Çünki, bizdən qat-qat kasıb insanlar var. Nə yalan deyim, mənim də, içimdən bir fikir və yaxud da status yazmaq gəlirdi, amma sonra gözümün qabağına pis vəziyyətdə olan insanlar gəldi deyə bu addımdan yayındım. Ümumiyyətlə isə bu dövrdə bir çox mahnılar yazdırdım. Onlardan biri də məhz yaşadığımız hadisələrlə əlaqəlidir. Bir müğənni olaraq istəyirsən ki, insanlara yararlı olasan, çətin günlərdə onların üzünü güldürmək üçün bir addım atasan. Gərək, ancaq özümüzü düşünməyək.  

- Kifayət qədər hit mahnılarınız olub, amma indi onlardan səs-soraq gəlmir. Tükənmişlik sindromu yaşayırsınız? 

- Qətiyyən. Allah mənə elə istedad verib ki, mən heç vaxt tükənə bilmərəm. Bununla yanaşı, mahnının hansı hissəsinin tutub-tutmayacağını da bilirəm. Bir musiqiçi üçün bundan böyük xoşbəxtlik ola bilməz. Növbədə yenə də hit olacaq mahnılarımız var. Ardıcılıqla onları buraxacağam. Elə bir zəmanəyə gəlmişik ki, gec-gec işləmək olmaz. Gərək, mütəmadi olaraq ekranlarda yeni işlərinlə çıxış edəsən. Üç-dörd ay mahnılarımızı təqdim edəcəyik, daha sonra yenidən kənara çəkiləcəyik.  

- Bəzi mahnılarınızı müğənnilərə vermisiniz. Onları qonorarla, yoxsa hədiyyə kimi təqdim edirsiniz? 

- Oxunmuş mahnıları satmaq düzgün deyil, amma yeni mahnıları təbii ki, qonorarla verirəm. Çünki orda əziyyət var, onun da bəhrəsi olmalıdır. Ağlıma gəldikcə fərqli mahnılar yazıram. Elə mahnılar var ki, onları mən oxumamalıyam, amma hitdir. Səhnəyə yeni müğənnilər gəlməlidir. Bu mahnıları onlara təqdim etməliyik. Ümumilikdə isə mahnılarımızın sayı çoxdur, amma son vaxtlar söz qıtlığı yaşayıram.  

 
- Elçin Cəfərov artıq həyat yoldaşı, atadır, amma hələ də çox vaxt səhnəyə çıxışınızda “Şipşirin Elçin” adı altında təqdim olunursunuz. Bu sizi qıcıqlandırmır?

- Əslində burda pis bir şey yoxdur. Acı demirlər ki, şirin deyirlər. (gülür). O ki, qaldı təqdimata. Bilirsiniz, biz çox ciddi işlər görmüşük və görməyə də davam edirik. Ona görə də, artıq ad və soyadla təqdim etməyin vaxtıdır. Yaşım da az deyil ki, əzizləyib səhnəyə dəvət edəsən. Təqdimatı aparıcının özü fikirləşməlidir.  

- Şou-biznesdə hazırda sağlam rəqabət var? 

- Rəqabətin artacağını hiss edirəm. Çünki hər kəs yaxşı işə acdır. Biz bir durum yaşadıq. Hər kəs efirlərdə bayağı və bəsit musiqilərin səslənməsindən gileylənirdi. Gərək, biz meydanı boş buraxmazdıq. Nə yaxşı ki, cavan nəsldə birlik var. Çox təssüf ki, yaşlı nəslin nümayəndələrindən birliyi görə bilmədik, bu da bizi məyus edir. İnsan əziyyəti nəticəsində haralarasa gəlib çıxır. Sən də əziyyət çək, get önə və rəqabət artsın. Düzdür, insanlara qalmaqal, söz-söhbət, şəxsi həyat maraqlıdır, amma çalışıb dinləyiciləri daha çox bu tərəfə yönəltmək lazımdır. Onsuzda hazırda “İnstagram”da çox biabırçı məqamlar nümayış olunur. Bəziləri özlərini çəkib reklam edirlər, bəziləri də ona-buna söz atmaqla məşğuldur. Bu insanlar çox aşağı səviyyədədirlər. Gərək özünü bunlardan qoruyasan və dəyər verəsən. 


- Siz ailə həyatı quranda şəxsi həyatınız çox müzakirə olundu. Hətta evliliyiniz yaradıcılığınızı geri plana atdı... 

