"Eurovision"un ləğvinin ayağımın ağırlığı ilə əlaqəsi yoxdur" - Samirə Əfəndi ilə VİDEOMÜSAHİBƏ - FOTOLAR
    • 4-09-2020, 13:42
    • 1 865

"Eurovision"un ləğvinin ayağımın ağırlığı ilə əlaqəsi yoxdur" - Samirə Əfəndi ilə VİDEOMÜSAHİBƏ - FOTOLAR

Ənənəvi olaraq hər ilin may ayında keçirilən "Eurovision" mahnı müsabiqəsinin bu ilki 65 illik yubileyi koronavirus pandemiyası ilə əlaqədar olaraq təxirə salındı. 

Qaydalara əsasən isə ölkələrə növbəti il üçün yeni iştirakçı seçmək və ya bu ilki ifaçıların namizədliyini qüvvədə saxlamaq şansı verildi. Mahnılar isə mütləq qaydada dəyişməlidir. İllərdir keçirilən bir çox beynəlxalq tədbirlər kimi "Eurovision" tarixində də bu ilk idi.

Bəs, Azərbaycanı bu il sözügedən müsabiqədə təmsil etməli olan müğənni Samirə Əfəndiyə bu vəziyyət və müsabiqənin növbəti ilə təxirə salınması qərarı necə təsir edib? Bu və digər suallara cavab tapmaq üçün müğənninin özü ilə görüşüb söhbətləşmək qərarına gəldik. 

News24.az saytının bu dəfəki qonağı həm “Eurovision 2020”, həm də "Eurovision 2021" mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi Samirə Əfəndidir. 

-  "Eurovision" müsabiqəsinə kimi bir çox başqa beynəlxalq festivallarda da çıxışınız olub. Bu çıxışları "Eurovision"a gedən yolda təcrübə kimi qiymətləndirirsinizmi? 

-  Əslində düz qeyd edirsiniz. Özüm-özümlə söhbət edən zaman mənim də ağlımdan bu fikir keçib. Allah yolumu elə çızdı ki, bu mərhələlərə addım-addım gəldim. Özümə təcrübə qazandım. "Eurovision"a bir-iki yarışmaya qatılan, klipləri olan təcrübəsiz ifaçı kimi seçilmədim. Əminəm ki, gələn il “Eurovision” keçiriləndə özümü peşəkar kimi hiss edəcəyəm. Səhnədə hansısa çatışmazlıq olsa belə, onu tamaşaçıya çatdırmayacağam. Sənətçi səhnədə yıxılsa da elə bir obraz yaratmalıdır ki, sanki səhnəcik elə qurulub. Bu sənətçi üçün bir nömrəli qaydadır. Ona görə də düşünürəm ki, Allah mənə elə bir yol cızdı ki, uğur, təcrübə qazanaraq bəzən məğlub olaraq pillə-pillə gəldim. Ən əsası isə odur ki, özümə inanıram və necə insan olduğumu bilirəm. Bu da o deməkdir ki, sabah bəziləri kimi insanlara başqa formada yanaşmayım. Həyat hara gətirib çıxarsa da necə var idinsə, elə də qalmalısan.

                            

- “Eurovision”a seçilməyiniz, adınızın mahnı müsabiqəsində çəkilməsi şəxsi həyatınızda və karyeranızda nələri dəyişdi?

-  Sözsüz, tanışlar, dostlar artdı. Gözləmədiyim insanlar da məni sevməyə başladı. Mən hər kəsə yaxşı münasibət bəsləyirəm ki, qarşılığında da eyni münasibəti görüm. Bilmirəm nədən irəli gəldi, amma bəzi insanlar bilmirəm paxıllıq hissindən, yoxsa qəbul etmədikləri üçün məndən uzaqlaşdılar. Kimsə nə isə deməyə başladı. Amma sevinənlərin daha çox olması məni sevindirdi. 

-  "Eurovision" müsabiqəsinə hazırlanan "Kleopatra" mahnısı üçün klipin hansı hava şəraitində çəkildiyini bilirik. Çünki çəkiliş prosesinin kadr arxası görüntüləri yayımlandı. Məyus oldunmu? Çünki “Kleopatra” mahnısına və klipinə ümid çox idi. Hətta xarici dinləyicilər belə, bu il “Eurovision”da məhz Azərbaycanın mahnısı kimi ikinci mahnının olmadığını deyirdilər.

-  Bəli, yoxdur, olmayıb. Həqiqətən də birinciliyə layiq layihə idi. Ümumi bir iş idi. Əlbəttə ki, müsabiqənin ləğv olmasına məyus oldum. Amma nə etmək olar? Bu heç kimdən asılı deyil. Çünki pandemiyaya görə dünyada keçirilən bütün yarışlar, oyunlar təxirə düşdü. İnanıram ki, gələn il mahnımız güclü, "Kleopatra” qədər sevilən olacaq. 

- Samirə Əfəndinin hansı gizli vərdişi var?

