Polad Həşimovun həyat yoldaşı: “Poladın qanı yerdə qalsa biz rahat yaşaya bilmərik”  - MÜSAHİBƏ - FOTOLAR - VİDEO
    • 23-08-2020, 17:54
    • 4 088

Polad Həşimovun həyat yoldaşı: “Poladın qanı yerdə qalsa biz rahat yaşaya bilmərik” - MÜSAHİBƏ - FOTOLAR - VİDEO

O, qanı doğma torpağa qarışana qədər özü haqqında yazılmasının, danışılmasının əleyhinə olan bir general idi. Barəsində hansısa yazını gördüyündə bu yazıya görə daima təşəkkür edərdi və dərhal “O yazını silin, qələbə olanda yazarsınız” deyərdi. Son nəfəsinə kimi ənənəsinə sadiq qaldı Polad Həşimov.  
Yaşadığı hər günün hər dəqiqəsi və saniyəsində Vətən əmanətinə sadiq qalan, fəxarət və qürur hissi ilə xatırladığımız Vətən oğlu idi O – Polad Həşimov. 
Şəhid generalımızı doğulduğu Qəbələnin Vəndam kəndində uzun illər tikdirdiyi, amma təmirini belə bitirmədiyi evində həyat yoldaşı Ofelya Həşimova ilə birgə xatırlayırıq. 

General-mayor Polad Həşimovun xanımı Ofelya Həşimovanın News24.az-a müsahibəsi  

- Polad Vəndamda, məhz bu kənddə doğulub, 3 yaşına qədər burada yaşayıblar. Daha sonra isə ailəsi ilə birgə Sumqayıta köçüb. Həmin müddətdə valideynləri Sumqayıtda zavodda çalışıb. Mən özüm də Qəbələnin Vəndam kəndindənəm. Bu kənd onun doğma yurdudur. Poladın yarımçıq qalan bütün arzuları bura ilə bağlı idi. Bu evə bu il köçmüşük. Polad bu evin bünövrəsini 12 il əvvəl qoyub.  Qəpiyi-qəpiyə calayaraq doğulduğu bu kənddə ev tikdi, amma özü bu evdə yaşaya bilmədi. Evin işi hələ də tam bitməyib. Poladın ən böyük arzusu bizimlə bu evdə yaşamaq idi. Deyirdi böyük oğlumun toyunu bax bu həyətdə edəcəm. Bu çinar ağacının altında oturub çay içəcəm. Üzü dağlara baxan tərəfdə bir eyvan tikdirmək də var idi arzuları sırasında. Amma olmadı, Polad arzularına çatmadan əlini bizdən çəkib ədəbi getdi. Polad dünyasını dəyişəndən sonra Bakıdan bizə ev bağışlandı, evin açarları Müdafiə Nazirliyinin nümayəndələri tərəfindən təqdim olundu. Harada yaşayacağımızı qərar verməmişik. Bu zaman kimi Polad harda olubsa biz də onunla olmuşuq. Olduğu hər yerdə kirayədə qalmışıq, taxta evlərdə... Həmin evlərdə o qədər xoşbəxt idik...  

- Vətən Polad Həşimovun simasında çox böyük, igidlik zirvəsinin ən üst təbəqəsində olan bir oğul itirdi. O Vətən üçün hər şey etdi, son damla qanını belə fəda etdi. Biz Polad Həşimovu bir qəhrəman Vətən oğlu, mükəmməl general kimi tanıdıq. Siz onunla 17 illik bir ömür yaşamısınız – hər günü, hər dəqiqəsi, hər saniyəsi Polad Həşimovla keçən 17 il...  

- Onun haqda bir ay danışsam belə kəlmələr bitib-tükənməz. Hər qadın istər ki, onun Polad kimi həyat yoldaşı olsun. Bundan sonra onsuz necə yaşayacağamı bilmirəm. İnanın ki, əsəblərim çox pozulub. Polad çox yaxşı, mərhəmətli, qayğıkeş biri idi. O, çox utancaq idi, qələbə xəbərini səbirsizliklə gözləyirdi. Elədiyi əməli heç vaxt gözə soxmağı sevmirdi. Polad ölümünə qədər özü haqda hansısa məlumatın dərc olıunmasını istəmirdi. Onun vətən, ailə sevgisinə valeh idim. İnanın ki, lazım olanda hətta mənə görə mətbəxə girib çay da dəmləyib. Mənə heç bir əziyyət, ailəyə sıxıntı verməyib. 