- Bəli. Bir il toyumuz müzakirə olundu, bu da çox normal haldır. Çünki, hər iki tərəf məşhurdur. Hər şey qaydasındadır, çünki cızıqdan çıxmadıq. Bizi ailə, cütlük kimi çox sevdilər və tanıdılar. Bilirsiniz, əgər biz ekrandayıqsa, cəmiyyətdə tanınmış simayıqsa gərək hər şeyə fikir verib nümunə olaq. Mədəniyyət işçiləri olaraq ağzımıza gələni danışmamalıyıq. Buna ixtiyarımız çatmır. Əgər ailəmizi tanımaq istəyirlərsə, qoy tanısınlar. Müasir dövrdə yaşayırıq. İndi müəyyən mentalitet qaydalarının pozulduğu dövrdür. Məncə, yaxşı şeyləri göstərmək lazımdır. Sənətçi olanda nə olur ki? Sənətçi gərək boşansın, ona qız verilməsin? Yox, axı o da normal insandır. 

- Deyirlər ki, zamanında müğənni olduğunuza görə sizə qız vermirdilər? 

- Bu məqam çox az davam etdi, daha sonra öz həllini tapdı. Amma müğənnilər də bir müddət çox mənfi aura və fikir yaratmışdılar. Tüfəngli həyat tərzi yaşayırdılar. Onlar da haqlı olaraq bu qərarı verməkdə çətinlik çəkirdilər, amma əsas odur ki, hər şey qaydasındadır.  

- Xalq şairi, eyni zamanda qayınatanız Sabir Rüstəmxanlıyla münasibətləriniz necədir? 

- Münasibətlərimiz çox yaxşıdır. Bir böyüyüm, Xalq şairim və qayınatam kimi ona böyük hörmətim var, xətrini çox istəyirəm. Bəzən kiçik söhbətlərimiz olur, onda mənə yaxşı məsləhətlər verir. Təbii ki, hər birimiz yaxşı yaşlı nəslin nümayəndələrindən çox şey öyərnməliyik. 


- Bəzi həmkarlarınız sizdən fərqli olaraq ailələrini gizlədirlər. Bu haqda nə düşünürsünüz? 

- Hər kəsin öz seçimi var. Mən buna qarışa bilmərəm, amma əvvəllər daha çox şəkil paylaşırdıq. Çox təəssüf ki, indi bəzi cütlüklər ailələrini, övladlarını aşırı dərəcədə reklam edib ordan gəlir eldə edirlər. Amma mən bu cür şeylərin tərəfdarı deyiləm. Əgər ailəmlə daha çox göz önündə olsaydım imkanlı və ən öndə gedən birisinə çevrilərdim. Onu da deyim ki, bu yaxınlarda oğlumu küncə qoyduğuma görə çox danışıldım, amma onlar anlamırlar ki, bu bir tərbiyyə növüdür. Atalarımızdan, babalarımızdan bizə gələn tərbiyyə növü. Uşağa qışqırmaq, ona əl qaldırmaq olmaz.  

- Oğlunuzun istedadı varmı? 

- Var. İki yaşından hiss edirəm ki, istedadı var. Mahnılara çox diqqətlə qulaq asır. İStedadlı olacağı bu gündən özünü biruzə verir. 


- Zamanında qrupda fəaliyyət göstərmisiniz. Qrupdan ayrılmaığınızın səbəbi nə oldu? 

- Bilirsiniz, çox vaxt qrup yoldaşları yola getmirlər. Gərək qrupun başında nəzarət edən biri olsun. Onlar bir-biri ilə dalaşanda ayırsın. Biri digərindən daha çox istedadlı, ya da daha yaraşıqlı ola bilər. Belə şeylərə görə mübahisə eləmək lazım deyil. Əgər qrup kimi fəaliyyət göstərirsinizsə, deməli siz bir nəfərsiniz. Bizim qrupda isə daha çox musiqilərə görə mübahisələr yaranıb ona görə də daim inkişaf gedib. Mən əvvəldən solo ifaçı olmuşam. Qrupa isə istedadımı artırmaq üçün gəldim. Bəstəkarlıq fəaliyyətim də qrupdan başlayıb. Bilirsiniz, camaat da məni çox həvəsləndirdi. Şəkillərimin altından hər zaman şirin oğlan deyə yazırdılar. Qrupdan da dalaşıb ayrılmadım, Rüstəm Zeynallıyla kişi kimi əl sıxışıb ayrıldım. 
 
Sevda Bayramova 
VİDEO - FOTO: Adil Ağayev