- Sözsüz ki, hər kəsin hansısa bir çatışmazlığı var. Təbii ki, mənim də özümə görə vərdişlərim mövcuddur. Məsələn, gecə saat neçə olmasından asılı olmayaraq yuxudan ayılıb şirin çay içə bilərəm. Yəni, evdə həmin vaxt isti suyun, dəmin olmasının da fərqi yoxdur. Hazırlayacam, şirin çayı içib yenidən yatacağam. Son vaxtlar evdə çox vaxt keçirdiyim üçün bu vərdiş daha da artıb. Bu da məni narahat edir. Kökəlməyə çox meyilliyəm. Bu mənim ən şirin vərdişimdir. 


-  İllər əvvəl müsahibələriniz birində bildirmişdiniz ki, həyatınıza girmək istəyən şəxs sizin üçün qırmızı qar yağdırmalıdır. Həmin qarı yağdıran oldumu?

-    Yox, qırmızı qar yağdıran olmadı. Mən özüm də anlayıram ki, bu filmlərdə olan bir şeydir. İndiki zamanda hansı oğlan süni qar sifariş edib, onu qırmızı rəngə boyayıb mən olan yerə səpdirər? Artıq hamı hər şeyə real baxır. Amma yenə də bilmək olmaz. İnsanlar və düşüncələr fərqlidir. 

-    Həyatdır və nə gətirəcəyini bilmək olmaz. “Eurovision”a sizdən öncə də qatılanlar olub və onların bir neçəsi ailə həyatı qurub, sənəti atıblar. Gələcəkdə siz də belə bir addım ata bilərsinizmi? 

-    Sənətdən gedə bilərəm. Müsahibələr verməyə bilərəm, verilişlərə çıxmaram, amma mən səsimi çatdırmalıyam. Kənardan bir mahnı da olsa yazdırıb, dinləyicilərə çatdıra bilərəm. Tamamilə ifa etməməklə bağlı isə çox yaxşı düşünmək lazımdır. 

-    Bayaq festivallar barədə danışdıq. Həmin vaxt sizi təbrik edən, sizə dəstək verənlərin sayı çox oldu?

-    Yox, olmadı. Ancaq öz ətrafım, komandam və dostlarım təbrik etdi və dəstək verdi. Media tərəfdən isə o qədər də işıqlandırma olmadı. Mən bunları görürəm və bir az həyəcanlanıram ki, inşallah “Eurovision” yaxşı bir yer tutsam münasibət necə olacaq? Sözüsüz ki, üzüldüm, amma çox da üstünə getmədim. 

-    Paxıllıq nədən irəli gələ bilər?

-    Çox vaxt qadınlar məni sevmir. Mən isə əksinə qadınları sevirəm. Bəylər isə əksinə, çox hörmət, izzət və ehtiyatla davranırlar. Bunu onların özündən soruşmaq lazımdır. Deməli mən yaşayıram, varam ki, haqqımda danışa, düşünə bilirlər. 

-    Azərbaycan üzrə “YouTube” trendini izləyirsiniz? 

-    Xeyir.

-    Ümumiyyətlə, orada olanlardan xəbərdarsınızmı?

-    Bəzən xəbərim olur. Özüm də arada çaş-baş qalıram. Baxırsan ki, mahnılar hit olurlar. Amma əsər hazırlayırsan, insanları bir araya yığırsan və nəticədə heç toz da olmur. 

-    “Eurovision” ləğv olunanda sosial şəbəkə istifadəçilər yazırdı ki “Samirənin ayağı ağırdır”.

-    Bəd ayaq. Sənin ayağın elə bəddir ki, bütün dünyaya təsir elədi (gülür red.) Bu mənə görə olmayıb axı. Dünyada baş verən fəlakətdir. Hamının başına gəlib. Mənlik bir şey yoxdur, günahsızam. Əksinə mənə deyirlər ki, əlim, ayağım çox yüngüldür. 
-    Özünüzü aktrisa kimi də sınamısınız. Həmin sahəni bəyəndinizmi? 

-    O proses çox xoşuma gəldi. Amma eyni zamanda da səhər saat səkkizdən axşam səkkizə qədər bəzənmiş vəziyyətdə gözləyə bilərsən və nəticədə sənə çəkilişin olmayacağını deyə bilərlər. Mənim üçün yenilik idi. Düzdür, tamaşalarda rol almışdım, lakin böyük film ilk dəfə idi. Çox istəyərdim ki, daha da böyük layihələrdə yer alım. Türk filmləri də ola bilər.

-    Xarici filmlərdən təkliflər olubmu?

-    Türkiyədən təkliflər olub. Hətta oranın teatrından mahnılarını ifa etməyimi istəmişdilər. 

-    Sizcə efirlərdə çatışmayan nədir?

-    Səmimiyyət. Hər şey əzbərlənmiş, standart kimi olur. Misal üçün sən burda oturmalısan, stəkanı iki dəfə götürüb qoymalısan. Sonuncu dəfə aparıcı Samir Bayramlının qonağı oldum. Çox xoşuma gəldi. Rahat və pozitiv idim. 

Teymur Məmmədov
Video çəkiliş: Adil Ağayev
Video montaj: Fərid Şabanov