- Hərbçi həyat yoldaşı olmaq çox çətindir. Daima itirmək qorxusu yaşamaq və sevdiyin insanı ölümə göndərdiyini bilmək və buna rəğmən heç nə edə bilməmək dəhşətli bir duyğudur.  

- Hərbçi yoldaşlar hər zaman bunun məsuliyyətini dərk edirlər. Cəbhə bölgəsində olmaq iki qat çətindir. Çünki hər an müharibə başlaya, atəşkəs pozula bilər. Mən Poladın bir qadın formasıyam. Düzdür, içimdə bir qorxu var idi, amma yenə də Polad mənə bunu aşılamağın yolunu başa salıb. O, çox lazım olmayan yerlərə gedib. Çünki dediyim kimi, içində bitmək bilməyən vətən sevgisi var idi. Amma içimdə itirmək qorxusu olmayıb. Mən indi də içimdə Poladla yaşayıram. Bu müddət ərzində Qurani-Kərimi oxumuşam və bu itkini qəbul etməyə çalışıram. Poladın yoxluğu ilə barışa bilmirəm, onun ayağında botinka yarası var idi, o yara gözümün önündən getmir. Elə bilirəm Polad sağdır, indi də işindədir, oturub ayağında da həmin yara... (gözü yol çəkir, uzun-uzun bir nöqtəyə baxır) 
Hərbçi xanımlarının beynində bir yaddaş yeri olur. Anlayırsan ki, həyat yoldaşının əsas amalı vətən uğrunda canından keçməkdir. Xüsusən də Poladın ailəsi üçün bu məqam gözlənilirdi. Çünki hər zaman ön cərgədə idi. Səngərdə vəziyyət gərginləşən kimi ilk sırada o gedirdi. Hamı geri dönsə də, o, gəlmirdi. Qəribədir ki, son vaxtlar bunu durmadan mənə xatırladırdı. Onsuz da gözəl siması vardı. Amma sanki üzünə nur çökmüşdü. Tez-tez deyirdi, bir gün mən olmayacam. Özünü həmin günə hazırla… Mənə də yalnız onu deyirdi – heç zaman heç nədən qorxma, möhkəm ol. Bir dəfə də olsun hansısa bir məqamda Poladın qorxu hissi keçirdiyini görməmişəm. O sözün hər mənasında qəhrəman idi.  
 
– Ofelya xanım, Polad Həşimovun şəhidlik xəbəri hamımız üçün faciə oldu. Sözsüz, biz Vətəni bütün qanı və canı ilə sevən, şəxsiyyəti, insanlığı, dönməz əqidəsi və sadəliyi ilə hamımızın ürəyini fəth edən bir Vətən oğlunu itirdik, Sizsə 3 övladınızın atası, ömür-gün yoldaşınızı. Polad Həşimovun şəhid olması ağrınızı azaldırmı? 
 
– Şəhidlik ölümün ən ümdə zirvəsidir, o zirvədə olmağı hər kəs arzulayar, amma çoxuna nəsib olmaz. Sizə bir məqamı deyəcəm. Aprelin 12-dən sonra evə gəldi və çıxdı. Aprel savaşından sonra evə daha tez-tez gəlirdi. Sanki ürəyinə nə isə dammışdı. Mən də hiss edirdim ki, narahatdır. Amma heç nə demirdi. Sırf bu hadisə qəflətən baş verdi. 29 iyunda bizi Şəmkirdən Qəbələyə yola salırdı. Əşyaları maşına yüklədi. Bizimlə sağollaşdı, maşının yola çxmağını gözləmədən korpusa geri qayıtdı. Bu mənim üçün çox qəribə oldu. Həyəcanla pəncərədən arxasınca baxdım, çünki Polad heç vaxt belə etməzdi. Maşın gözdən itənədək arxamızca baxardı. Mən bu çətinliklərə alışmışdım. Bəzən 10 günlərlə əlaqə saxlaya bilmirdik. İş başında olurdu. Amma bu dəfə çox narahat oldum. 9 iyulda son dəfə danışdıq. 13 iyulda əlini telefona atır ki, bizimlə əlaqə saxlasın. Görür, telefon cibində deyil. İş yoldaşı deyir, o qədər məyus oldu ki, axı mən ailəmlə danışacaqdım. Yoldaşı telefonun təklif etsə də razılaşmır ki, öz telefonumdan zəng vuracam. Amma simasındakı dəhşəti mənə təsvir edəndə çox üzüldüm. Bəlkə də telefonu sönməsəydi, ölümündən öncə son dəfə danışa bilərdik. Poladı sonuncu dəfə ölümündən iki həftə əvvəl görmüşük. Çox insanlar elə bilirlər ki, biz Poladla çox ayrı qalmışıq, amma elə deyil. Polad harda xidmət edibsə, biz onunla bərabər olmuşuq. Hesab edirəm ki, bir hərbçi həyat yoldaşı belə də olmalıdır. Biz onunla heç vaxt ayrı qalmamışdıq, çünki ailəyə çox bağlı idi. O hər gün axşam evdə olurdu, ailəsinin, uşaqlarının yanında. Bir yerdə xəyallar qururduq, arzularımız çox idi. Poladın hər evə gəlişi bayram idi. Polad tam da xəyallarda olan həyat yoldaşı idi. Ayın 14-ü qəfildən qapı açıldı və hamı içəri girib bir ağızdan dedi: “Poladı gətiririk”.

