TƏHLÜKƏ - Yevlaxlıların həyatı bir qığılcımdan asılı qalıb - Fotolar
    • 11-07-2018, 17:17
    • 2 522

TƏHLÜKƏ - Yevlaxlıların həyatı bir qığılcımdan asılı qalıb - Fotolar

News24.az saytına növbəti şikayət daxil olub. Şikayətçi, Yevlax rayon Çənlibel qəsəbəsi sakini Şahin Kərimovdur.

Çənlibel qəsəbəsinin İsrafil Məmmədov küçəsində yaşayan sakinlərin adından müraciət edən Şahin Kərimovun sözlərinə görə, yaşayış evlərinin ətrafını qamışlıq basıb. Üstəlik ətrafda nə qədər çirkab suları və kanalizasiya varsa hamısı Axmaz adlanan bu ərazidə toplanır. Yayda üfunətdən baş çatlayır. Bu qamışlıq dönüb olur bütün Yevlax üçün malyariya xəstəliyinin mənbəyi. Bu bataqlığa bilmədən girən olsa batıb qalar. Azyaşlı uşaqların  canı təhülkə qarşısındadır. Bataqlıq böyüyərək artıq yaşayış massivinə qədər irəliləyib. Burda həyəcan təbili çalmağın zamnı keçir. Çünki, bir neçə ay bundan öncə ərazidə yanğın olub. Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlsələr də əraziyə daxil ola bilməyiblər. Yanğın, qəsəbə sakinlərinin köməkliyi ilə söndürülüb. Yolların bərbad olması yanğınsöndürən maşınların hadisə yerinə gəlişinə maneə yaradıb. 


Qəsəbə sakinləri öz gücləri hesabına yolları abadlaşdırmağa çalışsalar da istədikləri nəticəni ala bilmirlər. Qamışlıq ərazidə göllənib qalmış su yolları basır, yollar keçilməz hala düşür. Nəmişlik, rütubət qəsəbədəki evlərin hamısını bərbad vəziyyətə salıb.


“Ərazidən dəmir yolu xətti keçir. Kimsə vaqonlardan çölə siqaret atsa yanğın çıxa bilər. Necə gəldi çəkilmiş  elektrik xətləri az qala qamışlara toxunsun. Kiçik bir qığılcım yetər ki, ərazini yanğın bürüsün. Qamışlıq evlərimizə qədər gəlib çatıb. Yanğın olsa, bu bataqlıqda bir uşaq batıb ölsə buna kim  cavab verəcək. İcra nümayəndələrinin bizim problemimizə diqqət yetirməsi üçün gərək mütləq kimsə  can verə?” -deyə qəsəbə sakinləri şikayət  edirlər.


Şahin Kərimov bildirb ki, dəfələrlə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etsələr də, heç bir cavab  gəlməyib. Qəsəbə sakinlər birinci vitse-prezident Mehriban Əliyevaya və Fövqəladə Hallar Nazirliyinə də məktub göndəriblər.  FHN Yevlax Rayon şöbəsinin əməkdaşları əraziyə baxış kemirib həqiqətən təhlükəli vəziyyət  yarandığını təsdiq ediblər. Buna baxmayaraq rayon rəhbərliyi heç bir tədbir görmür.


Sakinlərin istədiyi budur ki, qəsəbəyə abad yol çəkilsin, kanalizasiya sistemi yaradılsın ki, buraya axıdılan  çirkab sularının qarşısı alınsın və qamışlıq sahə ləğv edilsin.


Məsələylə bağlı Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Şəhər icra başçısının birinci mavini Qənimət Qaraşovun sözlərinə görə, “Yevlax rayonunda suyun yenidən çəkilməsi layihəsi var.Lakin dövlət proqramında bu layihəylə bağlı maddi vəsait ayırmır. Əvvəllər bu layihənin dəyəri 103 milyon idi, indi yeni qiymətlərlə daha böyük vəsait tələb olunur . Layihəyə start verildiyində su, kanalizasiya xətləri yenidən tam bərpa olunacaq. Mingəçevirdən də bunun üçün bizə çıxış verilib sadəcə qalır vəsait ayrılması” 


Həmin ərazidə olan qamışlığın təhlükəli olması barədə fikrimizə Qaraşovun reaksiyası çox qəribə oldu: “O ərazidə uzun illərdir qamışlıq var. Nə qədər ki kanalizasiya xəttləri yenidən qurulmayub və həmin əraziyə kanalizasiya axıdılır,qamışlıq da olacaq. Yollara gəldikdə isə, həmin ərazidə olan yollar asfaltlanıb. Heç bir yol problemi yoxdur”-deyə qeyd edib. 


İcra başçısının müavininin sözlərinə görə,  Yevlax rayonunda ümumilikdə 40% ərazidə kanalizasiya sistemi var. 


Elvin Nüsrətoğlu