- Polad Həşimov o zaman qüsursuz general olduğu kimi də mükəmməl oğul, ata və həyat yoldaşı olub...  

- Tamamilə elədir... Çətindir bu gün onun haqda keçmişdə danışmaq... Ailədə sözün düz gəlmədiyi vaxtlar olur, amma Polad heç küsməyi belə bacarmırdı. Onun heç vaxt səsi çıxmazdı. Poladın səsi ancaq qapıdan girəndə uşaqlarla güləşən yerdə gəlirdi. Bizim aramızda mübahisə ancaq mənə görə olurdu. İndi yadıma düşəndə gülürəm. Heç vaxt mənə əl qaldırmayıb, səs tonunu artırmayıb. Çox mülayım insan idi. Poladla ailələrimizin məsləhəti ilə tanış olmuşuq. İkinci kursda oxuyurdum, ailə qurduq. İstəyirdim, magistraturanı bitirib Bakıda işləyim, amma alınmadı. Bir dəfə dərsdə oturduğum yerdə, pencərədən baxanda bir də gördüm o, gəlib. Çox gözəl və səliqəli görünürdü. Özü də, qış idi. Düşdüm, söhbət elədik, tanış olduq, amma elə ilk görüşdən ürəyimcə olduğunu hiss etdim. Çox fərqli insan idi. İşimi ailəmə qurban vermişəm və buna görə heç vaxt peşiman olmamışam. Nə yaxşı ki, işimi Polada qurban vermişəm. Qadın və həyat yoldaşı kimi bütün vəzifə borcumu yerinə yetirmişəm. İki il öncə çalışmaq qərarına gəldim, imtahan verdim, bal topladım və işə qəbul oldum. Şəmkirdə kənd məktəblərinin birində çalışmağa başladım. Bundan sonra necə olacaq bununla bağlı heç bir qərar verməmişəm.  

- Deyirlər ki, Polad Həşimov telefondan istifadə etməyib... 

- Bəli. Telefonu daimi istifadə etmirdi. Xidmətdə olub evə gələ bilməyən günlərdə yalnız evlə əlaqə üçün özü zəng edərdi, hal-əhval tutardı. Polad üçün əsgərin kimliyinin heç bir fərqi yox idi. Övlad, qohum, dostlardan belə çox hər zaman onun tabeçiliyində olan hərbçi və əsgərlər Poladın qayğısından yararlanıb.  

- Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamından sonra Polad Həşimovun adına Qəbələdə küçə verildi. Sizin Polad Həşimovla bağlı başqa arzunuz nədir?  

- Poladın adı verilən küçə adsız idi, bəzi informasiyalarda Həzi Aslanov küçəsinə Polad Həşimovun adının verildiyi bildirildi, amma bu tamamilə yanlış məlumatdır. Həzi Aslanovla Polad Həşimov küçələri kəsişir. Hər günün səhəri bu xəbəri eşitmək arzusunda oluruq mən və üç balamız. İstəyirəm və çox gözləyirəm ki, Polada Milli Qəhrəman adı verilsin. Polad Azərbaycan tarixinin bir səhifəsi yox, bəlkə də yüzlərlə səhifəsidir.  

- Bəs Bakıdakı yeni tikilən metrostansiyalardan birinə necə, generalın adının verilməsini istərdinizmi?  

- Polad – Azərbaycan tarixinin şanlı səhifəsidir. Niyə də olmasın?   

- Bu illər ərzində heç düşünürdünüzmü ki, həyat yoldaşınız Vətən uğrunda şəhid olacaq? 

- Xeyr. Səhər saat 6-da yuxudan oyanıb 7-də işə gedirdi. Bütün işlərinə qarşı çox məsuliyyətli olub. Bu isə birbaşa Vətən sevgisindən irəli gəlirdi. Çox təəssüf ki, bəziləri vətən ifadəsini dərk etmirlər. Sərhədin daxilində hər bir şey vətən deməkdir. Vətəni bütün mənəviyyatla dərk etmək lazımdır. Polad bütün nəfəsi, qanı və canı ilə bu Vətənə bağlı idi. Ermənilərə nifrət edirdi. Hər zaman deyirdi ki, onlar hiyləgər xalqdır. Məncə, onlar heç xalq da deyillər, onlar terrorçudurlar. Onların beyni ancaq ölüm haqda düşünür. Polad hər zaman deyərdi ki, “düşməninizi bilin və tanıyın”. Vəziyyət gərgin olanda dəfələrlə Polad isti yatağından qalxıb işinin başına keçirdi. Polad isti kabinetdə oturub işləri idarə edən komandir olmayıb. O, 25 il cəbhə bölgəsində xidmət edib. Bölgəni əzbər bilirdi, ona görə də ona böyük ehtiyac var idi. Çox təəssüf ki, Vətən bu cür insanı itirdi. Mənim və ailəmin yeganə istəyi Poladın intiqamının alınmasıdır. Poladın qanı yerdə qalmasın. O, qan yerdə qalsa biz rahat yaşaya bilmərik.  

- Oğullarınızın hərbçi olmasına razı olarsınızmı?  

- Biz onların sənət seçiminə heç vaxt qarışmamışıq. Düzdür, böyük oğlumuzun kompüterə həvəsi olub, atası da hər zaman ona bu istiqamətdə yardımçı olub, amma yenə də dediyim kimi çox qarışmırdı. Mən də qarışa bilmərəm. Gördüyüm kimi oğlumun hərbiyə marağı yoxdur. Bu həyətdə oğlunun toyunu etməyi arzu edirdi. Ümumiyyətlə, onlarla bağlı arzuları çox olub. Evimizi öz zövqünə uyğun hazırlayıb. Hər zaman deyirdi ki, burdakı çınar ağacının altında çay içəcəyəm, amma olmadı...  

- Fotonuzu çəkmək olarmı?  

- Xeyr, özünüzlə çəkdirək, amma fotomu içtimailləşdirməyin. Bu Poladın həyat prinsiplərinə ziddir. Mən onun bütün həyat prinsiplərinə sadiq qalacam. Polad məni yenidən yaratdı. Hər dəfə şüuraltıma hopdururdu ki, güclü olmalısan, dözümlü olmalısan. Cavab verirdim ki, məni güclü olmağa öyrətmə, dözümlü olmaq istəmirəm. Polad ömrünün 28 ilini hərbə həsr etmişdi, hətta elə ağır bölgələrdə xidmət etmişdi ki, həmin yerlərdə 1 il 3 ilə bərabərdir. Belə çıxır ki, onun xidmət yaşı özündən böyükdür. Yəqin xalqımız onun xatirəsini yaşadacaq. Bizə gələn gənc analara da deyirəm ki, övladlarınızın əlindən telefonları alın, evin bir divarına bayraq asın. Heç olmasa, bir neçə milli qəhrəmanımızın fotolarını divara düzün. Evin dizaynının dəyişəcəyindən ehtiyat etməyin. Ermənilər o qədər hiyləgər millətdir ki, bizim vətən sevgimiz önündə acizdirlər. Şəmkir məktəblərinin birində riyaziyyat müəlliməsi kimi çalışıram. Bir də şagirdlərimlə dərsdən çıxırdım. Hava yağışlı, palçıqlı idi. Gördüm yerə balaca kağız bayraq düşüb, tez götürdüm, cibimdən salfet çıxardb təmizlədim. Bununla mən onlara örnək oldum. Bayrağı sev deməklə deyil, bayrağı, xalqı, vətəni sevməyi öz timsalımızda göstərməliyik. Övladlarını böyütmək xüsusi çətin olmayacaq. Çünki onlar Poladın davamçılarıdır. Polad həmişə deyirdi ki, mən heç sənə bir boyunbağı da ala bilmədim. Mənim üçün əsas o idi ki, Polad məni daha mərd, cəsur, özgüvənli, insan kimi yetişdirdi. İstəyirəm oğullarımızın ürəyi Polad boyda olsun, məhz onun Vətən sevgisi örnək olsun və Poladın bu yolda davamçıları yetişsin.  

Müəllif: Ülkər Qasımova 
Qəbələ, Vəndam